Medianews.az
London taksilərinə etiraz - Sərnişin nə ilə gedəcəyini özü seçməli deyil ki?
914 baxış

London taksilərinə etiraz - Sərnişin nə ilə gedəcəyini özü seçməli deyil ki?

Sentyabrın 10-dan Heydər Əliyev Beynəlxalq Hava Limanından paytaxta taksi sifarişlərinə məhdudiyyət qoyulub. Artıq aeroportdan şəhərə yalnız “London taksi”ləri ilə getmək, “Bolt Aeroport” tətbiqi ilə taksi sifariş etmək olur.

“Hələ bir dənə əsaslandırılmış fikrə rast gəlmədik ki, niyə bu cür qərar verilib?” – avto və texno bloqqer, radio aparıcısı Tural Yusifov (Dj Tural) Medianews.az-a açıqlamasında belə deyib.

Heydər Əliyev Beynəlxalq Hava Limanının sentyabrın 9-da yaydığı açıqlamada bildirilir ki, bu qərarın verilməsində əsas məqsədlərdən biri sərnişinlərə yüksək səviyyəli xidmət göstərmək və onların rahatlığını təmin etməkdir: 

“Sərnişinə yüksək xidmət dedikdə nəyi nəzərdə tuturlar? - Tural Yusifov soruşur. - Mən sərnişin olaraq nə ilə gedəcəyimizi özüm seçməli deyiləm ki? Və ya bu taksi sürücüləri kursa gedəndən, vergi ödəyicisi olandan sonra onların sərnişin daşımaq hüququ niyə məhdudlaşdırılır?

Süni taksi qıtlığı yaradıb hava limanında olan taksiləri seçmək məcburiyyətində saxlamaqla biznes olmur, cənablar. Sadəcə hava limanı taksiləri və digər taksilər üçün ayrıca yer ayrırsınız. Hər yerdə belədir. İstəyərəm London taksisi ilə gedərəm, istəyərəm Əhmədin maşını ilə. Özünüz yazdığınız qaydanı özünüz pozursunuz.

Məncə, səmimi olmaq lazımdır. Demək lazımdır ki: "Yoldaşlar, biz London taksisi gətirmişik. Amma bu biznesi idarə edə bilmirik. Menecmentimiz zəifdir. Hədəf kütləmizi, müştərimizi tanımırıq. CRM yox, marketinq yox, komunikasiya sıfır. Alınmır da bizdə. Biz də bu işi bilən meneceri işə götürmək istəmirik ki, investor qarşısında bu işi bilməyən kimi görünəcəyik. Ona görə inzibati güclərdən istifadə edərək süni ehtiyac yaradırıq. Daha sərfəli qiymətə gedənləri sıradan çıxardıb özümüzə müştəri tapırıq. Bunu da "müştərilərə qayğı" adı ilə bəzəyirik. Nə olar ki, bizim taksilərdən istifadə edəndə? 1000 manat verib Tiflisə uça bilirsiz, bizim taksiyə 20 manat vermək istəmirsiz? Bəs biz dolanmayaq?"

Medianews.az-a açıqlamasında Tural Yusifov vergi ödəyicisi olub, bütün icazə sənədlərinə malik taksi sürücülərinin yaşadığı problemləri də sadalayıb:

- sərnişin mindirib-düşürmək icazəsinin olmaması (taksi duracaqları azdır, əlverişsizdir və hələ də rəqəmsallaşmayıb; sifarişi edən sərniş dayanmağın qadağan olunduğu ərazilərdən sifariş verə bilir);

- taksi duracağında dayanmış sürücünün üzərində "taksi" yazısı olmamasına görə cərimələnməsi;

- sənədi olmayan, "mən burda doğulandan taksi kimi işləyirəm" deyənlər tərəfindən sıxışdırılması;

- hava limanından sərnişin götürə bilməməsi.

Nailə Qasımova,
Medianews.az

 

 

Bizə qoşulun