23.02.2025, 13:24
148 baxış
Azad
Azərbaycan üçün 23 fevral “ölüb”, “qırxı” da çıxıb, “ili” də...
“Dünən-bu gün sosial şəbəkələrdə, əsasən də “İnstagram”da reklam xarakterli “23 fevral – kişilər bayramı” kimi yazılar, çağırışlar gördüm. Bəzi restoranlar, mağazalar bu “özəl günü” qeyd etmək üçün reklamlar yerləşdiriblər. Açığı, çox acığıma gəldi, uzun illərdir ki, Rusiya imperiyası simvolları ilə beyinləri yuyur, “rus dünyasını” simvollarla yayır. Azərbaycanda belə simvolizmin yayılması qəbuledilməzdir”. Medianews.az xəbər verir ki, REAL Partiyanın sədri Natiq Cəfərli sosial şəbəkə hesabında belə yazıb.
Natiq Cəfərli daha sonra vurğulayıb: “Azərbaycan üçün 23 fevral günü 1990-cı ilin 20 Yanvarında “ölüb”, həmin günün tarixi “qırxını” 26 fevral 1992-ci ildə Xocalıda, “ilini” isə birdəfəlik 2024-cü ildə, “rusməramlıları” ölkəmizdən yola salanda vermişik.
İstənilən ölkənin suverenliyi bir tək qorunan sərhədləri, ərazi bütövlüyü, ordusu, milli valyutası, təhlükəsizlik orqanları, iqtisadiyyatı ilə bərqərar olmur, həm də ideologi təməllər üzərinə inşa edilir. Bu mənada yad ellərdən gələn simvolizm çox təhlükəlidir, qarşısını tək inzibati qadağalarla deyil, həm də ictimai müzakirələr, beyinlərə oturmuş dəyərlərlə almaq mümkündür".
Natic Cəfərlinin fikrincə, Azərbaycanda ideologiya ən zəif nöqtələrdən biridir: "Son 35 ildə isə ilk dəfədir ki, dünyada yenidən ideologi baxış, dəyərlər sistemi önə çıxıb, ölkələr, xalqlar, toplumlar, partiyalar, iqtidarlar coğrafi deyil də, ideoloji olaraq tanımlanmağa başlayırlar. Son 35 ildə dünya psevdo-liberal və aşırı sol dalğasında idi, bu dalğa senzura gətirdi, aşırı tənzimləməni önə çəkdi, insan haqq və azadlıqlarını malipulyativ alətə çevirdi – indi yeni trend başlayır, ölkələr və iqtidarlar, siyasi partiyalar artıq “coğrafi azarkeş” olmaqdan çıxıb öz dəyərlər kompleksini yaradaraq irəli getməyə çalışırlar. Bu yeni paradiqmada kiçik ölkələr artıq “coğrafi balans” əvəzinə, siyasi duruş göstərməlidirlər. Yəni, sözün qısası, “Qərbpərəst”, “Rusiyapərəst”, “Çinpərəst”, daha nə bilim nə pərəst artıq keçərli deyil, işləmir, indi ideologi olaraq sağ və ya sol daha önəmli hala gəlir, koalisiyalar belə qurulur-qurulacaq.
Azərbaycanda iqtidar sənədlərində sağ-mərkəzçidir, amma iqtisadi baxışları, qərarları soldur, dövlətin iqtisadiyyatda aşırı dominantlığı var, bu isə ciddi koqnitiv dissonans yaradır. Digər siyasi partiyaların da əksəriyyəti kağız üzərində sağ-sağ mərkəzdir, amma ritorikaları tezisləri qarmaqarışıqdır – partiya sədri var ki, özünü niyəsə müxalifət sayır, gün başlayanda deyir maaşları artırın, günün sonun isə söyləyir ki, vergiləri azaldın. Belə yanaşma “siyasi intihardır”, bunu anlamaq lazımdır, düşük populizmi siyasətin kənarına itələmək zamanı çatıb...”