Bu gün TƏBİB-in və bir sıra tabeli tibb müəssisələrinin rəhbər heyətinin, eləcə də media nümayəndələrinin iştirakı ilə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsinə, optimallaşdırılmasına dair brifinq keçirilib.
Medianews.az xəbər verir ki, “2024-2026-cı illər üzrə TƏBİB-in Kommunikasiya Strategiyası”nın müvafiq bəndlərinə əsasən təşkil olunan brifinqdə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təşkilinə dair videoçarx nümayiş olunub, həyata keçirilən yeniliklər və tətbiq olunacaq innovativ dəyişikliklərlə bağlı təqdimatlar olub.
TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanov brifinqdə çıxışı zamanı təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində
həyata keçirilən institusional islahatlardan danışıb. Qeyd edib ki, keyfiyyətli, əlçatan təcili və təxirəsalınmaz tibbi yardım xidmətini təşkil edə bilmək üçün ambulansların və müvafiq olaraq briqadaların sayı əhali sayını nəzərə almaqla optimallaşdırılır. TƏBİB-in İcraçı direktoru İnnovasiya və Təchizat Mərkəzi tərəfindən cari ilin 17 sentyabr 2024-cü il tarixində “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri”nin satın alınması məqsədilə dövlət satınalmalarına başlanıldığını qeyd edib. V.Qurbanov çıxışı zamanı həmçinin cari ilin 9 ayı ərzində təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə daxil olan müraciətlərin sayı barədə də məlumat verib.
TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin yaradılması və fəaliyyəti haqqında" təqdimatla çıxış edib. O, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə 2024-2025-ci illər üçün inkişaf planı və
xidmətin əlçatanlığının artırılması üzrə görülən işlər barədə danışıb.
TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC-nin Proseslərin idarə edilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Vüqar Ramazanov isə çıxışında təcili tibbi yardımın
iş prosesinin rəqəmsallaşdırılması istiqamətində önəmli addımlar atıldığını diqqətə çatdırıb. Bildirib ki, nəzərdə tutulan yeniliklərə əsasən vətəndaşlar tərəfindən çağırışların müxtəlif üsullarla həyata keçirilməsi ilə bağlı innovativ imkanlar yaradılacaq.

Brifinq media nümayəndələrinin aidiyyəti üzrə suallarının cavablandırılması ilə yekunlaşıb.
Xatırladaq ki, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Bu tədbirlərin davamı olaraq, "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanını və Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 01 may tarixli Fərmanı ilə təsdiq edilmiş "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" Nizamnaməsindəki bir sıra bəndləri rəhbər tutaraq TƏBİB Müşahidə Şurasının qərarı ilə "Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası", "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" və "Təcili Yardım Avtobazası" birləşmə şəklində yenidən təşkili yolu ilə "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" yaradılıb.
Nihat TAHİROV