“Mən bir planet tanıyıram, orada qırmızısifət bir cənab var. O, ömründə gül iyləməyib, heç zaman heç bir ulduza baxmayıb, heç vaxt kimsəni sevməyib, rəqəmləri cəmləməkdən başqa heç bir məşğuliyyəti olmayıb”.
(Ekzüperi, “Balaca şahzadə”)
Bu boyda mərəkəyə, karantinə, dünyanın qarışmasına-filana baxmayın, bizim ölkədə dəyişilməz dəyərlər vardır. Adamı sevindirən budur. Ulduzlar qopub yerə düşsün, qalaktikalar kəlləmayallaq olsun, yenə bizdə sabitlik olacaqdır. Yox, məqsədim ictimai-siyasi sabitliyimizi öymək deyildir, maşallah, bunu min dəfə yaxşı bacaranlar var, olub, olacaqdır. Mən mənəviyyatımızdakı stabilliyi nəzərdə tuturam.
Örnək üçün, bizim mətbuatda belə qəribə adət var, hər ilin müəyyən vaxtlarında jurnalistlər zəng vururlar idarəyə, ordan millətin uşaqlarına hansı adları qoyduğunu dəqiqləşdirirlər. Mənim ağlım kəsəndən o statistikada heç bir dəyişiklik yoxdur. On illərdir, Azərbaycan xalqı oğlan uşaqlarına eyni adı qoyur, həmçinin qız uşaqlarına eyni ismi-şərifi yapışdırır. Əlbəttə, bunun heç kimə dəxli yoxdur, uşaq bilər, yiyəsi bilər. O üzdən mən burda həmin rekordçu adları təkrarlamıram, istəyən özü tapıb öyrənər (guya çox vacibdir). Hər halda, mən fikirləşirdim, bəlkə, bu il fərqlilik olar, populyar ad dəyişər. Dəyişməmişdir. Halal olsun. Məhz buna görə müdriklər vaxtında müstəqilliyimizin əbədi olacağı qənaətinə gəlmişdilər.
İstəyirsən, evdə otursun, istəyirsən, çayxanada toplaşsın, toy çaldırsın, ya sərt karantində saxlansın – uca millətimizin daxili aləminə hansısa təsiri yoxmuş. Fantaziya elə həminkidir.
Söz düşmüşkən, deyəsən, bunu Napoleon fransız xalqı haqda söyləyibdir: “Əgər bir xalqın 200-dən çox pendir növü varsa, o xalqa qalib gəlmək çətindir”.
İzahı belədir ki, pendirin çoxlu növləri kəndlilərin xəyal qurmaq qabiliyyətinin, arzularının rəngarəngliyindən xəbər verir və bir xalqın kəndlisində o cür fantaziya rəngarəngliyi olarsa, gör yaradıcı kəsimində, elitasında, siyasi rəhbərliyində nələr baş verər. Əlbəttə, yaşasın “lülə, tikə, basdırma”…
SSRİ-də yaşayanlar “Litsedey” kloun teatrını yaxşı xatırlamalıdır. Onların “Assisay”, “Nizya” və sair tamaşaları keçən əsrin 1980-ci illərində ekranlarda insanların üzünü güldürən azsaylı əsərlərdən olardı.
Bugünlərdə teatrın rəhbəri Slava Poluninin 70 yaşı oldu. Çoxdandır, müxtəlif xarici ölkələrdə yaşayır, çalışırmış. Hardasa 10 ilə yaxındır, Paris yaxınlığında, meşə kənarında bir ərazidə, “Dəyirman” adlı yerdə məskunlaşıblar. Orada açıq hava altında teatr kimi bir yer düzəldiblər. Bostan əkirlər, ərazini sel basanda suyun içində üzürlər, fransızlardan kim istəsə gəlib bu “zırramalara” (Polunin “Səfehlər akademiyası” adlı bir qurum yaradıbdır, dünyanın neçə ünlü sənətçisi bunun üzvüdür) baxa, qoşula bilər.
Bunu niyə xatırladım?
Uzun illərdir, Bakıda keçmiş jurnalist, bir müddət “Yeni Müsavat”da da çalışmış Elmin Bədəlovun “Ado” müstəqil teatrı (qabaq adı “Oda” idi, məncə gələcəkdə teatrın “Ədə” adlanmaq ehtimalı da var – maraqlı kültür metamorfozu alınardı) küçə tamaşaları vermək istəyir, lakin dövlətin müxtəlif qurumları teatrla top kimi oynayırlar. Mədəniyyət Nazirliyi Bakı ŞİH-in üstünə atırdı, ŞİH məhkəməyə, məhkəmə harasa. Artistə mütrüb, klouna təlxək deyib ələ salan və alçaltmaq istəyənlər mühitində başqa nə gözləyə bilərik? Bir klounun (lap elə təlxək olsun) rayonlarımızdan hansındasa, misal üçün, Suqovuşanda şəxsi teatr, sirk-şapito qurub yaşadığını təsəvvür etmək belə mümkün deyil.
Fantaziyaları zorla boğmaq, “karantində” saxlamaq faydasızdır, ağır nəticələr verir. Millət deqradasiyaya uğrayır, onun köləliyi artır. Qullarla çağdaş dünyada bir yerə varmaq olmaz.
Yaşamaq boz və mənasız olanda insanları ölüm qorxusu ilə də nəyəsə inandıra bilmirsən, həmişə deyəcəklər: “Əşşi, hamısı oyundur”. Oyun görməyiblər axı! Sən imkan ver, onlar əsl oyunları görsünlər.
O cümlədən kimsə o qərargaha başa salsın ki, Kütləvi İnformasiya Vasitələrini də ikigünlük sərt karantinə salmaq, əslində, xalqı iki günlük informasiya blokadasında qoymaqdır. Sən mənim əl-ayağımı bağlayırsan, sonra deyirsən, get, camaata de ki, onları fəlakət gözləyir. Çox “düşünülmüş” qərardır.