Prezidentin bu addımını müxalifət təmsilçiləri təqdir etdi; Cümhuriyyətin banisinin 130 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq
Azərbaycan respublikasının prezidenti İlham Əliyev tarixə keçəcək bir sərəncam imzalayıb. Musavat.com AzərTac agentliyinə istinadən xəbər verir ki, həmin sərəncam Azərbaycan Cümhuriyyətinin banisi, Müsavat Partiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlıdır. Sərəncamda deyilir:
“2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.
Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2013-cü il. “
****
Müsavat.com-un müxbiri bu sərəncamla bağlı bir neçə tanınmış müxalifətçinin fikirlərini alıb. Onların demək olar ki, bu sərəncama müsbət yanaşıblar. AXP sədri, sabiq baş nazir Pənah Hüseyn bildirib ki, bu sərəncamın mətni ilə tanış deyil:
“Amma təbii ki, Rəsulzadənin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi qərarını müsbət hadisə sayıram”.
“Prezidentin bu sərəncamı demokratik düşərgəyə, Rəsuzadə sevərlərə bir jest kimi qiymətləndirilə bilərmi” sualına P.Hüseyn “mən bundan uzağa gedən nəticələr çıxarılmasının tərəfdarı deyiləm” – deyə cavab verib.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu musavat.com-a açıqlamasında bildirib ki, prezident tərəfindən belə bir sərəncamın imzalanması çox gözəl bir addımdır və o, dövlət başçısının bu jestini təqdir edir. R.Arifoğlu əlavə etdi ki, Məhəmməd Əmin Rəsulzadə ümummilli dəyərdir: “Onun tərtib etdiyi və ucaltdığı bayraq Azərbaycan iqtidarının və müxalifətinin başı üstündədir, bütün azərbaycanlıların da ürəyindədir. Onun 130 illik yubileyini keçirtməklə bağlı prezident İlham Əliyevin bu addımı bütün azərbaycansevərlər və Rəsulzadə tərəfdarları üçün ciddi anlam daşıyan hadisədir”.
Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli də virtualaz.org-a açıqlamasında İlham Əliyevin bu sərəncamını müsbət qiymətləndirdiyini dedi:
“Belə bir sərəncam verilibsə, bu, çox müsbət haldır. İnanıram ki, bu sərəncam kağız üzərində qalmayacaq və ölkədə Məhəmməd Əmin Rəsulzadənin adına layiq yubiley tədbirləri keçiriləcək. Azərbaycan tarixinin qiymətləndirilməsi baxımından Rəsulzadənin təbliğinə dair tədbirlər həyata keçirməlidir”.