Taleyin gərdişinə bax, “Yeni Müsavat” qəzeti 24 yaşının düz tamamında, əbədiyyən göyə ucaldılmasında müstəsna xidməti olduğu üçrəngli Dövlət Bayrağı günündə çapını dayandırdı. Bir ölkənin ən tirajlı qəzeti məmuriyyətin və yaxud ona göstəriş verənin iradəsi əsasında bağlanırsa, o ölkədə demokratiyadan, təməl azadlıqlardan, ümumbəşəri dəyərlərdən danışmaq təbii ki, demokratiya adına söyüş, ən yaxşı halda karikatura olar.
Əslində 9 oktyabr tamaşasından sonra baş verənlər xeyli məntiqli görünür. Amma ölkə başçısı İlham Əliyev cəmi bir neçə gün öncə Bakıda, demokratiya, insan haqları, humanizm adına keçirilən beynəlxalq konfransda dünyada azad sözün gücünə və roluna toxunaraq demişdi ki, artıq mətbuat “dördüncü” yox, “ikinci hakimiyyət”dir.
Hanı bəs? Məntiqlə Azərbaycan da azad dünyanın tərkib hissəsidirsə, niyə bizdə mətbuatı 20 ildir heç “beşinci hakimiyyət” olmağa da qoymurlar? Nə üçün 20 ildir Azərbaycanda “dördüncü hakimiyyət” vaxtaşırı “üçüncü hakimiyyət”in – məhkəmələrin əli ilə cəzalandırılır, ona yüksək məbləğdə, ödəniləsi mümkün olmayan cərimələr kəsilir, azad jurnalistlər oğurlanır, linç edilir, öldürülür, vətəndən didərgin salınır, fəqət heç vaxt günahkarlar “tapılmır”?! Cinayətkarların azadlıqda gəzdiyi, hətta yüksək dövlət postları tutduğu, günahsızların dəmir barmaqlıqlar arasına salındığı ölkə sivil, mədəni, demokratik sayıla bilərmi? Bəs belə ölkənin sükanı arxasında duranlar?..
Bu məmləkətdə az qala uşaq da bilir ki, azad mətbuata, müstəqil qəzetlərə onu bağlanmaq həddinə gətirən basqılar barədə əmr hansı ünvandan gələ bilər. Bunu beynəlxalq demokratik ictimaiyyət, mötəbər insan haqları təşkilatları da bilir, yenə biləcək. Və təbii ki, qəzetimizin qurucusu və baş redaktoru Rauf Arifoğlu da durumun yaxşı fərqindədir. Elə bu səbəbdən o, tam doğru olaraq ən birinci dövlət başçısına müraciət ünvanladı. Həmçinin, bir test olaraq.
Çünki məntiqlə qəzetin satışını yasaqlamaq göstərişi cənab İlham Əliyevdən gəlməyibsə, belə bir qərar Azərbaycana, onun onsuz da korlanmış beynəlxalq imicinə, mətbuata qənim kəsilən hansısa bərkgedən oliqarxa məxsusdursa, onda buyursun, oliqarxını yerində oturtsun. Axı, təkrar edirik, söhbət təkcə bir-iki qəzetin bağlanmasından getmir.
Amma əfsuslar olsun ki, nə müraciət, nə də qəzet rəhbərliyinin vəziyyəti düzəltmək yönündə göstərdiyi çoxsaylı intensiv cəhdlər hələ ki, nəticəsizdi. Sual çıxır ortaya; neçə həftədir bu problem gündəmdədir. Ölkədə hər bir siyasi, sosial olaydan xəbərdar olan prezident bu boyda məsələdən bixəbər qala bilərmi? İnandırıcı deyil, məntiqlə bu, məmuriyyətin özfəaliyyəti deyilsə, elektron medianı diqqətlə izləyən birinci şəxsin rüsxəti ilə artıq düzəldilməli idi.
Həm də o səbəbə ki, “Yeni Müsavat”ın öz çapını dayandırmsına gətirən basqı 9 oktyabra prezident seçkilərindən dərhal sonra start götürüb. Yəni bunu hamı sövq-təbii iqtidar namizədinin adına, onun müstəqil qəzetlərə qarşı seçkilərlə bağlı mümkün qəzəbinə bağlayır. İndi şans yaranıb ki, bu rəyi prezident dağıtsın və “mətbuat düşməni”, “Yeni Müsavat” düşməni olmadığını, əksinə, “Jurnalistlərin dostu” olduğunu, mətbuatı həqiqətən “dördüncü hakimiyyət” saydığını təsdiqləsin.
Başqa variant yoxdur. Başqa halda dünya Azərbaycanda seçkilərin 9 oktyabrda saxtalaşdırıldığına növbəti güclü dəlil əldə edəcək, seçkilərlə bağlı yekun hesabata isə hakimiyyət əleyhinə sərt tənqidlərlə dolu daha bir bənd əlavə ediləcək, iqtidar daha güclü qınaq hədəfinə gələcək. Bunu hesablamaq üçün siyasətçi, analitik olmağa lüzum yox ki. Məntiqlə ölkə başçısına bu, lazım deyil. Məntiqlə…
Gəlin, başımızı ağrıtmayaq. Malisəf, hakimiyyətin hərəkətləri çoxdan məntiq qanunları çərçivəsindən çıxıb. Keşkə, bircə dəfə yanılaydıq. Əvəzində isə heç olmasa, demokratiyanın sonuncu adacıqlarından olan müstəqil qəzetlər varlığına davam edəydi; ən ümdəsi, Şərqdə ilk demokratik cümhuriyyət, həqiqi çoxpartiyalı parlament quran Azərbaycan xalqı Şimali Koreya, Suriya aqibətindən uzaqlaşaydı. Keşkə…