90-cı illərdə yol polislərimiz xüsusilə aktiv idilər, magistrallarda xırda-para korrupsiyanın şıdırğı vaxtlarıydı. İndi maşallah, vəziyyət əladır, axırıncı korrupsioneri də AXC-Müsavat cütlüyü ilə birgə tarixin arxivinə gömmüşük. Bu mənada təzəlikcə bir xarici təşkilatın Azərbaycanda korrupsiyanın inkişafı haqda hesabat yayması anlaşılmır. Açığı, indi verməyə camaatda pul da qalmayıbdır. Necə deyərlər, istəyənin bir üzü qara, verməyənin iki.
Nəsə, bax, həmin 90-cı illərdə Rusiyada reketlərin, quldur dəstələrinin aktiv vaxtları idi. (Sonradan hakimiyyətə gəldilər, elənçik xırda, çirkli-qryaznı işlərdən aralaşdılar). Bir dostumuz maşın tutub Rusiyadan Bakıya mal gətirmişdi, yolda bir-iki dəfə reketlərin “haqqını” vermişdilər. Dostumuz rus sürücüyə deyibmiş ki, arxayın ol, Azərbaycanda belə reketlərin kökü kəsilib. Yalamadan girirlər əraziyə, Bakıya çatana qədər yol polisləri bunları bəlkə 10 dəfə saxlayıb soyur. Paytaxtda urus bizim yoldaşa deyir ki, yazıq reketlər harda dursunlar, bu marşrutda bir boş yer yoxdur axı.
MTN-dəki quldur dəstəsinin məhkəməsi haqda ara-sıra xəbərlər çıxdıqca mən o söhbəti xatırlayıram. Misal üçün, general Sübahir müəllimin adamları bir dəfə telefon danışığına qulaq asıblar, eşidiblər bir oğlan valyuta dəyişmə məntəqəsinə 300 min manatdan çox pul aparıb dollar almaq istəyir. Oğlan yazıq nəsə balaca biznes quracaqmış, xaricdən iki yük avtomobili almaq üçün buna dollar lazım imiş. Ümumiyyətlə, Eldar müəllimin idarəsi bu işin mükəmməl mexanizmini qurubmuş: azca pulu, obyekti olan hər bir kəs uçota alınır, gizlicə və qanunsuz dinlənilirmiş. Pul söhbəti olan kimi tələ işə düşürmüş.
Uzun sözün qısası, bu qardaş da eksçeyncə girib pulu dəyişmək istədiyi anda qara maskalı əməliyyat dəstəsi tökülüşüb üstlərinə. Hay-küy, yerə uzan, ayə qoyma qaçdı, qapını tut, pəncərəni qır, tüstü burax və sairə. Tam bir terrorist yaxalama səhnəsi. (Əslində avtoritar sistemlərdə müstəqil dolanışıq quran hər bir iş adamı rejim rəhbərliyi tərəfindən terrorçu sayılır, çünki sistemin kökünü – qorxuya tabe olmağı sarsıdırlar, azadlıq yayırlar). Aparıblar MTN-ə soyub buraxıblar – əhvalatın ardı qısaca belədir.
Ancaq sən indi həmin dövrün kriminal hesabatlarına, cinayətlərin açılması-zadı statistikasına baxsan görərsən ki, bizdə ideal dövlətçilikdir, sabitlikdir və sairə. Çünki belə soyğunçuluq hallarının heç biri sənədləşməyib, qeydə alınmayıb. Köhnə tarixlə qeydə alsaq nə olacaq? Heç nə.
Keçək Trampa. Əslində bu dəqiqə ən rahat temadır – adamı buna görə danlayan olmur.
Bir-iki həftə qabaq bir Amerika qəzeti yazmışdı ki, Tramp Dağlıq Qarabağ münaqişəsini həll eləsə Nobel sülh ödülünü almağı mümkündür. Sən saydığını say… İndi Tramp Amerikanın özündə çoxlu “Dağlıq Qarabağ” münaqişələri yaratmaq üzrədir. Belə sülh quşu olar? Hərçənd, müharibənin tarixi göstərir ki, bizim Dağlıq Qarabağ ətrafındakı sülh quşlarının hamısı elə mahiyyətcə quzğunlar olublar. Rusu, amerikalısı, fransızı, italyanı, farsı… – elə hamısı. Hamı bu davanı daha çox qızışdırmağa gəlib.
Ancaq Amerika qəzetinin (deyəsən Vaşinqton Post idi) yalan yazması elə öncədən bilinirdi. Ona görə ki, Dağlıq Qarabağ münaqişəsini bizim yapist iqtidar onsuz da həll edibdir, bizim xeyrimizə! Bu dəqiqə bütün xalq Cocuq Mərcanlı Muxtar Vilayətinə qayıdır, Tramp nəyi həll edəcəkdi ki? Yaxşı olar xarici müxbirlər bizim AzTV-yə abunə olsunlar, dünyada baş verənləri öyrənsinlər. Çaşıb Almaniyaya getməsinlər, ora bu saat dağılır. Yaponiyanı da İbrahim müəllim götürüb aparandır, qaytarıb yerinə qoymayıb, yazıq yapon xalqı Sakit okeanda sərgərdən qalıbdır.