ABŞ-da növbəti prezident seçkisinə 1 ay qaldı. Düz bir ay sonra bəllim olacaq ki, neçə vaxtdır qanlı münaqişələrlə, xüsusən də Suriyadakı daxili müharibə ilə silkələnən dünya təhlükəsizlik sistemi hansı səmtə dəyişməyə meyllidir. Bu seçkini əvvəlkilərdən fərqləndirən əsas özəllik də elə onun Rusiya-Amerika münasibətlərində kritik bir dönəmə təsadüf eləməsi ilə bağlıdır.
Artıq namizədlərin seçki kampaniyası da bütünlüklə bu imperativin güclü təsiri altında gedir və yəqin ki, onunla da başa çatacaq. İmperativ isə əlbəttə ki, sabah 64 yaşını qeyd edən Rusiya lideri Vladimir Putindən gəlir. Odur ki, böyük ehtimalla, amerikalıların seçiminə həlledici təsiri iqtisadi, sosial-humanitar amillərdən çox, məhz Putin faktoru göstərəcək.
Seçki günü yaxınlaşdıqca, bu amil nəinki namizədlər HillariKlinton və DonaldTramp arasında, həmçinin onların potensial vitse-prezidentləri arasında keçirilən debatlarda aparıcı mövzuya çevrilib. Bu da məntiqlidir, çünki Rusiya və onun hazırkı rəhbəri təkcə Yaxın Şərqdə, Suriyada deyil, bütövlükdə dünyada sülhə əsas təhdid hesab edilməyə başlayıb.
Xüsusən də son həftələr və günlər Moskvanın Bəşər Əsəd rejiminə hərbi-siyasi dəstəyi gücləndirməsi dinc sakinlər arasında itkiləri xeyli artırıb, Suriya böhranını bir az da dərinləşdirib. Bu üzdən ABŞ-Rusiya münasibətləri çoxdan müşahidə edilməyən böhrana girib. Hətta təhlilçilərdən biri indiki vəziyyəti “Karib böhranı” ilə müqayisə edib.
Xatırladaq ki, o zaman ABŞ-la Rusiya nüvə müharibəsinin bir addımlığına gəlib çıxmışdı. Yəni Putin hazırda ovaxtkı sovet lideri, impulsiv NikitaXruşşovun yerindəki kimi görünür. Bəs budəfəki böhrandan necə, çıxmaq mümkün olacaqmı?
Dünyanı düşündürən əsas suallardan biri indi budur. Ancaq belə görünür ki, bu dava Putinlə ABŞ-ın yeni prezidenti səviyyəsində öz həllini tapacaq – əgər o da tapacaqsa.
KlintonunPutinə münasibəti bəllidir. O, prezident olarsa, şübhə yox ki, rusiyapərəst sayılan Trampdan fərqli olaraq, Vaşinqton Moskva ilə münasibətlərdə sərt yolu tutacaq.
Bəzi analitiklərə görə, yeganə doğru yol elə budur, ona görə ki, Moskva yalnız qarşısında real güc gördükdə geri çəkilir, güclə hesablaşır. Çünki özü də xarici siyasətdə qaba güc taktikasına, hərbi ritorikaya, hədə və şantaj kursuna üstünlük verir. Postsovet məkanımda onun öz yaxın qonşularına münasibətdə yürütdüyü siyasətə nəzər salmaq yetər.
Demək, ABŞ-ın yeni prezidentinin Kremlə qarşı “pazı pazla çıxarmaq” siyasəti bu və ya digər şəkildə postsovet ölkələrinin taleyində də izsiz ötüşməyəcək. Başqa sözlə, əgər ABŞ Suriya məsələsində Rusiyanı öz yerində oturtsa, bu, keçmiş SSRİ ərazisindəki konfliktli məsələlərə də öz təsir göstərəcək. Həmin konfliktlər üzərində Moskvanın dominant rolu zəifləmiş olacaq.
Rusiyada əlbəttə, bunu yaxşı bilirlər. Odur ki, Moskvanın Suriya məsələsində sonadək dirəniş göstərəcəyi şübhə doğurmur. İstisna deyil ki, başqa münaqişələrdəki rolunu da gücləndirmək üçün Rusiya ABŞ-da seçkilərin yaratdığı boşluqdan (“müvəqqəti hakimiyyətsizlik”) istifadə edib, bu arada – seçkilərə qalan bir ayda yeni təxribatlara getsin – ən azından Trampın şansını artırmaq üçün.
Hər necə olmasa, Klinton siyasi mövqeyi və baxışları bəlli birisi olsa da, Tramp hələ ki “bağlı boxça”dır, proqnoz edilməyən, ən önəmlisi, siyasi təcrübəsi olmayan şəxsdir. Moskva üçün belə birisi ilə “işləmək” qat-qat sərfəli və rahatdır.
Nəhayət, Kremli ABŞ-dakı seçkiöncəsi təxribata sövq edən daha bir motiv Rusiyada daxili iqtisadi-sosial durumun ağırlaşmaqda davam eləməsidir. Belə vəziyyətlərdə daxili ictimai diqqəti xarici amilə (təhlükəyə) yönəltmək isə avtoritar liderlərlərin sevimli taktikasıdır.