“Bu yaz Oğuz torpağında
Qaratikanlar sıx bitdi, qarağaclar seyrək,
Yalıncığı niyə öldürmədin, Beyrək?!”
(Səməd Qaraçöp-ün şeirindən)
Bir alim var xaricdə, kitab yazıbdır, orda iddia edir ki, insanların cinayətkarlığa meyli ilə… yaşadıqları ərazidəki yaşıllıq arasında böyük əlaqə vardır. Adını da “Savanna effekti” deyə bir şey qoyubdur. Deyir yaşıl meşələri, parkları, ağacları olan ərazilərdə insanlar qəlbən sakit olur, rahat yaşayır, cinayət törətməyə meyllənmir. Bunun köklərini təkamül nəzəriyyəsinə bağlayır. Heyvanlar meşələrdə gizlənib ovunu güdəndə rahat olurdular. Eləcə də insanlar yaşıllıqda özlərini təhlükəsiz hiss edir, əsəbləri sakit olur, cinayət törətmirlər.
Doğrudan da Yer kürəsində meşə zolaqları olan ərazilərdə insanların dinc yaşamasını görə bilərik. Ancaq SSRİ vaxtı Yaxın Şərq, indi isə qardaş Türkiyə kimi Orta Doğu dediyimiz bölgəyə diqqətinizi yönəldin. Bəlkə 2 min ildir burda torpaq ancaq qanla suvarılır. O bunu öldürür, bu onu partladır… Hərə də əlinə bir kitab alıb düşüb ortalığa. Əgər ərazidə çoxlu meşəliklər olsaydı bu vəziyyət çətin yaranardı. Açıq relyef, düzənlik, səhralıq genişlik təsəvvürü yaratdığı kimi, o genişliyi zəbt eləmək hissi də doğurur.
Ümumiyyətlə, ağacların nəsə bizim anlamadığımız bir hissiyatı olduğuna şəxsən mən inanıram. Hətta birbaşa küsən bitki var, yəqin çoxunuz görmüsünüz, əlini vurursan yarpağına, yığılır, qapanır özünə. Bir Hollivud filmi də var bu temada, ağaclar insanlara hansısa maddə üfürürlər, bundan sonra insanlar hamısı intihar eləməyə başlayır. Əsl yapistlərin malıdır, çünki orda filmin qəhrəmanlarından biri tapır ki, xilas yolu tək-tək gəzməkdir. Əgər insanlar bir yerə çox toplaşıb, necə deyərlər, ağacların istirahət hüququnu pozaraq qanunsuz piket və mitinq keçirirsə ağaclar qazı buraxıb onları məhv edirlər. YAP-ın emblemindəki ağac budağı burdan irəli gəlir.
Dünən Tovuz rayonundan başqa bir möcüzə ağacın videosuna baxdım, konstitusiya referendumu, Türkiyədə darbə-zad belə yadımdan çıxdı. Təsəvvür elə, yayın ortasında alma ağacının bir budağında almalar yetişirdi, o biri budağı isə çiçək açmışdı! (Bəlkə üçüncü budaqdan saz assan ağac saz da çalardı, belənçik fövqəladə qabiliyyətli ağac idi. Bizdə insanlar vardır, ələ su tökməyə də yaramır, soxum elələrinin boyunu yerə, bəlkə bitib kal armuddan-filandan gətirərlər. Əlbəttə, yazımızın məqsədi bu deyildir).
Jurnalist ağacın yiyəsini hadisə yerində – almanın dibində danışdırırdı, kəndli qardaşımız orda bu möcüzəyə belə izah verdi, dedi bütün bağı sulayanda bu ağacın dibinə su çatmırdı. Ona görə ağac meyvə gətirə-gətirə gələn ilki çiçək planını da indidən doldurub ki, bu adama etibar yoxdur, bəlkə heç bir il mənə su vermədi. Sitat: “Həmin ağac, suvarılan hissəyə o qədər də yaxın deyil. Suvarma ora tam çatmır. Ona görə də bu bitki tez bar verməklə, öz funksiyasını başa vurmağa çalışıb”.
Halal olsun. Sonra da gopa basırlar guya insan yaradılanların şahıdır, əşrəfidir, ən son modeldir və sairə. Yalansa hamımız təzədən palçığa dönək (ateistlər meymuna dönsün). Biz insanların o alma ağacının budağındakı qədər qeyrətimiz, kamilliyimiz yoxdur. Yay girəndən “Azərsu” bizimlə mırt tutmaqla məşğuldur. Gah bir həftə suyumuz olmur, gah 4 gün. Ailəlikcə gecə-gündüz su krantının başında qarovulda dururuq, çünki suvuran dayday əhli-kefin birisidir, bəzən gecə saat 3-də, bəzən bazar günü səhər saat 7-də suyu anbardan vurur, bəzən də anbarı bağlayıb hovuzunda çimir. Yarım saatlıq qrafikdir, kim motoru birinci işə salsa suyu tutur, qalanları mələşirlər. Ancaq mən indiyə qədər bir dənə də çiçək açmamışam! Qonşularımız da həmçinin. Bəs harda qaldı bəşəriyyətin analoqu olmayan inkişafı? Deməli bunlar hamısı hökumətin statistikası kimi uydurmalardan ibarətdir.
Düzdür, bir ara uşaqlar məktəbdə su çiçəyi olub evə gəlmişdilər, ancaq bu da almanın çiçəyinin yerini vermir, üstəlik təhsil uğurlarımıza daxildir, bioloji olaraq kamilliyimizə dəlalət etmir.
Hazırda camaat ağaca tərəf axışıb ona nəzir verməklə məşğuldur. Sabah mən də gedirəm Tovuza.