Bakıda martın 1-də kürd qurultayı keçirilib və bu barədə ertəsi gün PKK terror təşkilatına bağlı “Fırat” xəbər agentliyi geniş məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan kürdləri martın 1-də “Ronai” kürd mədəniyyət mərkəzinin dəstəyi ilə öz qurultaylarını keçiriblər. Qurultayı “Ronai” mərkəzinin yeni seçilmiş rəhbəri Fəxrəddin Paşayev açıb. Daha sonra “Dəngeyi Kürd” qəzetinin baş redaktoru Seymur Alxanov, “Ronayi” mərkəzinin rəhbərinin müavini Namiq Nəsibov və digərləri çıxış ediblər.
Qurultayda kürdlərin problemləri, “Dəngeyi Kürd” qəzetinin çapı ilə bağlı məsələlər, təkcə Bakıda yox, Azərbaycanın regionlarında da kürdlərin kompakt yaşadığı bölgələrdə kürd dilini öyrədən kursların açılması məsələsi müzakirə edilib. Bu məsələ ilə bağlı kürd fəallarının və ağsaqqallarının da çıxış etdiyi bildirilir. Toplantıda iştirak edənlərin mövqeyinə görə “Ronayi” kürd mədəniyyəti mərkəzi Kürdüstanla (İraqın şimalındakı kürd muxtariyyəti nəzərdə tutulur.-red) , habelə Avropanın və MDB-nin kürd fəalları ilə təmasları gücləndirməlidir. Toplantıda qərara alınıb ki, kürd qəzettinin dövriliyi artırılsın və ayda iki dəfə nəşr edilsin, həmçinin “Ronayi”nin Azərbaycanın regionlarında filiallarıl yaradılsın, saytı açılsın və kürd ansamblı yaradılsın. Qeyd edək ki, “Ronayi” mərkəzi bir neçə il əvvəl Abdullah Öcalanın şəkilləri olan təqvimlər çap etdirərək kürdlər arasında paylamışdı.
Musavat.com