Medianews.az
Məktəblərdə kişi müəllimlərin sayının azalması - <span style=color:red>Qızğın müzakirəyə səbəb olub
179 baxış

Məktəblərdə kişi müəllimlərin sayının azalması - Qızğın müzakirəyə səbəb olub

Təhsil eksperti Kamran Əsədovun təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində Azərbaycanın orta məktəblərində kişi müəllimlərin sayının kəskin şəkildə azalması məsələsi müzakirəyə çıxarılıb. Medianews.az bildirir ki, K.Əsədov sosial şəbəkədə müzakirəni açıq elan edərkən vurğulayıb ki, bu, təkcə gender balansına deyil, sosial və psixoloji mühitin formalaşmasına da ciddi təsir edən bir məsələdir. “Necə düşünürsünüz: bir neçə il ərzində MİQ-də baldan asılı olmayaraq yalnız kişi müəllimlərin işə qəbulu tətbiq edilməlidirmi? Əlbəttə, fərqli maaş siyasəti ilə birgə. Yazın, amma əsaslandırın. Bu, cəmiyyətimizin gələcəyinə aiddir” – deyə sosial şəbəkə iştirakçılarına müraciət edən ekspertin başladığı müzakirəyə əsasən müəllimlər, təhsil sahəsində çalışanlar qoşulmaqdadır. Medianews.az qeyd edir ki, müzakirə iştirakçılarının çoxu kişi müəllimlərin azalmasının əsas səbəbini aşağı əmək haqqı ilə əlaqələndirir. Məsələn, müəllimlərdən biri yazır: "Müəllimə nə hörmət qalıb, nə də doğru dürüst əmək haqqı verilir. Bir kişi bu məvaciblə necə ailə saxlaya bilər?" Müzakirənin digər iştirakçısı vurğulayır ki, kişi müəllimlər yalnız əmək haqqı artırıldıqda məktəblərə qayıdacaqlar: "Məktəblərdə kişi müəllimlər o vaxt çoxalacaq ki, əmək haqqı onların gələcəyini qurmağa, ailə saxlamağa çatsın". Müzakirələrdə bu kimi fikirlər də əksini tapıb: “Kişi müəllimlərin azalmasının 90 faizi maaş azlığındandır. Başqa iş tapsalar, müəllimlikdən çıxırlar, qalanları da məcbur işləyirlər”. “500-600 manatla ailə dolandırmaq mümkün deyil. Mən də kişi olsaydım, müəllim olmazdım”. “Fiziki tərbiyə müəllimi 450 manat alır, fəhlə gündə 35 manat. Hansı sərf edir?” Bir çoxları müəllimlərin dərsdən sonra repetitorluq etməyə məcbur olduğunu, məktəbdə qalmağa maraqlarının qalmadığını qeyd edir: “Repetitorluq etməyən kişi müəllim ayın sonunda kirayəni necə ödəsin?” Müzakirələrdə bildirilir ki, kişi müəllimlərin məktəbdəki rolu təkcə dərs deməklə məhdudlaşmır. Şərhlərdə bu, tərbiyə, davranış və rol model funksiyası ilə də əlaqələndirilir. Bir çox müəllim və valideynə görə, məktəbdə kişi müəllimin olmaması, xüsusən oğlan şagirdlərin inkişafında neqativ izlər buraxır: “Oğlan uşaqları üçün kişi müəllim psixoloji və sosial baxımdan vacibdir”. “Uşaq evdə anadan, bağçada müəllimədən, məktəbdə də qadın müəllimədən tərbiyə alır. Bəs kişi təsiri hanı?” “Kişi müəllimlərdən şagirdlər çəkinirlər, qadın müəllimlərə isə daha sərbəst münasibət göstərirlər”. Bəzi şərhlərdə hətta oğlan şagirdlərin davranışlarında müşahidə olunan feminizə meyllər bu tendensiyaya bağlanır: “İndiki oğlan uşaqlarının çoxu qadın kimi danışır, davranır. Bu cəmiyyət üçün təhlükədir”. Ekspertin təklif etdiyi kimi, MİQ imtahanında kişi müəllimlər üçün bal güzəştlərinin tətbiqi və ya onlara fərqli maaş verilməsi məsələsi birmənalı qarşılanmayıb. Şərhlər bu məsələdə ciddi fikir ayrılığını ortaya qoyur. Tərəfdar fikirlər: “Kişi müəllimlər ailə başçısıdır. Onlara fərqli yanaşma olmalıdır”. “Pozitiv ayrıseçkilik dünyada da tətbiq olunur. Məsələn, siyasi partiyalarda qadınlar üçün kvota ayrılır”. Əleyhdar fikirlər: “Savadsız kişi müəllimini qəbul edirsiniz, qadını yox? Bu, ədalətsizlikdir”. “Eyni işi görən kişi və qadın müəllimin maaşı fərqli olmamalıdır”. “Kişi müəllim sertifikasiyada 50 bal toplayıb maaş alsın, qadın 80 balla kənarda qalsın? Bu, təhsili zəiflədər”. İştirakçılar arasında məsələyə fərqli yanaşma sərgiləyənlər də var. Onların bir qismi güzəştlərin tətbiqini daha sistemli və uzunmüddətli islahatlarla birləşdirməyi təklif edir:
  • Kişi müəllimlərə vergi və kommunal xərclərdən azadolmalar;
  • İşə qəbul zamanı gender balansı nəzərə alınaraq məktəblərə kvotaların ayrılması;
  • Kişi müəllimlər üçün dövlət sifarişi ilə təhsil alıb işlə təmin olunmaq mexanizminin yaradılması;
  • Əlavə mükafat və sosial təminatların tətbiqi;
  • MİQ imtahanından sonra müsahibə mərhələsinin ləğvi və ya sadələşdirilməsi;
  • Ali məktəblərdə pedaqoji ixtisaslara abituriyent kişilər üçün əlavə stimul proqramları.
Bir çox müəllim şərhlərində məsələ yalnız maddi faktorlarla yox, həm də cəmiyyətdə müəllim peşəsinin nüfuzunun aşağı düşməsi ilə izah edilir: “Əvvəllər müəllim deyəndə hamı hörmətlə yanaşırdı. İndi müəllim tələbənin ayağında, valideynin hədəfindədir”. “Gənclər müəllimlik peşəsinə nifrətlə yanaşmağa başlayıblar. Beş il oxuyub sonda aşağı maaş və əsəbli mühitlə qarşılaşırlar”. Fikir bildirənlərin böyük əksəriyyəti razılaşır ki, bu məsələ fərdi təşviqlərlə yox, sistemli, genişmiqyaslı islahatlarla həll olunmalıdır. Sadəcə fərqli maaş, fərqli keçid balı problemi kökündən həll etmir. Lazım olan budur:
  • Müəllim nüfuzunun və sosial statusunun bərpası;
  • İş şəraitinin və dərs yükünün ədalətli təşkili;
  • Təhsil siyasətində uzunmüddətli gender balansı strategiyasının yaradılması; Cəmiyyətdə müəllim obrazının müsbət istiqamətdə yenidən formalaşdırılması.
Toğrul Əli, Medianews.az

Bizə qoşulun