Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-aprel aylarında Azərbaycan əhalisinin təbii artımı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz geriləyib, hər 1000 nəfərə 3,3 artım qeydə alınıb.
Əhalinin təbii artımı doğum-ölüm nisbəti əsasında hesablanır. 2025-ci ilin ilk dörd ayında 1000 nəfərə 9,4 doğum rəsmiləşib. Bu, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən bəri ən pis göstəricidir.
1000 nəfərə doğumda son azalma 2023-cü ildən başlayıb. 2022-ci ildə 1000 nəfərə 12,2 doğum düşdüyü bəyan olunub. 2023-cü il 11,1 doğum, 2024-cü il 10 doğumla bitib.
2025-ci ilin yanvar-aprel aylarında 1000 nəfərə 6,1 ölüm düşüb. 1997-ci il eyni göstərici ilə yekunlaşıb. Bundan pis göstəricilər də var. 1991, 2005, 2006 və 2007-ci illərdə 1000 nəfərə 6,2 ölüm, 1992-ci ildə 7,1 ölüm, 1993-cü ildə 7,2 ölüm, 1994-cü ildə 7,3 ölüm, 1995-ci ildə 6,7 ölüm, 1996-cı ildə 6,3 ölüm, 2020-ci ildə 7,6 ölüm, 2021-ci ildə 7,7 ölüm sənədləşib.
Son statistika Azərbaycan üçün nə dərəcədə təhlükəlidir? Əgər doğum səviyyəsi bu templə aşağı düşməyə davam edərsə, Azərbaycanın gələcək demoqrafik mənzərəsi necə ola bilər? Gəncləri ailə qurmağa və övlad sahibi olmağa yönəltmək üçün hansı ictimai kampaniyalar faydalı ola bilər? Dövlət əhali artımını stimullaşdırmaq üçün hansı addımlar atmalıdır? Uşaq pulu, sosial güzəştlər, doğum üçün müavinətlər doğumu təşviq edə bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev bildirib ki, təkcə Azərbaycanda yox, qlobal miqyasda təbii artımda ləngimə, geriləmə müşahidə edilir: “Amma Azərbaycan üçün bu heç vaxt xarakterik olmayıb. Çünki Azərbaycanda həmişə təbii artımda yüksələn dinamika müşahidə edilib. Xüsusən sovet dövrünə qədər və sovet dövründə Azərbaycanda təbii artım yüksək olub. Sovet dövrünə qədər Azərbaycanda ənənəvi cəmiyyət olduğu üçün ailə planlaşmasında daha çox ağsaqqallar, ağbirçəklər iştirak edirdi. Sovet dövründə də İkinci Dünya müharibəsində itirilən kişilərin yerini doldurmaq üçün sovet hökuməti demoqrafik təşviq siyasəti həyata keçirirdi: uşaq pulları verilirdi, çoxuşaqlı ailələrə əlavə imtiyazlar, “Qəhrəman ana” statusu müəyyənləşmişdi. Yəni çoxuşaqlı ailə modeli təşviq olunurdu.
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan adamına aydın oldu ki, çoxuşaqlı ailə dünyada trend deyil. Yəni Azərbaycan adamı xarici ölkələrə gediş-gəliş, xarici filmləri, serialları izləmək əsasında görür ki, çoxuşaqlı ailə oralarda trend deyil. Orada belə planlaşdırırlar: az uşaq olsun, onları yaxşı böyüdə bilək. Nəticədə müstəqilik illərində Azərbaycanda ailə planlaşmasında dəyişiklik baş verdi”.
Sosioloq qeyd edir ki, bu gün təkcə Azərbaycanda yox, dünyanın çox yerində insanlar daha eqoist olublar, daha komfortlu yaşamaq istəyirlər, uşaq qayğıları ilə gün keçirməyi arzulamırlar: “Ailə məsuliyyəti insanları bir o qədər də ilgiləndirmir. İnsanlar daha çox rahat həyat yaşamaq istəyir və onu görə də ailə planlaşmasında çoxuşaqlılığa üstünlük vermirlər. Hətta demək olar ki, bəzi ölkələrdə, Asya dövlətlərində, Çində, Yaponiyada və s. subaylıq sindromu yayılıb. Gənclər ailə qurmaq istəmir, ünsiyyət ehtiyaclarını virtual şəkildə ödəyirlər. Oxşar tendensiya digər ölkələrdə, o cümlədən Azərbaycanda da baş qaldıra bilər. Artıq Azərbaycanda gənclərin evlənmə statistikasında azalma müşahidə olunur. Təsadüfü deyil ki, 2024-cü ildə 49508 nikah bağlanıb, 21384 boşanma qeydə alınıb. Nikahın azalması da, boşanmanın artması da – hər ikisi təbii artımı ləngidən faktordur. Bütün bunlar təbii artıma mənfi təsir göstərir.
Təbii artımı azaldan faktorlardan biri də gənclərin regionlardan, bölgələrdən paytaxta axın etməsidir. Bu, regionlarda təbii artımı aşağı salır. Unutmayaq ki, təbii artımın miqyası həmişə regionlarda daha yüksək olub.
Digər mühüm səbəbdən danışanda da statistikaya nəzər yetirə bilərik. Statistika göstərir ki, hazırda ikiuşaqlı ailələr üstünlük təşkil edir. İnsanlar bir uşaq, iki uşaq, ən yaxşı halda üç uşaq istəyirlər və çoxuşaqlılığı planlaşdırmırlar. Azərbaycanda çoxuşaqlı ailələrin sayında xeyli azalmanın olduğu 2019-cu ildə aparılmış əhalinin siyahıya alınması prosesindən də bəllidir. Həmin siyahıya alınmanın nəticəsinə görə, 2019-cu ildə ölkədə 16 mindən bir qədər çox çoxuşaqlı ailə olub. Bu gün isə təqribən 9-10 min çoxuşaqlı ailə var. Yəni get-gedə azalır. Çünki ailə planlaşması ilə bağlı düşüncələr dəyişir”.

Təbii artımın aşağı düşməsinin çox səbəbinin olduğunu vurğulayan Ü.Şəfiyev bildirib ki, bu proses bir sıra fəsadlar ortaya çıxara bilər: “Bu, mexaniki artımı təşviq edə bilər. Yəni ölkəyə miqrant axınına yol aça bilər. Miqrant axını isə Avropada ekspansiya kimi qiymətləndirilir. Avropa ölkələri bu prosesin əlində aciz qalıb. Azərbaycanda təbii artım aşağı düşsə, belə bir təhlükə - mexaniki artım təhlükəsi yarana bilər. Bunu indidən düşünmək, nəzərə almaq gərəkdir.
Digər məqam odur ki, təbii artım aşağı düşdükcə, yeni doğulanların sayı azaldıqca o biri yandan ahılların sayı çoxalır. Bu da əhalinin qocalması tendensiyasını yarada bilər. Əgər yaşlı əhali, yəni ahıl şəxslər ölkə əhalisinin 8 faizindən çox hissəsini təşkil edirsə, bu artıq əhalinin qocalması anlamına gəlir.
Azərbaycanda sosial xidmət haqqında qanunvericilik 70 yaşı ahıl yaş kimi götürür. Ölkəmizdə 65 yaşdan yuxarı əhalinin sayı isə 11 faiz ətrafındadır. Bu, artıq əhalinin qocalması təhlükəsinin yavaş-yavaş ayaq səslərinin eşidilməsi deməkdir və bir sos siqnalı kimi qəbul edilməlidir.
Bu, orta və uzaq perspektivdə səfərbərliklə bağlı da problemlər yarada bilər. Əmək bazarında çətinliklər ortaya çıxa bilər. Ölkəyə miqrant axını təşviq oluna bilər ki, bu da genefondun təhlükə altına düşməsinə gətirib çıxarar”.

Sosioloq təbii artımı təşviq etmək üçün uşaq pulu adlanan sosial müavinətləri bərpa etməyi məqsədəuyğun sayır: “Türkiyədə 2025-ci il “Ailə ili” elanı olunub. Gənc ailələrə güzəştli şərtlərlə, faizsiz, uzunmüddətli kreditlər verilir, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dəstək tədbirləri həyata keçirilir. Bəzi bölgələrdə toy xariclərini bələdiyyələr öz üzərinə götürür. Gənc ailələrin məşğulluğunun təmin edilməsi məsələsinə də baxılır. Türkiyədə, Rusiyada uşaq pulu differensial qaydada verilir. Yəni üç və daha çox uşağa görə verilən müavinət bir, iki uşağa görə verilən müavinətlərdən seçilir. Azərbaycanda da bu kimi təşviq siyasəti həyata keçirilə bilər”.
Ü.Şəfiyev xatırladıb ki, Azərbaycanda gənc ailələr üçün güzəştli mənzil fondu var: “Amma bu, gənc ailələrin çox məhdud kateqoriyasına ad edilir. Bunu daha geniş kateqoriyada gənc ailələrə şamil eləmək yaxşı olardı. Həmçinin gənc ailələr üçün məşğulluq məsələləri düşünmək olar, digər dəstək tədbirləri fikirləşmək olar ki, təbii artım təşviq edilsin. Əgər ölkəmizdə təbii artımda ləngimə davam edərsə, şübhəsiz ki, dövlətimiz bununla bağlı preventiv tədbir görəcək və demoqrafik təşviq siyasəti sayəsində ləngiməni aradan qaldırmaqda maraqlı olacaq. Çünki Azərbaycanda ailə ilə bağlı dövlətin prioritetləri var. Azərbaycan dövləti həmişə ailə dəyərlərini dəstəkləyən siyasət yürüdür. Bu baxımdan güman edirik ki, təbii artımda ləngimə davam edərsə, təşviq siyasəti reallaşdırılacaq.
Azərbaycanda beşdən çox uşağı olan ailə çoxuşaqlı ailə sayılır. Ola bilər ki, qanunvericilik dəyişsin, çoxuşaqlı ailə üç uşaqdan başlayaraq hesablansın. Bu məsələ parlamentdə də qaldırılıb. Belə olsa, Azərbaycanda ailə planlaşmasında artıq üçuşaqlı ailəyə üstünlük verilməsi halları yayılacaq. Bu da təbii artıma təkan verə bilər”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.