Mayın 16-da Albaniyada Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) suallarını cavablandırıb.
Jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualına baş nazir belə cavab verib: “Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Konstitusiyamızı təhlil etmişik. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.
Ermənistan Konstitusiyasının dəyişməsi, oradan Azərbaycana və Türkiyəyə ərazi iddialarını ehtiva edən istinadın çıxarılması sülh sazişi imzalanması üçün Azərbaycanın irəli sürdüyü iki əsas şərtdən biridir. Nikol Paşinyanın Azərbaycanın İctimai Televiziyasına açıqlamasında söylədikləri Ermənistanın bu şərti yerinə yetirməkdən imtina etməsi kimi qiymətləndirilə bilərmi?
Medianews.az bu sualla siyasi ekspertlərə müraciət edib.
Politoloq Xaqani Cəfərli bildirib ki, münaqişə Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq yaransa da, bütövlükdə Azərbaycan və erməni xalqlarının iradəsinin nəticəsi deyildi: “Belə olmasaydı, Azərbaycana qarşı ərazi iddialarının əleyhinə çıxan, yalnız Ermənistanın müstəqilliyinin tərəfdarı olan və 1988-ci ilin fevralında Sumqayıtda erməni əhalisinə qarşı baş verən hadisələrin təşkilində sovet hakimiyyətini ittiham edən Paruyr Ayrikyan Sovet İttifaqından qovulmazdı.
Münaqişə Azərbaycan və erməni xalqlarının iradəsinin nəticəsi olmadı üçün sülh də iki ölkənin və xalqın istəyi ilə yarana bilməz. Təəssüf ki, bölgədə iki ölkə arasında sülhü yaradacaq və sülhün qalıcılığını təmin edəcək şərtlər mövcud deyil. Buna görə də Ermənistanla Azərbaycan sülh müqaviləsi imzalaya bilmir. Ən qısa zamanda diplomatlar tərəfindən həlli tapıla biləcək məsələlər bəhanə edilərək sülh müqaviləsi imzalanmır. Çünki sülh müqaviləsi imzalansa belə onun qalıcı sülh yaradacaq şərtləri mövcud deyil. Paşinyan da hökumət başçısı və rəsmi şəxs kimi bunları ifadə edə bilmir. Ona görə söz oyunu ilə məşğuldur”.
Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Paşinyanın Azərbaycan kanalına açıqlama verməsi müsbət addım olsa da, o, həmin açıqlamasında yenə ənənəvi ritorikadan istifadə edib: “Hər hansı bir müsbət açıqlama vermədi. Çünki seçkilərə hazırlıq prosesindədir. Paşinyan parlamentdə mövcud Ermənistan Konstitusiyasının ölkəsinin inkişafına əngəl olduğunu vurğulayıb. Onun dəyişdirilməsinin vacibliyini dəfələrlə qeyd edib. İndi o, azərbaycanlı jurnalistlə söhbətində öz ölkəsinin Konstitusiyasını tənqid edə bilməzdi. Bu səbəbdən bizi qane etməyən açıqlama verdi və daxili auditoriyasında xal qazanmağı hədəflədi.
2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmin seçkidə qalib gələcəyi təqdirdə Paşinyan referendum keçirib, konstitusiyanı dəyişəcək. Hazırda Ermənistan və Azərbaycan arasında liderlərin görüşünə də ehtiyac yoxdur. Sülh mətni hazırdır, sərhədlərin delimitasiya və demarkasiya komissiyası da işləyir. İkitərəfli rabitə kanalı var. Liderlərin görüşü üçün əsas bir səbəb də yoxdur”.
Politoloq Elxan Şahinoğlu deyib: “Albaniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan konfrans zalını sürətlə tərk edərkən mikrofonu ona uzadan Azərbaycanın İctimai Televiziyasının əməkdaşının suallarına cavab verməyə qərar verdi. Əslində Paşinyanın ətrafı azərbaycanlı jurnalistləri baş nazirdən uzaqlaşdırmağa çalışırdılar. Paşinyanın özü də azərbaycanlı jurnalistlərdən uzaqlaşmağa çalışırdı, ancaq onun qəfil fikrini dəyişməsi və İctimai Televiziyanın əməkdaşının suallarına cavab verməyə hazır olması diqqətçəkicidir. Görünür, Paşinyan bu yolla Azərbaycan cəmiyyətinə birbaşa mesaj göndərə biləcəyini düşünüb. Ancaq Paşinyan suallara cavabında yeni heç nə demədi. Birincisi, Ermənistanda hələ yeni Konstitusiya layihəsi yoxdur. İkincisi, İrəvan Minsk Qrupundan Bakı ilə sülh sazişini imzaladığı gün imtina edəcək. Üçüncüsü, Ermənistanın Azərbaycana ərazi iddiası yoxdur”.
Nailə Qasımova,
Medianews.az