Medianews.az
Sülh sazişinin mətni ictimaiyyətə <span style=color:red>NİYƏ AÇIQLANMIR?
329 baxış

Sülh sazişinin mətni ictimaiyyətə NİYƏ AÇIQLANMIR?

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə danışıqların  yekunlaşdığı mart ayında rəsmən bəyan olundu. Deməli, tərəflər hansı müqaviləni imzalayacaqlarını artıq bilirlər. Qalır həmin müqavilənin imzalanması üçün Azərbaycanın irəli sürdüyü ön şərtlərə (Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk qrupunun buraxılması) əməl olunması və müqavilənin imzalanacağı məkanla tarixin müəyyənləşdirilməsi. Bəs Azərbaycan və Ermənistan ictimaiyyəti artıq razılaşdırılmış müqavilənin mətnini nə vaxt görəcək? Yalnız imzalanandan sonramı? Yoxsa mətn ictimaiyyətə imzalanmamışdan qabaq açıqlanacaq? Sülh müqaviləsinin mətni hazır olduğu halda nəyə görə ictimaiyyətə açıqlanmır? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, Azərbaycanla Ermənistan arasında 17 maddədən ibarət sülh müqaviləsinin bütün müddəaları artıq razılaşdırılıb: “Sadəcə, Azərbaycan vaxtilə Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmış strukturun - ATƏT-in Minsk qrupunun və Ermənistan Konstitusiyasında Azərbaycanla Türkiyəyə qarşı ərazi iddiaları irəli sürən Müstəqillik bəyannaməsinə istinadın ləğvini tələb edir. Ermənistan hakimiyyəti bəyan edib ki, onlar sülh müqaviləsi imzalanan gün Minsk qrupunu ləğvinə də qol çəkməyə hazırdırlar. Ermənistan üçün daha ağır olan məsələ isə konstitusiyanın dəyişdirilməsidir. Artıq baş nazir Nikol Paşinyan konstitusiya islahatı ilə bağlı açıq bəyanatlar verir. Elan edir ki, mövcud konstitusiya Ermənistanın təhlükəsiz şəraitdə yaşamasına qarantiya verməkdənsə onun dövlətçiliyini, suverenliyini təhdid edən faktora çevrilib. Buna görə də yeni konstitusiyada Ermənistanın müstəqillik aktına heç bir halda istinad edilməyəcəyi vurğulanır. Bütün bunlar şübhəsiz ki, Azərbaycanın haqlı tələblərinin icrasına hazırlıq görüldüyü kimi başa düşülə bilər. Bəzi ekspertlər bunu Ermənistanın yenidən silahlanmaq, iqtisadi, siyasi, hərbi və psixoloji cəhətdən özünə gəlməsi üçün vaxt qazanmaq cəhdi kimi də izah edirlər. Lakin İkinci Qarabağ müharibəsində tamamilə darmadağın olmuş Ermənistan ordusunu hərbi və mənəvi-psixoloji baxımdan ayağa qaldırmaq asan məsələ deyil və düşünürəm ki, referendum başa tutacağı təqdirdə biz Ermənistan Konstitusiyasını Nikol Paşinyanın vəd etdiyi formatda görə bilərik. Amma Nikol Paşinyanla bərabər Ermənistandakı revanşist qüvvələrin yürütdüyü siyasəti də diqqətdən kənarda qoymaq olmaz. Ola bilsin, sülh sazişinin razılaşdırılmış mətninin hələ ictimaiyyətə açıqlanmaması müqavilə mətnindəki bəzi maddələrin Ermənistan cəmiyyətində yeni siyasi gərginlik yarada biləcəyi ehtimalı ilə bağlıdır. Azərbaycanla Ermənistan arasında bağlı qapılar arxasında aparılan danışıqlar haqda ictimaiyyətə məlumatların ilk sızması Ermənistan mediasından və hökumətindən qaynaqlanıb. Ötən il Qazaxın işğal altında qalan dörd kəndinin Azərbaycana qaytarılması, eyni zamanda sərhəddə 11 kilometrlik ərazinin delimitasiya və demarkasiya prosesinin gedişi, bundan sonra bir neçə ay ərzində keşiş Baqrat Qalstanyanın başlatdığı etiraz aksiyaları Ermənistanın ictimai-siyasi həyatında gərginlik yaratdı. İndi razılaşdırılmış sülh sazişi layihəsində də Ermənistanda kimlərəsə aranı qarışdırmaq üçün bəhanə verə biləcək bəndlər ola bilər. Yaddan çıxarmayaq ki, sülh danışıqlarının təşəbbüskarı, danışıqların formatını müəyyənləşdirən tərəf Azərbaycandır. Azərbaycan qalib ölkə kimi diktə edən tərəfdir. Bu reallığın sülh sazişi mətninə də təsir göstərdiyini güman etmək olar. Hazırda müqavilənin imzalanması üçün Azərbaycanın irəli sürdüyü iki şərtə, yəni ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələblərinə əməl edilməsi istiqamətində rəsmi İrəvanın fəal iş aparması onu göstərir ki, sülh sazişi mətninin ictimaiyyətə açıqlanmaması daha çox erməni cəmiyyətində yeni gərginliyə təkan verməməyə hesablanıb. Ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar, milli maraqlarını təmin etmiş Azərbaycan sülh danışıqlarında tarixi və hüquqi ədaləti rəhbər tutub, ona görə saziş mətninin Azərbaycan ictimaiyyətinə təqdimi heç bir narahatlıq yarada bilməz. Əksinə, məmnunluq doğuracaq. Sülh sazişinə qədərki mərhələdə olduğu kimi, sənədin imzalanmasından sonrakı mərhələ də Azərbaycanın Ermənistan üzərində qələbəsi demək olacaq”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun