Siyasətçi Natiq Cəfərli son günlər Suriyada baş qaldıran qırğınları şərh edib.
O, Medianews.az-a açıqlamasında deyib ki, bu ay Suriyada keçid hökumətinin tərkibi elan olunmalı idi: “Buna ciddi hazırlıqlar gedirdi. Hökumət üzvləri arasında druzların, kürdlərin, ələvilərin nümayəndələri və xanımlar da olacaqdı. Hökumətin üzvlərinin əksərinin Türkiyədə təhsil almış şəxslərdən ibarət olması nəzərdə tutulurdu. Yəni Rusiyanın və İranın adamlarından başqa ölkədə inklüziv bir hökumət elan edilməli idi.
Hazırda baş verən dəhşətli qırğınların əsas səbəbi Rusiyanın və İranın oyundan kənar qalmasıdır. Moskva və Tehran qan, terror vasitəsilə masaya dönmək, oyun qurucusu olmaq istəyir. Nəticədə isə günahsız insanlar qurban gedir”.

Qeyd edək ki, martın 6-dan Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar başlayıb.
Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd əl-Şəraa ölkənin qərbində vəziyyətin pisləşməsini şərh edərkən deyib: "Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədilə yeni nifaq salmaq, vətəndaş müharibəsinə sürükləmək cəhdidir". Əhməd əl-Şəraa söz verib ki, Suriya möhkəm qalacaq və biz heç bir xarici qüvvələrin və ya yerli tərəflərin onu xaosa və ya vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.
Məlumatlara görə, Latakiya və ətraf bölgələrdə baş verən son hadisələrdə ölənlərin sayı mini keçib. 700-dən çox insanın yaxın məsafədən güllələnərək öldürüldüyü vurğulanır. Suriya ordusu bölgəyə ağır silahlar, tanklar və zirehli texnika yeridib.
Toğrul Əli,
Medianews.az