Medianews.az
Azərbaycan təhsili "Erasmus"dan məhrum olur: <span style=color:red>tələbə və müəllimlər alternativ axtarmalı olacaq
344 baxış

Azərbaycan təhsili "Erasmus"dan məhrum olur: tələbə və müəllimlər alternativ axtarmalı olacaq

“Azərbaycanda “Erasmus+” proqramının dayandırılması təhsil sektoru üçün ciddi təsirlər yaradır”. Təhsil eksperti Kamran Əsədov ölkəmizdə "Erasmus+" (European Region Action Scheme for the Mobility of University Students) proqramının dayandırıldığı, Elm və Təhsil Nazirliyinin öz tabeliyindəki dövlət ali məktəblərinə bu proqramla əlaqəni kəsmək göstərişi verdiyi haqda məlumatları Medianews.az-a şərh edərkən belə deyib. K.Əsədov bildirib ki, “Erasmus+” proqramı Azərbaycanda tələbələrin, müəllimlərin və ali təhsil müəssisələrinin beynəlxalq təcrübə əldə etməsinə şərait yaradırdı: “İndi bu imkanların məhdudlaşdırılması Azərbaycanın təhsil sisteminin qlobal inteqrasiyasına və akademik inkişafına mənfi təsir göstərə bilər. Beynəlxalq mübadilə proqramlarının ali təhsilin keyfiyyətinə təsiri böyükdür. “Erasmus+” kimi proqramlar tələbə və müəllimlərə Avropa universitetlərində təhsil almaq və dərs demək imkanı yaradırdı. Bu, həm fərdi inkişaf, həm də ölkənin təhsil sisteminin təkmilləşdirilməsi baxımından əhəmiyyətli idi. Proqram sayəsində tələbələr fərqli təhsil metodları ilə tanış olur, yeni bilik və bacarıqlar qazanır, müxtəlif akademik mühitlərdə təhsil alaraq qlobal əmək bazarına daha hazırlıqlı olurdular. Azərbaycan universitetləri üçün bu proqramın dayandırılması beynəlxalq əməkdaşlıq imkanlarının azalması deməkdir. Universitetlər Avropa universitetləri ilə birgə layihələr həyata keçirir, akademik tədqiqatlar aparır və müəllim mübadilə proqramlarında iştirak edirdilər. “Erasmus+” bu əməkdaşlığın davamlılığını təmin edirdi və ali təhsil müəssisələrinin Avropa akademik şəbəkəsinə inteqrasiyasını gücləndirirdi. İndi isə bu imkanların məhdudlaşması universitetlərin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər”. Təhsil eksperti qeyd edib ki, müəllimlər üçün də “Erasmus+” proqramı əhəmiyyətli idi: “Onlar xarici universitetlərdə dərs demək, yeni pedaqoji yanaşmaları öyrənmək və akademik bacarıqlarını inkişaf etdirmək imkanına malik idilər. Bu cür təcrübələr Azərbaycan universitetlərində tədrisin keyfiyyətini yüksəltməyə və innovativ metodların tətbiqinə şərait yaradırdı. Proqramın dayandırılması bu prosesin zəifləməsinə səbəb ola bilər. Dünya təcrübəsi göstərir ki, beynəlxalq mübadilə proqramları ali təhsil sisteminin inkişafında mühüm rol oynayır. Məsələn, Avropa universitetləri arasında tələbə və müəllim mübadiləsi ali təhsilin keyfiyyətinin yüksəlməsinə və akademik əməkdaşlığın güclənməsinə töhfə verir. Region ölkələri, o cümlədən Gürcüstan və Ermənistan bu proqramdan aktiv istifadə edərək universitetlərinin Avropa təhsil məkanına inteqrasiyasını təmin edirlər. Onların tələbələri və müəllimləri Avropada təhsil almaq və dərs keçmək imkanlarını geniş şəkildə dəyərləndirirlər. Azərbaycanın bu prosesdən kənarda qalması ali təhsil sisteminin inkişaf perspektivlərini məhdudlaşdıra bilər. Alternativ variantlar baxımından, yerli təhsil proqramlarının gücləndirilməsi vacibdir. Azərbaycan hökuməti və universitetləri beynəlxalq əməkdaşlıq imkanlarını artırmaq üçün yeni təşəbbüslər irəli sürə bilər. Lakin bu proqramlar “Erasmus+” kimi geniş coğrafiyanı əhatə etmir və Avropa universitetləri ilə birbaşa əlaqələr yaratmaq baxımından eyni dərəcədə effektiv olmaya bilər”. K.Əsədov vurğulayıb ki, tələbələr üçün bu vəziyyət xaricdə təhsil imkanlarının məhdudlaşmasına gətirib çıxarır. Ekspertin sözlərinə görə, “Erasmus+” çərçivəsində xarici universitetlərdə təhsil almaq imkanı qazanan tələbələr yalnız akademik bilik deyil, həm də mədəni və sosial təcrübə əldə edirdilər: “Bu, onların dünyagörüşünün genişlənməsinə, müxtəlif mədəniyyətlər və təhsil sistemləri ilə tanış olmasına kömək edirdi. İndi isə tələbələr xaricdə təhsil almaq üçün alternativ yollar axtarmalı olacaqlar ki, bu da həm maliyyə, həm də prosedur baxımından çətinliklər yarada bilər. Proqramın gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Əgər beynəlxalq təhsil əməkdaşlığına alternativlər tapılmazsa, Azərbaycanın ali təhsil sistemi qlobal akademik inteqrasiyada geridə qala bilər. Bu səbəbdən, təhsil sahəsində beynəlxalq əlaqələrin davamlı olması üçün yeni həll yolları axtarılmalı və universitetlərin qlobal əməkdaşlıq imkanları genişləndirilməlidir. Beynəlxalq təcrübənin tətbiqi və qlobal əməkdaşlığın gücləndirilməsi Azərbaycanın ali təhsil sisteminin inkişafı üçün vacib faktorlardan biridir”. Xatırladaq ki, ötən həftə Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov proqram çərçivəsində yeni layihələrin qeydiyyatının və mövcud layihələrin icrasının dayandırıldığını açıqlayıb. O qeyd edib ki, “Erasmus+” proqramında bütün fəaliyyətlər qeyri-rəsmi olaraq dayandırılıb: “Bu o deməkdir ki, ICM-in yüzlərlə tələbə-müəllim mübadiləsi, CBHE (Amplifying Potential in Higher Education) layihələri, Jean Monnet təşəbbüsləri və digər “Erasmus+” layihələri üzrə heç bir irəliləyiş yoxdur". P.Bağırov Milli Erasmus Ofisinin də bağlanmaq üzrə olduğunu qeyd edərək, bu vəziyyətin proqramın gələcəyi üzərində ciddi təsir yaradacağını bildirib. O, “Erasmus+” layihələrinin Azərbaycanda bir çox yenilikçi layihələrə həyat verdiyini, minlərlə tələbə və müəllimin Avropa universitetlərində təhsil aldığını və ölkənin ali təhsil sisteminin Avropa təhsil sahəsinə inteqrasiyasının sürətləndiyini qeyd edib. Bağırov hazırda dayandırılan 27 layihənin məzmununu da açıqlayıb. Bu layihələr arasında Azərbaycandakı universitetlərdə araşdırma imkanlarını genişləndirmək, alternativ enerji mənbələri və iqlim dəyişikliyi məsələlərinə yeni yanaşmalar təqdim etmək, enerji səmərəliliyini artırmaq və rəqəmsal transformasiyanı dəstəkləmək kimi layihələr yer alır. Proqramın ümumi büdcəsinin 20 milyon manat olduğunu qeyd edən Pərviz Bağırov bu layihələrin dayandırılmasının Azərbaycanın ali təhsil sektoru və beynəlxalq əməkdaşlıq üçün ciddi təsir yaradacağını bildirib. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun