Aktrisa Çimnaz Sultanova ötən gün vəfat edib. Məlumata görə, aktrisa 43 yaşında bağırsaq xərçəngindən
dünyasını dəyişib. O, son iki ayda ağır xəstəlikdən əziyyət çəkib.
Qeyd olunur ki, mərhum aktrisanın hələ ötən ilin oktyabr ayında vəziyyəti pisləşib və
əməliyyat olunubmuş. Onun bir ay yarıma vəziyyətinin yaxşı olacağı deyilib.
Çimnaz Sultanova əməliyyatdan 21 gün sonra yaxşılaşıb və ayağa durub. Lakin bir müddət əvvəl onun vəziyyəti yenidən ağırlaşıb. Aktrisanın əməliyyat yarasından qanaxması olub və o, reanimasiyaya yerləşdirilib. Yanvarın 15-də isə vəfat edib.

Bu xəstəliyə düçar olan insanlar necə davranmalı, sağlamlıqlarını qorumaq üçün nə etməlidirlər? Əsasən hansı qaydalara riayət olunmalıdır ki, xəstəlik ölümlə nəticələnməsin?
Mövzu ilə bağlı Medianews.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, aktrisanın vəfat etməsinin tibbi nöqteyi-nəzərdən səbəbləri barədə rəsmi məlumat yoxdur və əsasən mediada yaxınlarının səsləndirildiyi iddialar üzərindən fikir yürüdülür.

Onun sözlərin görə, ola bilər ki, aktrisanın ölümünə səbəb yoğun bağırsaq xərçəngi olub: “Yəqin ki, bu, sonradan qarın boşluğuna və qaraciyərə yayılıb. Geniş metastazlarla bu xəstəlik onu tapıb. Ola bilər ki, nə vaxtsa əməliyyat olub və heç kimə bildirməyib. Amma indi yenidən bu xəstəlik baş qaldırıb, şiddətlənib və mərhumun dünyasını dəyişməsinə səbəb olub. Hər halda ehtimal olunan variantlar bunlardır. Amma istənilən halda epikriz əlimizdə olmadığından, söhbət nədən gedir, onu bilmədiyimiz üçün birmənalı fikir yürütmək çətindir. Linfoma, yoğun bağırsağın xərçəngi və sair də mərhumun ölümünə səbəb ola bilər. Orqanizmdə müxtəlif situasiyalar baş verə bilər. Əgər doğrudan da aktrisada xərçəng şişi identifikasiya olunubsa, böyük ehtimalla o, yayılmış metastazlardan dünyasını dəyişib”.
İnvaziv Ağrı mütəxəssisi Zülfüqar Yusifov isə Medianews.az-a bildirib ki, digər xərçəng xəstəliklərində olduğu kimi, bağırsaq xərçənginin də kökündə duran əsas faktor irsi yolla keçmədir. Onun sözlərinə görə, ancaq bu xəstəliyin özünü göstərməsində irsi, yəni genotipik faktorlarla yanaşı, fenotipik faktorlar, sonradan təsir edən amillər də mühüm rol oynayır: “Buraya həyat şəraiti, qidalanma və sair daxildir. Bağırsaq xərçənglərinin xüsusən erkən diaqnostikasında pasiyentin müntəzəm müayinələri və şikayətləri olduqca vacib yer tutur. Bəzən görürük ki, sadə mədə-bağırsaq şikayətlərinə pasiyent diqqət vermir və özü yaxınlarından, tanışlarından əldə etdiyi informasiyalara əsasən, apteklərdən aldığı dərmanlarla simptomları aradan götürür. Ancaq fərqində olmur ki, belə halda ondakı proseslər daha da dərinləşə bilir. Ümumiyyətlə, 40-yaşın üzərində olan insanlarda bu tipli şikayətlər ortaya çıxırsa, yaxşı olar ki, dərhal həkimə, xüsusən də
qastroenterloqlara müraciət etsinlər. Belə olduğu halda pasient müxtəlif müayinə üsullarından keçir. Onun qan təhlilləri, bağırsaqlarda gedən prosesləri ayırd etmək üçün xüsusi testlər aparılır. Bu testlərin nəticələri bağırsaqlarda gedən şiş proseslərindən şübhələnməyə əsas verir. Bundan əlavə, müxtəlif müayinə metodları var ki, bunlar da bağırsaq divarlarında gedən prosesləri ayırd etməyə imkan verir. Əlbəttə ki, xəstəliyin erkən aşkarlanması orqanizmdə gedən zərərli prosesin qarşısının alınmasında və yaxud ləngidilməsində, pasientin ömrünün uzadılmasında çox əhəmiyyətli rol oynayır”.

Həkim vurğulayıb ki, bu cür xəstələrin bəziləri müəyyən dərman maddələri ilə müalicə olunsalar da, digər qisim pasientlərə operativ müdaxilə olunmasına ehtiyac yaranır: “Əgər xərçəng orqanizmə yayılmayıbsa, metastaz verilməyibsə, vaxtında edilmiş operativ müdaxilələr xəstənin ömrünü əhəmiyyətli dərəcədə uzada bilir və yaxud problemi tamamilə həll edə bilir. Müəyyən qədər gecikmiş hadisələr olursa, operativ müdaxilələr, o cümlədən xəstəyə kimyəvi, radiasyon terapiya tətbiq edilir. Bu gün tibbin göstərilən sahədə imkanları yetəri qədər çoxdur. Əksər xəstələri zamanında müayinədən keçirib aşkarlanan problemlərin həllində onlara ciddi şəkildə kömək etmək, ömrünü uzatmaq və həyat kefiyyətlərini yaxşılaşdırmaq olur. Sadəcə ilkin simptomlar xəstə tərəfindən diqqətlə qarşılanmalıdır, vaxtlı-vaxtında həkim müayinəsində olmaq lazımdır. Bunun üçün bir sıra ölkələrdə müəyyən yaş qrupu olan xəstələr hər zaman skrininq müayinələrdən keçirlər. Bu müayinələr xəstəliyin erkən aşkarlanmasına kömək edir. Erkən aşkarlanma da pasientin ömrünü uzatmağa, həyat keyfiyyətini yaxşılaşdırmağa, tibbi işlərin həcmini azaltmağa imkan verir. Bu baxımdan bu tipli müayinələrə ciddi ehtiyac var. Eyni zamanda da əhalinin erkən müayinələrə həvəsləndirilməsi istiqamətində maariflənmə işlərinin aparılmasına ehtiyac var”.
Nailə QASIMOVA