“Kütləvi informasiya vasitələrində Bəşər Əsədin getməsi və Suriyada Əsəd rejiminin süqutunu az qala Rusiyanın fəaliyyətsizliyi ilə əlaqələndirirlər. Guya Rusiya yardım etsəydi, Əsədi yenə də iflas etməkdən xilas etmək olardı. Moskva Dəməşqin müxalifət qüvvələrinin əlinə keçməsinə mane olmadı və buna görə də indi Suriyada yeni qüvvələr hakimiyyətə gəlib. Amma bu belədirmi? 2015-ci ildə Rusiya Bəşər Əsədin yardımına ona görə gəldi ki, 10 ildən sonra onu tərk edib Suriyaya çəkilən xərci havaya sovursun? Rusiyanın Suriyanı itirməsi onun bütünlüklə Yaxın Şərqi itirməsi anlamına gəlmirmi? Moskvanın niyə Dəməşqin süqutuna qarşı çıxmadığı sualına regiondakı və Rusiyadakı reallıqları nəzərə alaraq cavab vermək olar”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib.
O qeyd edib ki, bölgədə Əsədin sağ qalmasını təmin edən quru qüvvələri İran, İraq və “Hizbullah” olub.

Politoloqun qənaətincə, məlum hadisələr fonunda 2023-cü il oktyabrın 7-dən sonra bu qüvvələrə ciddi ziyan dəyib: “İsrailin Suriyadakı tədarük və tranzit xətlərinə hücumları suriyalıların özlərini belə, yarasız hala salıb. İranın nəzarəti altında olan “müqavimət oxu” ilə Əsəd arasındakı problemli münasibətlər də müdaxiləni daha çətinləşdirib. Sözün əsl mənasında mövcud şərait hər kəsi öz problemləri ilə maraqlanmağa məcbur edirdi. Donald Trampın prezidentliyinin ikinci dövründə mümkün sərt yanaşmaların gözləntisi Rusiyanın əl-qolunu daha da bağladı. Bəlli idi ki, Rusiyanın Əsədlə münasibətləri heç də yüksək səviyyədə deyil. Çünki Rusiyanın özünə yardım tələb olunduğu bir məqamda Əsəd əlavə yükə çevrilirdi. Heç də təsadüfi deyil ki, son dövrlər Moskvada sovet diplomatlarının Hafiz Əsəd haqqında dediyi “o, bizdən məsləhətdən başqa istənilən köməyi qəbul edir” sözlərini Bəşər Əsəd üçün də istifadə edirdilər”.

Ə.İbrahimov deyib ki, Rusiyanın özündəki reallıqlardan irəli gələn səbəb birbaşa Ukrayna münaqişəsi və mümkün atəşkəs ssenarisi ilə bağlıdır: “Rusiya, Suriya kampaniyasından fərqli olaraq, bütün gücünü Ukrayna cəbhəsinə yönəldərək orada hərtərəfli hücuma keçdi. Ukrayna münaqişəsi Rusiya büdcəsinin əhəmiyyətli hissəsini qurutmağa kifayət etdi. Enerji gəlirlərinin bir hissəsini itirən Moskva balanslaşdırılmış strategiya yürütmək, yəni Suriyaya çəkilən xərcləri azaltmaq məcburiyyətində qaldı. Co Bayden administrasiyası, uzun müzakirələrdən sonra, nəhayət, Ukraynanı birbaşa Rusiyanı vura bilən orta mənzilli raketlərlə təmin etdi. Nəticədə Moskva diqqətini Ukraynaya o qədər yönəltdi ki, xaricə diqqət yetirmək imkanları olmadı. Üstəlik, Rusiya ictimai rəyində Suriya Rusiya Hərbi Hava Qüvvələrinin təcrübə qazanması və hərbi texnikanın sınaqdan keçirilməsi platforması kimi baxılır və təqdim olunurdu. Digər tərəfdən, Ukraynada vəziyyət Qordi düyününə bənzəməyə başladı. Bunun nəticəsində nə vaxtsa qardaş hesab olunan xalqlar ağır itki və məhrumiyyətlərə məruz qalır, böyük problemlər və iğtişaşlar yaranmaqda davam edirdi. Belə bir şəraitdə Kreml Ukrayna ilə münaqişənin həllini gecikdirən səbəblərin qarşısına almaq istiqamətində ciddi addımlar atmağa başladı. Bu, Vladimir Putinin legitimliyinə və hakimiyyətinə xələl gətirə biləcək bütün hadisələri qabaqcadan görüb aradan çıxarmaq kimi də başa düşülməlidir”.

Politoloqun sözlərinə görə, Ağ Evdə prezident dəyişikliyi müəyyən dərəcədə Ukraynada Rusiya üçün sərfəli olmayan, lakin itkilərin qarşısını ala biləcək razılaşmaya ümidləri artırıb: “Putinlə Tramp arasında danışıqlar, danışıqlar faktı rəsmi mənbələr tərəfindən təsdiqlənməsə də, müəyyən razılaşmalara gəlinəcəyinə əsas verir. İndiki mərhələdə ABŞ və Qərb ola bilsin ki, Rusiyadan Suriyadakı vəziyyəti uzatmamağı və Ukrayna ilə bağlı danışıqlar masası arxasında üstünlük təşkil edən şərait yaratmaq üçün keçid dövrünə uyğunlaşmağı xahiş ediblər. Rusiya isə döyüş meydanındakı vəziyyəti, iqtisadi və hərbi şəraiti nəzərə alaraq, görünür ki, “Əvvəlcə Rusiya” tezisini əsas götürüb. Rusiya bu hadisələrin fonunda “Əsəd getdi, mənim üçün Suriya bitdi” formulu ilə razılaşcaqmı? Təbii ki, asanlıqla yox. Rusiya Suriyanın məcburiyyət qarşısında tərk edib. Amma onu birdəfəlik itirməklə razılaşa bilməz. Çünki Suriya Rusiya üçün sadəcə Suriya deyildi. Suriya Rusiya üçün həm də Yaxın şərq idi. Suriya Kremlə Afrikaya açılan bir pəncərə idi. Bu pəncərənin bağlanması Rusiyanın çox şeydən məhrum olması deməkdir”.
Ərtürk İSMAYIL