Medianews.az
Ermənistan yenidən ALƏT ROLUNDA: <span style=color:red>ABŞ Cənubi Qafqazda Fransa vasitəsilə...
182 baxış

Ermənistan yenidən ALƏT ROLUNDA: ABŞ Cənubi Qafqazda Fransa vasitəsilə...

Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasında çıxışı zamanı növbəti dəfə Ermənistana açıq dəstək verib. O qeyd edib ki, Fransa Azərbaycanın “təzyiqləri” və “ərazi gərginliyi” qarşısında Ermənistanla çiyin-çiyinə dayanır. Makronun qənaətincə, beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurunu və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanmasını təmin etmək üçün Ermənistanda olmalıdır. Fransa prezidentinin bu açıqlamasına Azərbaycan XİN dərhal sərt və tutarlı cavab verib. Maraqlı burasıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir gün əvvəl eyni tribunadan daha fərqli çıxış edib. O, kifayət qədər ölçülü və yumşaq, reallıqla barışmış şəkildə fikirlərini ifadə edib, gələcəyə yönəlik mesajlar verib. Ermənistanın baş naziri Nyu-Yorkun Mərkəzi Parkında velosiped sürərkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kitab hədiyyə alarkən, İrəvan-Bakı münasibətlərinə dair heç bir ittiham səsləndirməzkən, Fransa prezidenti Azərbaycanın Ermənistana təzyiqindən danışır, aqressiv tezislər söyləyir, ortalığı qızışdırır. Mövzu ilə bağlı Medianews.az-a danışan ermənişünas alim, Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirib ki, Fransanın Ermənistana dəstəyi yeni hadisə deyil. Onun sözlərinə görə, Fransa tarixən də hər zaman ermənilərin yanında olduğunu öz hərəkətləri, fəaliyyətləri ilə bildirib: "Elə Birinci Dünya müharibəsini və həmin müharibədən sonrakı dövrü də xatırlaya bilərik. Türkiyənin Çukuroba, o zamankı Kilikiya ərazisində erməni dövləti qurmaq planları var idi. Bu da müəyyən tarixi dövrdə artıq iflas etdi, yəni Fransa buna nail olmadı. O zaman da ermənilərin yanında onların himayədarı kimi çıxış edirdi. Həmin ənənə dava edir. Çünki, ermənilərin Fransada çox böyük və güclü diasporu var. Bu da təsadüfi deyil ki, Emmanuel Makron hakimiyyətinin indi yeni elan olunan hökumətinə 3 erməni kökənli nazir seçilib. Artıq onların adları da məlumdur. Hətta onların biri Qarabağa qanunsuz gəldiyinə görə, Azərbaycan tərəfindən qara siyahıya salınıb. Fransa Cənubi Qafqazda gedən proseslərə ona görə müdaxilə etmək istəyir ki, ermənilərə yardım etsin və bu, birinci cəhətdir. İkincisi ondan ibarətdir ki, Fransanın özünün bu bölgədə maraqları var. Fransa Afrikadan qovulduqdan, yəni çıxarılandan sonra dünya səviyyəsində nüfuzunu itirməkdədir. Bu səbəblə də yeni bölgələrdə söz sahibinə çevrilmək istəyir”. Professor deyib ki, Vaşinqton Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxartmaq, onun təsir imkanlarını azaltmaq üçün Paris ilə əməkdaşlıq edir, Fransanın vasitəsilə bu regionda vəziyyəti daha da gərginləşdirmək istəyir: “Cənubi Qafqaz rəsmi Paris üçün öz mənafeyini daha da gücləndirmək baxımından vacib regiondur. Fransa Afrikadan çıxarıldıqdan sonra Atom Elektrik Stansiyalarını, yanacağı, xüsusən də uranı Qazaxıstandan və Orta Asiyanın digər yerlərindən almaq düşüncəsindədir. Bunu da Fransaya, Avropaya gətirməyin ən yaxın yolu hazırda üzərində iş gedən və açılması ehtimal edilən Zəngəzur dəhlizidir. Fransa burada söz sahibinə çevrilmək və həmin kommunikasiya xətlərinə nəzarəti müəyyən mənada əlinə almaq istəyir. Bunun üçün isə ən yaxşı vasitə və alət Ermənistandır”. Ermənişünas alim qeyd edib ki, Fransanın Azərbaycana qarşı təzyiqlərinin kökündə Ermənistan-Azərbaycan sülh danışıqlarının aparılması dayanır: “Əslində Azərbaycan bu təşəbbüsü irəli atan tərəfdir. Azərbaycan 44 günlük müharibədən sonra Ermənistanla sülh danışıqları aparmaq üçün öz təkliflərini irəli sürən tərəfdir. Və bu dövr ərzində də bir necə dəfə qarşılıqlı şəkildə sülh danışıqlarının variantları üzərində iş gedib. Ən son da Nikol Paşinyan öz çıxışında deyib ki, həmin sülh danışıqlarının 16 bəndindən 13-ü artıq razılaşdırılıb. Həmin 3 bənd də o qədər önəmli deyil, onlar üzərində də iş gedir. Yəni artıq belə demək mümkündürsə, sülh müqaviləsi hazır vəziyyətdədir. Paşinyan BMT-nin bu toplantısında söyləyəcəyi bir şey olmadı. Çünki Azərbaycan sülh danışıqlarının imzalanması üçün Ermənistana başqa yol qoymayıb. Artıq sülh müqaviləsinin imzalanması Azərbaycandan asılı deyil. Fransanın təzyiqlərinin də heç bir mənası yoxdur”. Q.Çaxmaqlı vurğulayıb ki, artıq Ermənistan sülh sazişinin imzalanmasına hazırdır və Paşinyan reallıqla barışmış vəziyyətdədir: “Ümid edilir ki, COP29 tədbirinə qədər həmin sənəd imzalansın. Amma burada başqa bir cəhətə də nəzər salmaq mümkündür. Çünki İrəvan-Bakı münasibətlərinə dair Ermənistan tərəfindən ittihamların olmaması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Paşinyan görüşü zamanı gedən münasibətlər də göstərdi ki, artıq bu üç ölkə arasında münasibətlərin normallaşmasında ortada elə də ciddi maneə qalmayacaq. Çünki Azərbaycanın da sülh danışıqlarında haqlı təklifləri var. Makron məhz bunun üzərinə getmək istəyir. Rəsmi Bakının haqlı tələblərindən biri Ermənistan konstitusiyasında dəyişikliyin edilməsidir. Çünki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazilərinə iddia var. İkinci, Fransanın da üzv olduğu ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Ermənistanın müraciəti tələb olunur. Düşünürəm ki, bunlar da müəyyən zaman içərisində həll olunacaq məsələlərdir”. Professor söyləyib ki, Fransa haqsız olaraq Ermənistanı silahlandırmaqla bölgədə gərginliyi artırmaq istəyir: “Amma o buna nail olmayacaq. Guya Fransanın bu bölgəyə müdaxiləsi Rusiyanın təsir imkanlarının azalmasına səbəb olacaq. Bu da ABŞ-dən gələn təlimatdır. Fransa indiki halda başqa bir ölkənin planlarını burada həyata keçirilməsi funksiyasını yerinə yetirir. Zaman içərisində bunun alınmayacağını biz görəcəyik. Çünki Azərbaycan bütün məsələlərdə haqlı tərəfdir, bütün beynəlxalq hüquq onun tərəfindədir. Fransa daha çox həm Makronun dilindən, həm də Fransa rəsmilərinin dilindən səsləndirir ki, Qarabağ ermənilərinin haqları var. Onların geri dönüş məsələsi beynəlxalq mexanizmlərlə təmin edilməlidir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsindən baxılarsa bu məsələnin də həlli ölkəmizin daxili işidir və Bakı-İrəvan ikitərəfli görüşmələrinin nəticəsi olaraq hansısa qərar qəbul oluna bilər. Azərbaycan birmənalı şəkildə tərəf kimi, yəni bir vasitəçi kimi bu məsələlərə hansısa dövlətin qarışmasını istəmir. Bunu artıq Ermənistan da qəbul edib. Mənə elə gəlir ki, bölgədə sabitliyi, sülhü bərpa etmək üçün ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsi daha doğru olardı”. Nailə QASIMOVA

Bizə qoşulun