Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Məcəlləyə əsasən, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunması da Məcəllənin 376-cı maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 376-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının mediada yayımlanmasına görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir.
Maraqlıdır, qanunvericiliyə dəyişiklik jurnalistin faktla bağlı material – foto, video görüntü – əldə edib yaymaq hüququnu məhdudlaşdırır? Cəza tədbiri peşəkar medianın fəaliyyətinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Medianews.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət bildirib ki, informasiyanın qanuni yolla əldə edilməsi və yayılması vacib məsələdir.
Onun sözlərinə görə, barəsində məlumat yayılan şəxsin maraqları mütləq nəzərə alınmalıdır: “Zərərçəkmiş şəxs ola bilsin ki, haqqında görüntülü məlumatın verilməsini istəməsin. Bu, onun hüququdur. Media yaymaq istədikdə isə həmin şəxsdən icazə almalıdır. İnsan bir məsələ ilə bağlı hər hansı bir inzibati araşdırmaya zərurət görüb və o hadisə baş verib. Bu barədə araşdırma aparılıb, amma sözügedən şəxs ictimailəşməsini və görüntülərin paylaşılmasını istəmir. Bu, şəxsin təbii hüququ olduğundan icazəsiz yayılmamalıdır”.
A.Həsrət deyib ki, belə bir məhdudiyyətin tətbiq edilməsi, vətəndaşların hüquq və mənafelərinin qorunmasına xidmət edir: “Biz media gözü ilə baxdığımız zaman düşünə bilərik ki, bu, jurnalistlərin fəaliyyətini əngəlləməyə bənzəyir. Lakin unutmamalıyıq ki, medianın başlıca vəzifəsi insanlara, cəmiyyətə faydalı olmaqdır. Hesab edirəm ki, bu səbəbdən tətbiq ediləcək cərimə və cəzalarla bağlı narahatlığa əsas yoxdur. Əksinə, sevinməliyik ki, medianın üzərinə daha bir məsuliyyət də yüklənir. Hansı ki, bununla media daha məsuliyyətli və etik davranacaq”.
Ayşən RƏHİM