Avropa İttifaqı ölkələri iyunun 25-i Ukrayna və Moldovanın təşkilata qoşulması ilə bağlı rəsmi danışıqlara başlamaq niyyətindədirlər. “Politico” qəzetinin avropalı diplomatlara istinadən yaydığı məlumatda bildirilir ki, ittifaqa üzv ölkələr bu planlarını hələ 2023-cü ilin dekabrında bəyan etsələr də, proses Macarıstanın narazılığı səbəbindən təxirə salınıb. Bununla yanaşı, danışıqlara start verilməsinin təxirə salınması Aİ-nin genişləndirilməsi məsələsinin Avropa Parlamentinə keçiriləcək 6-9 iyun seçkiləri zamanı əsas mövzu olması ilə bağlı ehtiyatlar olub.
Rusiya ilə müharibə vəziyyətində olan, ərazisi işğal edilən Ukraynanın və Dnestryanı kimi bir problemlə üzləşən Moldovanın Avropa İttifaqına tezliklə üzvlüyü mümkündürmü?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Qərb bölgədə Rusiyanın nəzarətində olan ölkələri ələ almaq istəyir.
Onun sözlərinə görə, bu gün Qərblə Rusiya arasında mübahisə özünü müxtəlif sahələrdə göstərir: “Qərb bölgədə Rusiyanın nəzarətində olan ölkələri ələ almaq istəyir. Bu xüsusda müxtəlif coğrafiyalarda ikinci cəbhə açılma axtarışları mövcuddur. Eyni zamanda bəzi ölkələri Avropa İttifaqına üzv etməklə, sanki Rusiyanın dominantlığını zəiflətmək məqsədi müşahidə edilir. İyunun 25-də Ukrayna və Moldovanın təşkilata üzv olması ilə bağlı danışıqlar başlayacaq, müzakirələr keçiriləcək. Sözügedən ölkələrin ələ alınması ilə Şərqi Avropada Rusiyanın tamamilə sıxışdırılıb çıxarılması planı var. Əsas problematik sahə bundan ibarətdir ki, Moldovanın da, Ukraynanın da ərazi bütövlüyü pozulub. Belə olan halda sual yaranır: ərazi bütövlüyü problemi olan ölkələr təşkilata necə üzv olacaqlar? Onların NATO-ya üzv ola bilməyəcəkləri məlumdur. Çünki bunun üçün siyasi, hüquqi baxımdan ciddi dəyişikliklərə ehtiyac var, amma iqtisadi və sosial zəmində sanki ərazi bütövlüyü pozulsa belə, Ukrayna və Moldova Avropa İttifaqında yer ala bilər. Əslində bu da çıxılmaz vəziyyət yaradır”.
İ.Hüseynov deyib ki, Moldova və Ukraynanın təşkilata üzv olması mübahisəlidir: “Digər bir məqama da diqqət etmək lazımdır ki, qardaş Türkiyənin ərazi bütövlüyü pozulmayıb. Ölkənin maraqları böyük coğrafiyada təmsil olunur. Lakin uzun illərdir Türkiyəni orda görmək istəmirlər. Moldova və Ukraynanın üzv olması bir qədər maraq doğurur. Həmçinin cənubi Qafqazdakı məsələlərə nəzər saldıqda görürük ki, Gürcüstanda geniş müzakirə olunan qanunla bağlı Avropa İttifaqı ölkəni sanksiyalarla hədələyir. Hətta vizasız gediş-gəliş və vizanın liberallaşdırılması ilə bağlı verilən imtiyazları aradan qaldırmaq istəyirlər. Bütün bunlar Brüsselin hansı mahiyyətə malik olduğunu və yalnız üzvlüklə bağlı şirnikləndirici vədlərin verildiyini, reallıqda isə heç bir addımın atılmamasını nümayiş etdirir”.
Ayşən RƏHİM