Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinin sakinləri ilə növbəti dəfə görüşüb. Görüşdə Paşinyan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərindən, sülh müqaviləsinin imzalanmasından, eləcə də işğal altında saxladıqları kəndlərin Azərbaycana qaytarılmasının tarixi önəmindən danışıb. Baş nazir sakinlərə deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, erməniləri sevindirməlidir. Onun sözlərinə görə, hakimiyyətin məqsədi ölkə vətəndaşlarının həyəcansız bir şəkildə “Azərbaycan 50 metr uzaqdadır, orada ticarətlə məşğul olacağıq, iqtisadiyyat quracağıq”, – deməsidir. Belə bir fonda Azərbaycanın Qarabağ bölgəsində 2020-ci ildə yerləşdirilən Rusiya sülhməramlı kontingenti də ərazini tərk edib.
Paşinyanın ölkə vətəndaşlarına ismarıcları, rusiyalı sülhməramlıların Qarabağı vaxtından əvvəl, özü də birdəfəlik tərk etməsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, baş verən hadisələr Bakı və İrəvan münasibətlərinin normallaşması baxımından irəliyə doğru atılmış addım sayıla bilər.
Bununla belə, o qeyd edib ki, prosesin ən qısa zamanda sülh sazişinin imzalanması ilə nəticələnə biləcəyini söyləmək bir qədər tezdir: “Cənubi Qafqazda bir sıra böyük dövlətlərin maraqları kəskin şəkildə toqquşur. ABŞ, Avropa İttifaqı (Aİ) regiona nüfuz etməyə və yerləşməyə cəhd göstərir. Sülh müqaviləsinin imzalanacağı təqdirdə Rusiya, ABŞ, eləcə də Aİ bölgədə əsas təsir mexanizmlərini itirmiş olacaqlar. Ona görə də həm Qərb, həm də Rusiya Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasını dəstəkləmir. Vaşinqton, Aİ ölkələri açıq-aşkar müqaviləyə əngəl törətməyə çalışır. Fransa isə pozucu qüvvələrdən biridir”.
Politoloqun fikrincə, sülh sazişinin yaxın zamanlarda imzalanma ehtimalı yoxdur: “Ermənistan müstəqil siyasət yürütmək qabiliyyətindən uzaqdır. İrəvan ABŞ-dən, Aİ-dən gələn təlimatları, sifarişləri yerinə yetirir. Hazırda isə Qərbdən Ermənistana gələn təlimat onu sülh prosesindən uzaqlaşdırmağa hesablanıb. Hətta ölkəni Azərbaycanla hərbi toqquşmaya hazır olması üçün silahlandırırlar. Delimitasiya prosesində müəyyən addımların atılması, Azərbaycana məxsus kəndlərin geri qaytarılması kimi mövcud problemlərin həll edilməsi gələcəkdə qonşu dövlət arasında müsbət addım kimi qiymətləndirilə bilər. Bunların sülh müqaviləsinin imzalannmasına təsiri hələlik inandırıcı görünmür”.
Ayşən RƏHİM