“Mənim oğlum Amerikadan gəlib, cəbhəyə döyüşməyə gedib”
“İşi görən biz, alıb yeyən bunlar”
Şuşa Dövlət Musiqili Dram Teatrı 30 il binasız, şəraitsiz, məhdud imkanlarla tamaşalar hazırlamağa, “Biz də varıq”, – deməyə çalışırdı. Onların fəaliyyət göstərdikləri “teatr binası” o qədər şəraitsiz idi ki, orada tamaşaya baxmaq mümkün deyildi. Buna baxmayaraq, Şuşa Teatrının yaradıcı kollektivinin ümidi tükənmir, Şuşa işğaldan azad olunan günədək torpaqlarımıza dönəcəkləri günü səbirsizliklə gözləyirdilər. Onlara paytaxtda müəyyən şərait yaradılsa belə, tək arzuları 30 il əvvəlki Şuşa Teatrının fəaliyyətini doğma torpaqda – Şuşada davam etdirməkdir. Artıq bu teatr “qaçqın teatrı” deyil. Aktyorlar indi daha məğrur, daha ürəkli və sevinclidirlər. Çünki arzularına çatmaq üçün illər deyil, aylar qalıb.
Medianews.az-ın bugünkü qonağı Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovdur.
– Ağdamda doğulsanız da, hər kəs sizi şuşalı kimi tanıyır. Bu barədə nə deyərdiniz?
-Deyir, əslini danan haramzadədir. Mən Ağdamda doğulub boya-başa çatmışam. Orta məktəbi orada bitirmişəm. Ali təhsilimi başa vurduqdan sonra Şuşaya gəlmişəm. Hamı məni şuşalı kimi tanıyır. Mənim özümün də bir şüarım var – hər zaman deyirəm ki, yaxşı oğlanlar, vətənpərvər, xalqını sevən oğullar haralıdırlarsa, özümü onların yerlisi hesab edirəm.
– 30 ildən sonra Şuşa ilə görüşünüzlə bağlı planlarınız var idi. Deyirdiniz ki, Şuşaya gedib son nəfəsimi orada verəcəm…
– Bu illər ərzində yalnız onu arzulamışam ki, kaş Şuşaya qayıdaq. Gedim üzümü Qala divarlarına sürtüm, Üzeyir Hacıbəyovun “Sənsiz” romansını oxuyum, elə oradaca ölüm… Şuşaya gedəndə bizi Qala divarlarına yaxın buraxmadılar. Qayıdanda isə Qala divarlarının yanında avtobus xarab oldu. Teatrımızın aktyoru Teymur müəllimin hərbçilər arasında tanışı var, ondan xahiş etdik, bizi ora buraxdılar. Evimi gördüm. Şuşanı mühafizə edən oğullarımız yaşayır mənim evimdə. Orada yaşayanlardan soruşdum ki, bura kimin evi olub? Dedilər, bura Şuşa Teatrının direktoru Yadigar müəllimin evi olub. Dedim bax o Yadigar mənəm. Siz hələlik burada yaşayın, mən qayıdacam.
O ki qaldı əhdimə, 28 il Şuşasız hər gün ölüb-dirilmişəm. Yəni ölmək limitimi doldurmuşam…
– Şuşadakı evinizi, doğrudan, teatrınızın kollektivinə hədiyyə edəcəksiniz?
-Əlbəttə, söz kişinin ağzından bir dəfə çıxar. İnsan sözünün ağası olmalıdır. Şuşada teatrımızın binası hazır olana qədər mənim evimdən istifadə edə bilərik. Bilirsiniz ki, Şuşada böyük bir evim var. Orada evi olmayan işçilərimiz yaşaya bilər. Tamaşanın məşqlərini evimin üst mərtəbəsində edə bilərik, 150 yerlik səhnə düzəltmək olar. Evimdə Şuşa Teatrının yaradıcı heyəti müvəqqəti məskunlaşa bilər. Bundan əlavə, teatrın kiçik səhnəsi də həmişəlik orada qurula bilər.
– 30 ildən sonra Şuşaya dönəndə hansı tamaşaları səhnələşdirəcəksiniz?
– Teatrımızın ədəbi hissə müdiri Xaqani Əliyev tarixi dram janrında “Pənahəli xan” adlı pyes yazıb. İstəyirəm, Şuşaya gedişimizdə bu tamaşanı oranın səhnəsində nümayiş etdirək. Novruz bayramında teatrallaşdırılmış konsert proqramı hazırlayırıq. Bu proqramda tarixi şəxsiyyətlərlə bağlı məlumatların təqdim olunması nəzərdə tutulub. Bunun üçün Mədəniyyət Nazirliyinə müraciət etmişik. Cavab gözləyirik.
– Şuşanı tərk etmək məcburiyyətində qaldığınız günü necə xatırlayırsınız?
– Bizim ağlımıza gəlməzdi ki, Şuşa işğal olunar. Gecə saat 03:20 radələrində ermənilər şəhəri atəşə tutdular. Qonşularımız dedi ki, artıq düşmən şəhərə daxil olub. Biz yurdumuzu tərk etmək məcburiyyətində qaldıq. Həmin gün 21 yerlik avtobusa 70-dən artıq insan yerləşdirib avtobusu idarə etdim. Yol boyu insanların cəsədləri, vurulmuş maşınlar gördük… O günü təsəvvür etmək çətindir. Yolun kənarında insanları düşürdüm ki, avtobusu vursalar, içində çox adam olmasın. Avtobusdan düşənlərə dedim ki, gedin, İsa bulağı tərəfdən sizi yenidən götürəcəm. Mən ciddi məsuliyyət daşıyırdım. Bir var tək məni vuralar, bir də var avtobusdakı hər kəsi. Allahı çağırıb maşını idarə edirdim. Atılan güllələr qayaya, dağa dəyirdi. Güllənin bir neçəsi avtobusa dəysə də, özümə görə narahat deyildim. İsa bulağına gələn insanları yenidən avtobusa mindirib dağa qaldırdım. Haçayalına çatmağımıza az qalırdı, qabağımızda 5 maşın gedirdi. Qarşımdakı “Ural” markalı maşını isə bir polis idarə edirdi. O, maşını saxladı və mən buna bərk əsəbiləşdim. Çünki önümüzdəki maşınlar asta sürətlə gedirdilər. Polis mənə əli ilə işarə etdi ki, saxla.
Düşüb əsəbi halda ona yaxınlaşdım, qışqırmağa başladım, mənə dedi ki, ölmək istəyirsənsə, bir daraq patronum var, doldurum qarnına buradaca öl, amma sənə deyirəm gözlə. Bu anda atəş səsləri gəldi. Gördük ki, bizdən qabaqda gedən bütün maşınları vurdular. O maşınların hamısı dərədən aşdı. Polis qayıtdı ki, indi sənə yol verirəm get. Mən də özümü itirdim, polisi qucaqlayıb ondan üzr istədim. Yoluma davam etsəydim, mən heç, avtobusdakı insanların hamısı öləcəkdi. Avtobusu saxlayıb, meşənin içi ilə Laçın yoluna düşdük. Bakıya mənim ölüm xəbərim çatmışdı. Qardaşım məni qarşısında canlı görəndə özünü itirib, ağlamağa başladı.
– Şuşa Teatrının keçdiyi yola baxanda görürük ki, onun taleyi nəinki qaçqınlıq dönəmində, heç Şuşada fəaliyyət göstərəndə də yaxşı olmayıb. Şuşa Teatrının yaradıcı kollektivinə Şuşada tamaşa oynamaq qismət olmayıb.
– Bəli, biz teatrımız açılandan Şuşada tamaşa oynamamışıq. Teatr fəaliyyətə başlayanda Mədəniyyət Nazirliyi bizə hazırlıq üçün 6 ay məşq dövrü vermişdi. 6 ayda iki tamaşa hazırlanmalı idi. Nazirliyə xəbər vermək istəyirdik ki, gəlib tamaşamıza baxsınlar və biz teatrımızın açılışını edək. Bir də gördün bir yol hadisəsi olurdu, bir meyit, yaralı gəlirdi. Yəni teatrımız fəaliyyətə başlayandan bizə açılışı etmək qismət olmadı. Çünki şəhər heç o ab-havada deyildi. Şuşa işğal olunana qədər onu edə bilmədik.
– Paytaxta gəldikdən sonra qaçqın bir teatrı şəraitsiz vəziyyətdə yaşatmaq çətin olmadı ki?
-Əlbəttə, bu 30 ildə çox çətinlik yaşadıq. Bakıya gələndən ay yarım sonra AzTV-də aparıcı Hicran Hüseynovun verilişində aktyorlarımıza səsləndik. “Haradasan, Şuşa Teatrı” deyərək çağırış etdik. Şuşa Teatrının kollektivini paytaxta yığandan sonra çox yer gəzdik, bizə heç kim yer vermədi. O zamanlar Gənc Tamaşaçılar Teatrının direktoru Kamal Əzizovun yanına getdik. Cümləmizi bitirməmiş fikrimizi başa düşdü, bizə otaq verdi, teatrın bütün sexlərini gəzdirdi. Dedi ki, buradan öz teatrınız kimi istifadə edə bilərsiniz. İlk tamaşamız da 1993-cü il fevralın 13-də baş tutdu. Həmin gün şəhərdə güclü qar yağmışdı, şəhər iflic vəziyyətdə idi, nəqliyyat işləmirdi. Elə bildik ki, tamaşaya heç kim gəlməyəcək.
Düşünürdük ki, Allahın qarğışına gəlmişik. Həmin gün səhnəyə çıxdıq ki, zal doludur, tamaşaçılar bizi ayaq üstə izləyib alqışlayırdı. İlk olaraq Üzeyir Hacıbəyovun “Arşın mal alan”ını oynadıq. Nə olsun ki Şuşada deyildik, amma o gündən bəri ümidimizi itirmədik, fəaliyyətimizi bir an belə olsun dayandırmadıq.
– Sizi daha çox aşıq Yadigar kimi tanıyırlar, baxmayaraq ki, 32 ildir ki, Şuşa teatrının direktorusunuz.
– Heç vaxt özümdən razı olmamışam. Elçin Əfəndiyev o zamankı mədəniyyət nazirinə dedi ki, sən bilirsənmi ki, Yadigar “Qulp” verilişi obrazı ilə yeni satirik publisitik janr yaradıb. Aşıq Yadigar hər səviyyədə olan insanlar tərəfindən sevilirdi. Hətta Ulu öndər Heydər Əliyev bizi görəndə dedi: “Yadigar müəllim, belə davam edin, sadəcə satiranı bir az da artırın, özü də deyin ki, mən demişəm. Bizə güclü satira lazımdır”.
– Bu obrazın ideyası necə yaranmışdı?
-Baba Pünhanla Mübariz Əsgərov elə birini axtarırdılar ki, həm səsi, həm aktyorluq qabiliyyəti, həm musiqi duyumu olsun, üstəlik, musiqi alətində ifa edə bilsin. Baba Pünhan rus dilində onun şeirini deməyimi istədi. Mən də baxdım şeirə, sinəmə yatdı, məşq etdim. “Sevgilim, sən maral kimi süzməyi kimdən öyrəndin…” mahnısının ritmləri ilə oxudum. O qədər həvəs yarandı ki, axşam Baba Pünhan telefonda şeiri mənə deyirdi, səhərə mahnı hazır idi. O mahnılara musiqi bəstələmirdim, oxunmuş bəstəkar və xalq mahnılarının musiqisi əsasında deyirdim sözləri.
– Beləliklə, məşhur oldunuz…
– Qızım, mən “Arşın mal alan”da Əsgəri oynadım, məni tanımadılar, “Özümüz bilərik”də Zəfəri oynadım heç tanımadılar, “Durna” operettasında aşıq Murad obrazını canlandırdım, üzümə də baxmadılar, “Nənəmin şahlıq quşu”nda Cəsarəti oynadım yenə tanımadılar. “Qulp” verilişində barmaqarası yanaşdığım aşıq obrazı canlandırdım və onunla tanındım. Əvəllər bu obrazı canlandıranda pərt olurdum, pisimə gəlirdi. Daha sonra qəbul etdim, aşıq pis söz deyil ki…
Aşıqların çoxunun acığına gəlirdi. Deyirdilər ki, sən qarabağlısan, nə ixtiyarın var satirik mahnları sazla oxuyursan?! Get, onu tarla oxu. Mən də deyirdim ki, nə olsun, bizim aşıq tariximizdə aşıq Valehimiz var. Sazı niyə bizdən ayırırsınız?
– Bundan sonra Şuşada keçirilən beynəxalq festivallarda sizi görə biləcəyikmi?
-Yadigar nə gəzir?! Yadigar çoxdan ölüb, Yadigar var?! Şuşaya getmək adı gələndə Yadigar yada düşmür ki… Orada mənim evim var, orada mənim 3 oğlum dünyaya gəlib, ailəm orada olub. Şuşada beynəlxalq festivallar keçiriləndə “Yox, o ağdamlıdır, getməsin”, – deyirlər. A qardaş, başınıza dönüm, nə fərqi var haralıyam? Şuşa Dövlət Musiqili Dram Teatrının direktor vəzifəsinin maaşını alıram ey..: Mən varam, ölməmişəm. Nə olar ki, Şuşaya getsəm, bizim teatr da o festivallara dəvət olunsa?!
– Axı vaxtilə o festivalları Siz təşkil etmisiniz.
-1989-cu ildə mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə Şuşada “Xarıbülbül” festivalı keçirildi. Səhnəciklərin hamısını Şuşanın aktyorları ifa etdi. Tədbirin keçirilməsinə 2 gün qalmış Bakıdan tədbirin sahibləri gəldi. Aydın oldu ki, biri festivalın rejissoru, biri bədii rəhbəri, digəri isə ssenari müəllifidir. Dərdləri də o idi ki, gələnlərin adına pul yazılacaq, alıb xərcləyəcəklər. İşi görən biz, bir ay məşq edən biz, alıb yeyən bunlar. Şuşada keçirilən o festivalları biz etmişik, amma susmuşuq. Sözümün canı odur ki, biz bunu etmişik, yenə də etməyə gücümüz var. İndi heç olmasa, Şuşada keçirilən bu festivallarda iştirak edək. İştirak etməsək də, eybi yox, gələk, qıraqdan büzüşək baxaq…
– İşğaldan azad olunduqdan sonra Şuşada “Xarıbülbül” festivalının keçirilməsi ilə bağlı sizin məlumatınız yox idi?
– Festival keçirilməzdən əvvəl nazirlikdə iclas oldu. Orada “Xarıbülbül”lə bağlı təkliflər soruşulanda məndən başqa heç kim dillənmədi. Dedim, Şuşada “Xarıbülbül” festivallarının hamısının canlı şahidiyəm. O zamanlar festivalın məşqlərini aparmışam, Cıdır düzündə hücrələr düzəldirdik, hər hücrənin qarşısında bir muğamın adı yazılırdı. Kim hansı muğamı istəsə, ona da qulaq asırdı. Düşündüm ki, o təşkilatçıların içində mən də olacam. Nəinki festival keçiriləndə kənarda qaldım, hətta məni festivala aparmırdılar. Mən özümü o siyahıya güclə saldırdım. Öz etirazımı bildirdim ki, niyə məni ağdamlı kimi təqdim edib siyahıdan çıxarırsınız? Mən ağdamlı olmağımla fərx edirəm, amma 32 ildir Şuşa Teatrının direktoruyam. Bilirəm onu kimlər etmişdi. Bu nə bəladır axı?! Vahid Azərbaycanıq biz! Biz bu zəfəri necə əldə etdik – bütün azərbaycanlılar “dəmir yumruq” olmaqla. Onda fərq qoyduq ki, bu avardır, bu talışdır, bu ləzgidir? Vallah ayıbdır. Bu mövzuda danışmağı özümə ayıb hesab edirəm. Axırda Şuşaya getmək üçün dedim ki, ay qardaşlar, mənin oğlum Amerikadan gəlib, Ağdam hərbi komissarlığından deyil, Şuşa hərbi komisarlığından cəbhəyə döyüşməyə gedib. Çox şükür ki, oğlum müharibədən sağ-salamat qayıtdı. Görün başqa hansı mədəniyyət ocağının rəhbərinin oğlu gedib müharibədə döyüşüb?
Xəyalə Rəis,
Medianews.az