Bu il sentyabrın 25-də İraqın şimalında mövcud olan kürd muxtariyyatında müstəqil dövlət elan edilməsinə dair referendum keçiriləcək.
25 sentyabr referendumunun nəticələrinin necə olacağı haqqında dərin düşüncələrə dalmağa lüzum yoxdur, seçicilərin yüzdə doxsanı müstəqilliyə səs verəcək.
Ancaq bu referendumun baş tutub-tutmaması məsələsi var, o da yüzdə əllinin altında bir ehtimaldır.
İndilikdə regionun dörd mühüm dövləti kürdlərin bu planına qarşı çıxırlar. Bunlar Türkiyə, İran, Suriya və İraqdır.
Türkiyə və İrandan fərqli olaraq Suriya və İraqın “Kürdüstan” adlana biləcək dövlətin qurulmasına etirazları formal xarakter daşıyır. Onlarda bu planın qarşısını ala biləcək güc yoxdur.
Zatən, kürdlər hazırda İraq dövlətini parçalamış, onun şimalını öz nəzarətlərinə götürmüş haldadırlar. Suriyanın da iri yaşayış məntəqələri kürdlərin nəzarətindədir. Böyük ehtimalla sular durulanda bu ərazilər də İraqın şimalındakı kürd muxtariyyatına birləşdiriləcək.
Hazırda kürd liderləri özlərinə əmin şəkildə kürd xalqının minillik arzusunu reallaşdırmağa sövq edən ABŞ-ın dəstəyidir. Məhz ABŞ istəyir ki, bölgədə yeni bir dövlət, Kürdüstan qurulsun.
İran və Türkiyənin əndişəsi isə ondandır ki, Suriya və İraqın qapazaltı edilməsi hesabına əmələ gətirilən bu dövlətin sərhədləri onların daxilinə qədər irəliləyə bilər. Başqa sözlə, Türkiyə və İran kürdlərin ya dərhal, ya da bir müddətdən sonra “Böyük Kürdüstan” yaratmağa çalışacaqlarını düşünürlər.
Böyük ehtimalla elə də olacaq. Çünki həm Türkiyədə, həm də İranda sayı milyonlarla ölçülən kürd icmaları yaşayır və onların bir xeylisi “müstəqil Kürdüstan” ideyasına dəstək verirlər. Bu planı silah və zor gücünə həyata keçirmək istəyən terrorçuların mövcudluğu da heç kəsə sirr deyil.
İraqdakı 5 milyonluq kürd icmasının müstəqil dövlət qurması və Suriyada yaşayan milyon yarımlıq kürdi icmasının ABŞ-ın dəstəyi ilə uğurlu və fəal müharibəsi aparması Türkiyədəki 11, İrandakı 5 milyondan çox kürdü həvəsləndirməyə bilməz.
ABŞ-da, Avropada bu məsələ xüsusunda fərqli düşünürlər. Onlar ən aşağı göstəricilərlə toplam sayı 25 milyondan çox olan və əsasən regionun dörd dövlətinin ərazisində param-parça halda yaşayan xalqın müstəqil dövlətə sahib olmasını məqbul sayırlar.
Dünyada sayı bir milyona çatmayan onlarca xalq var ki, müstəqil dövlətləri var. Söhbət bizim regiondan gedirsə, burada toplam sayı 5 milyon olmayan ermənilərin iki dövləti (biri tanınmamış olsa belə) var.
Belədirsə, Qərb siyasiləri və strateqləri düşünürlər, nədən kürdlərin öz müstəqil dövləti olmasın? İraq parçalanacaq? Cəhənnəmə parçalansın. Suriya dağılacaq? Dünəndən dağılsın. Türkiyə cənub-şərq bölgələrini itirəcək? Nə olsun, itirsin. İranın qərbi nəzarətdən çıxacaq? Lap yaxşı.
Amerikalı və avropalı siyasilərin düşüncəsi bundan ibarətdir. Onlar üçün kürdlər yaşadıqları bölgənin aborigen xalqıdır və artıq öz dövlətlərini quracaq qədər yetişiblər, illərdir bu məqsəd uğrunda savaşırlar, demək, onlara dövlət qurmaq üçün kömək etmək lazımdır.
ABŞ-ın maddi, siyasi, hərbi olanda dəstəklədiyi bu layihəyə Avropa ölkələrindən başqa, Rusiya da, İsrail də dəstək verir. Regionda bir kürd dövlətinin olması Türkiyə, İran, İraq və Suriyadan başqa hamıya sərf edir.
Düzdür, hazırda Türkiyə və İran istər iqtisadi, istərsə də hərbi baxımdan regionun (eləcə də dünyanın) qüdrətli dövlətlərindəndir və Şimali İraqda yaranacaq müstəqil kürd dövləti kənardan nə qədər yardım alsa da, onlara bata bilməz. Ancaq uzaq perspektivlərdə nələrin olacağını kim bilir?
Bir iş də var ki, Şimali İraqda yaranacaq dövlət İsrail kimi olsa və dünyada yaşayan bütün kürdləri öz qoynuna səsləsə, dünya kürdlərinin yarısını belə özünə sığışdıra biləcək potensialda deyil. Demək, bu yeni dövlət öz sərhədlərini genişləndirməyə çalışacaq.
Bəs bu avantüranın bizim üçün qorxusu varmı?
Azərbaycanda 6 minə yaxın kürd millətindən olan şəxs var və onların da tam əksəriyyəti etnik çoxluqla qaynayıb-qarışıb. Bununla belə, bizim ölkədə də özünü “kürd ideyası”na həsr edən adamlar və dərnəklər var. Onlar indilikdə zəifdirlər və əsas məqsədləri dövlət qurmaq yolunda olan İraq kürdlərinə dəstək verməkdir.