Müsavat başqanı Arif Hacılı dekabrın 4-də “Media forum” saytının suallarını cavablandırıb.
- Partiya başqanlığına seçkinin nəticəsindən narazı olanlar növbədənkənar qurultayın çağırılması üçün təşəbbüs qrupunun və fraksiyanın yaradılmasına qərar verib. Narazıların qərarlarını necə qiymətləndirirsiniz?
- Partiyanın növbədənkənar qurultayının keçirilməsi üçün heç bir zərurət yoxdur. Müsavat 8 ildən çox idi növbəti qurultayını keçirə bilmirdi. Maraqlıdır ki, indi növbədənkənar qurultay tələb edən bəzi şəxslər 8 il partiyanın qurultayının keçirilməsinə maneçilik törətməklə məşğul olublar.
Növbədənkənar qurultayın keçirilməsi qaydaları partiya nizamnaməsində aydın göstərilib. Bunun üçün azı 14 rayon, şəhər təşkilatının rəsmi qərarı, yaxud 40-dan artıq Məclis üzvünün müraciəti və ya Müsavat Partiyası başqanının müraciəti tələb olunur. Əgər bunlardan biri olarsa, onda bu məsələ Məclisin gündəliyinə salına bilər. Sonda isə Məclis növbədənkənar qurultayın keçirilməsi üçün qərar qəbul etməlidir.
İndi növbədənkənar qurultaya təşəbbüs göstərənlərin Müsavatda bu sayda tərəfdarı yoxdur. Bu istəkdə olan azsaylı adamlar həmin prosedurların həyata keçirilməsi yolu ilə öz məqsədlərinə nail ola bilməzlər. Onların özləri də bunu bilir. Hesab edirəm ki, növbədənkənar qurultay çağırışları əslində onun keçirilməsi ilə bağlı deyil, məqsəd Müsavat Partiyasında 27 sentyabr qurultayından sonrakı müzakirələri uzatmaq və partiyada vəziyyətin tam sabitləşməsinə mane olmaqdır.
Bir məsələni də tam əminliklə deyirəm: növbədənkənar qurultay keçiriləcəksə, indi onu tələb edənlər 27 sentyabr qurultayında aldıqları səsin heç yarısını da toplamaq imkanına malik deyillər.
Fraksiya isə yaranmayacaq. Çünki fraksiyanın yaradılması təşəbbüsçülərinin sayı həddən artıq azdır. Hətta qurultayda mənə səs vermədiklərini açıq bəyan edən partiya üzvlərinin əksəriyyəti fraksiya yaradılmasının əleyhinə çıxır. 10-15 nəfərlə hər hansı bir fraksiyanın yaradılması təşəbbüsü ilə çıxış edənlər bununla yalnız özlərinə ciddi ziyan vura bilərlər. Düşünürəm ki, onlar tərəfdarlarının, fraksiya yaratmaq istəyən şəxslərin siyahısını tutduqdan sonra bu fikirlərindən vaz keçəcəklər.
- Əvvəlki açıqlamalarınızda qeyd etmisiniz ki, fraksiyanın yaradılması Müsavatın nizamnaməsinə ziddir və buna təşəbbüs göstərənlər cavab alacaqlar. İndi nizamnamə tələbləri işə düşə bilərmi, yoxsa siz hələ gözləmək niyyətindəsiniz?
- Növbədənkənar qurultayın keçirilməsini tələb etmək partiyanın nizamnaməsinə zidd deyil. Ancaq müəyyən prosedurlar keçdikdən sonra bu prosesin yenə də davam etdirilməsi, əbədi olaraq bu tələblərin irəli sürülməsi, təbii ki, partiyadaxili sabitliyin pozulması, partiyanın imicinə xələl gətirən hərəkətlər kimi yozula bilər.
Fraksiya yaradılması isə partiyanın nizamnaməsində nəzərdə tutulmur. Əgər fraksiya yaradılması təşəbbüsləri ciddiləşərsə, partiyanın müvafiq strukturları bu məsələləri müzakirə edib müvafiq qərarlar qəbul edəcəklər. Hərçənd mən buna inanmıram, hesab edirəm ki, bu məsələ söz-söhbətdən uzağa getməyəcək və fraksiya yaratmağa təşəbbüs göstərənlər buna nail ola bilməyəcəklər.
- Siz başqansınız. Növbədənkənar qurultayın keçirilməsinə və fraksiya yaradılmasına qərar verənlərə bir çağırışınız, təklifiniz varmı?
- Mən öz təkliflərimi daim irəli sürürəm. Hər kəs şahiddir ki, sülhpərvər əhvaldayam. Qurultaydakı seçkilərin nəticələrindən narazı qalan adamlarla dəfələrlə görüşmüşəm. Bu görüşlərimi bundan sonra da davam etdirmək niyyətindəyəm. Amma hər kəs bilməlidir ki, bu proses əbədi davam edə bilməz.
- Müsavat Məclisi sədrliyinə seçkisi nə vaxt olacaq?
- Dekabrın sonu Məclisin toplantısında partiyanın strukturlarının formalaşması prosesi başa çatacaq. Düşünürəm ki, orada partiya Məclisinin sədri də seçiləcək.
