“İraq və Şam İslam Dövləti” (İŞİD, yaxud “İslam Dövləti”) qruplaşmasının yaraqlıları Rusiya prezidenti Vladimir Putini həddələyib və bütün Qafqazda tezliklə müharibəyə başlayacaqlarını bildirib.
Virtualaz.org saytının xəbərinə görə, İŞİD qruplaşmasının bu xəbərdarlığı haqda “əl-Ərəbiyə” peyk kanalı məlumat yayıb. İŞİD yaraqlıları Putini hədələyən videoyazını internetdə yerləşdiriblər.
Videoyazıda İŞİD yaraqlıları Bəşər Əsədin müttəfiqi olaraq Vladimir Putini şəxsən hədələyirlər, Suriya diktatorunu silah və texnika ilə təchiz etdiyinə görə ondan qisas alacaqlarını bildirirlər.
YouTube portalında yerləşdirilmiş videoyazıda yaraqlılardan biri Suriya ordusundan ələ keçirilmiş qırıcının kabinəsində oturub, digəri isə avtomobildən Putini hədələyir. Qırıcı təyyarə İŞİD tərəfindən Suriya ordusunun Tabaka hərbi bazasında avqustun sonlarında ələ keçirilib.
İŞİD Rakka əyalətindəki Tabaka hərbi bazasını ələ keçirdikdən sonra oradakı tanklar, qırıcı təyyarələr və ağır toplar yaraqlıların əlinə keçib.
Avtomobildə oturan yaraqlı deyir: “Bu mesaj sənədir, ey Vladimir Putin, bunlar sənin Bəşərə göndərdiyin təyyarələrdir. Biz Allahın köməyi ilə onları sənin üzərinə göndərəcəyik, bunu yadda saxla. Biz Allahın yardımı ilə Çeçenistanı və bütün Qafqazı azad edəcəyik. İslam dövləti var və olacaq, Allahın izni ilə daha da genişlənəcək. Sənin taxt-tacın artıq laxlayıb, təhlükə altındadır və bizim gəlişimizlə çökəcək. Biz artıq yoldayıq”.
Yaraqlılar Əsədi də hədələyir, onu “donuz” adlandırır və təyyarələrlə ona divan tutmağa gələcəklərini bildirir.