Şablon kimi görünə bilər, ancaq fakt budur ki, bizim bu gün həmişəkindən daha çox birliyə ehtiyacımız var. Bizi üstümüzə yeriyən təhlükədən nə silah-sursatımız, nə neft-qazımız, nə də Ermənistanı üstələyən hərbi büdcəmiz xilas edə bilər. Xilasımız milli birliyimizdədir. Ancaq bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Əgər Bakıdan Krımı ilhaq edən Putinə təbrik mesajları gedirsə, narahatlığa ciddi əsas var.
Hər gün Rusiyanın yeni işğal planları ilə bağlı məxfi kəşfiyyat məlumatları yayılır, rus ordusunun səsi gah Dağıstandan, gah Cənubi Osetiyadan, gah da Ermənistandan gəlir. Kim bizi əmin edə bilər ki, Gümrüdəki rus əsgərləri və silah-sursatı Qarabağa daşınmayıb. Deməli, təhlükə çox böyükdür, ancaq bəziləri təhlükəni ölkə daxilində axtarır.
Keçmiş prezidentlərin statusu haqqında qanunun qəbulu nəticəsində Ayaz Mütəllibovun qayıdışına, Elçibəy ailəsinin imtiyaz sahibi olmasına şərait yaranandan, Rəsulzadənin yubileyinin dövlət səviyyəsində qeyd olunmasından sonra ümidlər yaranmışdı ki, artıq olub-keçənlər bir tərəfə qoyulacaq, ölkədə “xəyanətkar” axtarışına son veriləcək. Ancaq bu günlərin müşahidəsi ayrı şey deyir. Özü də bu yersiz suçlamalar Azərbaycan dövlətinin başının üstünü növbəti dəfə qara buludların aldığı dönəmdə baş verir. Bu gün iqtidarlı-müxalifətli hər kəsin dövlətin taleyi ilə bağlı ortaya vahid mövqe qoyması tələb olunur, ancaq bəzi qüvvələr daxildə düşmən axtarmaqla bu mövqenin qarşısını kəsmək istəyir.
Kəlbəcərin işğalı ilə bağlı dövlət televiziyasının hazırladığı verilişlərə baxdım. Adamlarda kin-küdurətin miqyası nə qədərmiş, ilahi! Üstündən 21 il keçib, yenə də Kəlbəcərin işğalına görə AXC-Müsavat hakimiyyətini günahlandırırlar. Ermənini, rusu yox, Azərbaycanın keçmiş hakimiyyətini! Bu, nə deməkdir? Buna baxan düşmən bizim haqqımızda nə fikirləşir görən? Şübhə etmirəm ki, ermənilər bu kimi verilişlərin də stenoqramını hazırlayıb günün birində ingiliscə yayacaq. Necə ki, Xocalı soyqırımı ilə bunu etmişdilər. Azərbaycanda soyqırımı “azərbaycanlıların törətməsi” ilə bağlı saxta yazılara istinad edirdilər. Təsəvvür edin, Kəlbəcərin işğalından o boyda veriliş hazırlanıb, amma hədəfdə erməni deyildi.
Biri deyirdi Pənah Hüseyn kəlbəcərliləri aldatdı, Kəlbəcərə gəlmədi, o birisi iddia edirdi İsa Qəmbər gəlib camaatdan xəbərsiz Kəlbəcərdə yeyib-içib qayıdıb…Bu qədər absurda getmək olarmı? Adamları bu şəkildə qaralamaq, faktiki olaraq düşmənin təcavüzünə bəraət qazandırmaqdır. Nə olsun onlar AXC-Müsavat hakimiyyətinin üzvləridir, düşmən ki, deyillər. Heç olmasa ANS-də Pənah Hüseynin 31 martda Kəlbəcərə gəlişini əks etdirən kadrlara baxıb susmaq olardı. Yaxud “İsa Qəmbər Kəlbəcərə toya gəlmişdi” iddiasına Mirşahinin “Ən yeni tarix”ində Müsavat başqanının verdiyi cavabın yayımlanmasından sonra xəyanət suçlamalarını efirdən yığışdırmaq olardı. Demə, İsa Qəmbər indiyədək Kəlbəcərdə toyda olmayıbmış…
* * *
Qardaşı Kəlbəcərdə şəhid olan, keçmiş deputat Əlövsət Ağalarov bu günlərdə “demirəm xəyanət olub. Mən torpağını satan türk eşitməmişəm. Sadəcə səriştəsizlik, təcrübəsizlik var idi” deyib. Dürüst yanaşmadır. Həm Əbülfəz Elçibəy, həm İsa Qəmbər dəfələrlə buna bənzər açıqlama verib. Necə ola bilər ki, hakimiyyətdə təmsil olunan şəxslər hansısa rayonun işğalına imkan versinlər, buna laqeyd qalsınlar? Axı, işğal edən erməni-rus koalisiyası olub, BMT Təhlükəsizlik Şurası qətnamə ilə bunu təsdiqləyib. Kəlbəcər o zaman işğal olundu ki, Azərbaycandakı rus ordusunun son hissələri çıxarılırdı. Azərbaycanı Kəlbəcərlə cəzalandırdılar. Bircə təsəvvür edin ki, rus ordusu indiyədək Azərbaycanda qalaydı… Bu xidmətinə görəmi keçmiş hakimiyyəti xəyanətkar sayırsınız?
Azərbaycan dövlətinin süquta yetirildiyi ay kimi təqvimə düşən aprel günlərində qəribə hallar müşahidə etməkdəyik. Televiziyaların birində aparıcı “Cümhuriyyət yaşasaydı, demokrat bəylər xalqı kütləvi savadsızlıqdan xilas edə bilməyəcəkdi, sovet dövləti bizi döyə-döyə oxutdu” deyir, digəri üzərində SSRİ yazılmış köynək geyinənlərə saatlarla efir vaxtı ayırır, başqası…Telefonlarda da SSRİ-nin himni…
* * *
Deyirlər bu günlərdə Akademik Dram Teatrında qalmaqal yaşanıb. “Şah Qacar” oynayan aktyorlar Ağaməhəmməd Şah Qacarı rus kəşfiyyatçının öldürməsi səhnəsinin tamaşadan çıxarılmasına qarşı çıxıb. Aktyorlar “Azərbaycan müstəqil dövlətdir, indi kimdən ehtiyat edirsiniz” deyə, rejissora etirazlarını çatdırsalar da, faydası olmayıb. Müəllif israr edib ki, Qacarı öz xidmətçisi öldürməlidir. Bu, Rus Dram Teatrında baş versəydi, bəlkə də anlaşılan olardı. Tarixi həqiqətləri tamaşada göstərməkdən də çəkinirik. Şimal küləyi birilərini möhkəm vurub…