Əsas məsələ o deyil ki, Türkiyədəki yüksək mənsəbli şəxslərin və onların övladlarının qurşandıqları korrupsiyaya dair əməliyyatı hansı dairə həyata keçirib və sənədləri kim yayıb.
Əsas məsələ odur ki, bunlar faktdır, sənədlər realdır, nazirlərə qarşı irəli sürülən ittihamlar təkzibedilməzdir.
Dünənə qədər Türkiyə vətəndaşlarının dönə-dönə, sevə-sevə işlətdikləri bir ifadə vardı, deyərdilər: “Rüşvətin bəlgəsi (sənədi) olmaz”. Bu gün o aforizmin qüvvədən düşdüyü gündür.
Ortada saysız-hesabsız korrupsiya və rüşvətxorluğa dair sənəd var. Srağagün özünə arxayın şəkildə “içim çox rahat” deyən nazir Egemen Bağışın da adının keçdiyi sənədlər açıqlanıb.
Fəqət, Türkiyə hakimiyyəti buna yetinmədən, həyata keçirilən əməliyyatı hansısa qüvvələr tərəfindən özünə, dövlətə qarşı icra edilən əməliyyat kimi qələmə verir.
Sanki bu qədər bariz korrupsiya faktları hansısa super dövlətin, tutaq ki, ABŞ və İsrailin barmağı ilə ortaya çıxarılıbsa, bu dövləti cinayət olmaqdan çıxır və avtomatik olaraq müdafiə olunmalıdır.
Dövlətçilikdə belə şey olmaz. Əlində qumbara partlayıbsa, bunun nəticələri varsa, ona uyğun da tədbirlər görülməlidir.
Özünü modern Avropa dövləti sayan, demokratiya və azadlıqlardan bəhs edən Türkiyəyə yaraşan o olardı ki, adı qalmaqala qarışan nazirlər dərhal istefa verəydilər.
Ancaq onlar nə etdilər? Müqavimət göstərməyə başladılar, baş nazirdən mədəd, dəstək umdular, əks-hücuma keçməyə çalışdılar, hədəf yanıtmağa səy göstərdilər və beləliklə, Türkiyəni korrupsiya məngənəsində çabalayan avtoritar rejimli ölkələrə tay etdilər.
Aydın məsələdir, bizdə, Azərbaycanda belə situasiyalar heç vaxt yaranmaz. Çünki burada yalnız gözdən düşmüş, saraydan qovulmuş və həbsə alınmış sabiq nazirlərə dair korrupsiya sənədləri yayılır. Qalan bütün nazirlər, komitə sədrləri, onların övladları, qohumları, hətta çaydan keçərkən, epizodik təmasda olduqları şəxslər belə aydan arı, sudan durudurlar. Onların korrupsiya fəaliyyəti dövlət sirri kimi bir şeydir, bu barədə informasiya yaymaq olmaz, qol qoyduqları maxinasiyalardan yazmaq isə şəxsi həyata müdaxilə cəhdi sayıla bilər.
Adamlar özlərinə təhlükəsizlik çənbəri düzəldiblər, hər cür çirkin iş görə, iqtisadi cinayət törədə bilərlər, amma bunu heç kəs araşdıra, yaza bilməz.
Türkiyə hakimiyyəti də bu yolda irəliləyirdi, ancaq minaya düşdü.
Bu ölkənin hakim partiyasının öndə gedən üzvlərinin son 7-8 ildə topladıqları varidat barədə əfsanələr dolaşırdı, fəqət ortada sənədlər yox idi. Hakimiyyətə gələndə təvazökar həyat tərzi keçirən adamların övladlarının yaxtaları, otelləri, villaları əmələ gəlmişdi, ancaq bunların qaynağını araşdıran yox idi.
Hər dəfə seçkilərdə qazandığı səsin faizini bir qədər də artıran Ərdoğan iqtidarı cəmiyyətin iç işlərinə müdaxiləsini də, hakimiyyət qollarına sirayətini də artırırdı. Ordunu, polisi, prokurorluğu, məhkəməni, medianı tam inhisara aldığından artıq onu Türkiyənin neo-sultanı adlandırırdılar. Elə görünürdü ki, Tayyip bəyin əlinin üstündə əl yoxdur, iradəsi hər yerdə keçərlidir.
Ta Gəzi parkı olaylarına qədər belə oldu. Avropanın şərq qurtaracağında yeni bir avtoritarizm yuvasının əmələ gəlməkdə olması beynəlxalq medianın da diqqət mərkəzindəydi. Erkən yayda Taksim meydanında alovlanan xalq etirazları Ərdoğanın xarizmasını, reputasiyasını zədələsə də, sarsıtmamışdı, nazirlərinin korrupsiyada ittiham olunması isə onun üçün gerçəkdən də sarsıdıcı zərbə oldu.
Əlbəttə, bir müddətdən sonra bu komanda yenə də özünü “zərərçəkən” kimi göstərərək haray-həşir salacaq, amma inanan olacaqmı?
Ən qəribəsi odur ki, bu hakimiyyətin indiyədək öz siyasi rəqiblərinə tətbiq etdiyi bütün fəndlər öz başına gəlməkdədir. Dünənə qədər CHP və MHP-nin yetkili şəxslərinin seks kaseti yayılırdısa, bu gün Ərdoğanın qardaşının kaseti yayılır. O Ərdoğanın ki, tribunalarda yüksək səslə “əlinə, dilinə, belinə hakim olacaqsan!” deyə hayqırırdı.
Bir daha sübut olunur ki, şantaj siyasətinin, rəqibləri müxtəlif vasitələrlə susduraraq, özünü ölkənin ağası saymaq xəttinin axırı yoxdur. Adamı öz silahı ilə “vururlar”.