Əslində sensasiya budur, məhz bu xəbər qəzetlərin manşeti olmalıdır. Hər günmü qolubağlı qara qullar kimi məhkəməyə gətirilən bir jurnalist “mənə işgəncə verirlər” deyə bağırır.
Məhbus jurnalistin özünə qayçıyla xəsarət yetirərək intihara cəhd etməsi xəbəri tez-tezmi yayılır?
Oliqarxların maxinasiyaları, korrupsiyaya uğramaları barədə xəbərlər bitib-tükənən deyil, dünən də vardı, bu gün də var, sabah da olacaq, amma gözümüzün önündə bir hüquq müdafiəçisi, bir jurnalist yaman günə salınıb, bağırdılır.
Onun – Pərviz Həşimlinin həbs olunduğu gündən fiziki, psixoloji, mənəvi təzyiqlərə məruz qaldığı bəlliydi. İddialar və təkziblər bir-birini əvəz edirdi.
Jurnalistin vəkilləri tez-tez xoşagəlməz xəbərlər gətirirdilər. Başqa kanallarla da informasiyalar daxil olurdu. Həmin məlumatlarda qeyd olunurdu ki, müstəntiqlər Pərviz Həşimlidən ittiham olunduğu cinayət maddəsi üzrə nəsə soruşmurlar, dəqiqləşdirməyə çalışırlar ki, o, hakimiyyət və müxalifət adamları arasında vasitəçilik edibmi.
Ondan bəzi müxalifət liderlərinin əleyhinə ifadə almaq cəhdlərinin göstərildiyi bildirilirdi. Hətta Pərvizi Qurani-Kərimə əl basdırıb anda veriblərmiş ki, o, heç nəyi gizlətməsin, düzünü desin (bu da əslində psixoloji təzyiq metodudur).
Adam rəsmən böyük və heybətli bir dövlət strukturunun – Milli Təhlükəsizlik Nazirliyinin əlindədir. Onu məhkəməyə qara maskalı adamlar gətirir – sanki bin Ladenin varisiymiş, ondan sonra beynəlxalq terror təşkilatının başında dururmuş kimi.
Bir dəfə özünün də başına qara torba salıb gətirmişdilər – heç kəsi, hara aparıldığını görməsin, özünü qaranlıqda, məchullaqda, tənhalıqda saysın deyə.
Dünən qismən məlum oldu ki, jurnalistin başına torbanı nəyə görə keçiriblərmiş. O, məhkəmənin önündə yaxınlarını, həmkarlarını görməsin, onları görüb ürəklənməsin, “mənə işgəncə verirlər” deyə bağırmasın, səsini mediaya, ictimaiyyətə duyura bilməsin.
İndi o tələb edir ki, saxlandığı yer dəyişdirilsin, hüquqlarının daha çox təmin oluna biləcəyi başqa, adi bir təcridxanaya köçürülsün.
Dünənki məhkəmə də bu üzdən idi. Jurnalist hesab edir ki, yalnız bu yolla MTN-dən, onun təzyiqlərindən canını qurtara biləcək.
Belə görünür ki, bu, 10-15 ilin MTN-i deyil. O vaxt bu güc strukturuna siyasi motivlərlə düşən adamlar işgəncə və fiziki təzyiq görmədiklərini deyirdilər – həm də həbsdən çıxdıqdan sonra, onları artıq heç nəyin təhdid etmədiyi vaxtda. Deyirdilər, MTN-də belə söhbət yoxdur, onlar “incə” işləyir.
İndi isə jurnalist bağıra-bağıra “mənə işgəncə verirlər” deyir – özü də yenidən o dörd divar arasına, işgəncə verənlərin yanına qaytarılacağını bilə-bilə.
Demək, artıq orada “incə” işləmirlər. Demək, durum gerçəkdən də ciddidir. Əgər jurnalist özünə qəsd etməyə qalxacaq qədər ciddi bir təşəbbüs göstəribsə, onun fəryadını qulaq ardına vurmaq olmaz.
Pərviz Həşimlinin rəsmən ittiham olunduğu suçun (silah qaçaqmalçılığı) qurama olması bir tərəfə, bu “cinayət işi”nin istintaqının nədən israrla MTN-də aparılması maraq doğurur.
İlk günlərdən bu işin içində başqa bir iş olduğu ortadaydı. Pərvizə qarşı aqressiya nəyə görəsə böyük idi. Həbs edildiyi zaman onun ailə üzvləri, xüsusilə də azyaşlı qızı psixoloji sarsıntıya məruz qalmışdı.
Bəs bu boyda insan haqlarının müdafiəsi ilə bağlı təşkilatlar hara baxır? İnsan haqları üzrə müvəkkil bu işə nə deyir? İşgəncələrə Qarşı Milli Komitə jurnalistin qışqırığını ciddiyə alırmı? Həmkarları öz qələm yoldaşlarının halını gündəmdə saxlayırlarmı?
Əlbəttə, çox keçmədi, MTN-in mətbuat xidmətindən məlumat yayıldı, bildirildi ki, Pərviz Həşimlinin istintaqı qanunun tələbləri çərçivəsində aparılır, müttəhimin iddiaları tam əsassızdır və ona qarşı heç bir fiziki təzyiqə yol verilməyib.
Amma o, öz diliylə qışqırır axı. Adam durduğu yerdə, özünə, həyatına təhlükə hiss etmədiyi vaxt qışqırarmı heç?