Medianews.az
 O qərb, bu şərq, dözümdə fərq - 20 gün və 20 dəqiqə
467 baxış

O qərb, bu şərq, dözümdə fərq - 20 gün və 20 dəqiqə

Ukrayna paytaxtında və ölkənin digər şəhərlərində təşkil olunan kütləvi aksiyalara milyonlarla insanın qatılması fonunda, demək  olar ki, eyni problemlərlə üzləşmiş, üstəlik, növbəti seçki saxtakarlığı prosesini yaşamış Azərbaycandakı ictimai süstlük haqlı  olaraq ölkəmizdə müzakirə mövzusudur. 

Azərbaycanlı ictimai-siyasi fəallar Ukrayna xalqının əzmkarlığına, yekdilliyinə, haqqpərvərliyinə həsədlə baxır və təbii olaraq,  fikirləşir, yazır, deyirlər: “Biz niyə belə deyilik?”; “Biz niyə bu kütləviliklə meydana çıxa, etiraz səsimizi qaldıra bilmirik?”;  “Niyə ukraynalılar qorxmur, biz qorxuruq” və sair və ilaxır.

Sosial şəbəkələrdə, ictimaiyyət arasında, peşəkar media səhifələrində gedən bu tipli müzakirələrdə bir qayda olaraq yüz sözün ürəyi  üzülür, mübahisələr yaranır, neçə-neçə ağlabatan mülahizələr yürüdülür. 

Onlardan biri də yazıçı-jurnalist Çingiz Sultansoya məxsusdur. Ç.Sultansoyun qənaətinə görə, Ukrayna xalqı, xüsusilə də paytaxt  sakinləri Müstəqillik meydanına ona görə bu kütləviliklə gedirlər ki, Ukrayna milisinin, digər silahlı birləşmələrin onlara qarşı  odlu silah işlətməyəcəyinə, aşırı zorakılıq tətbiq etməyəcəyinə əmindirlər, amma azərbaycanlıların bu cür təminatı və əminliyi  yoxdur. 

Müşahidələr və müqayisələr göstərir ki, həmkarımız xeyli dərəcədə haqlıdır. Əgər ukraynalılar meydana çıxarkən ölüm, xəsarət və ya  uzunmüddətli həbs təhlükəsinin təhdidini hiss etsəydilər, belə bir variant ciddi və qaçılmaz olsaydı, yəqin ki, onların sırası da  bu qədər gur olmazdı və meydana çıxan 100 min insan əvəzinə, tutaq ki, 50 min fəal görərdik. 

Çünki insanların içində xoşagəlməz situasiyalara düşüb qurbana çevrilməkdən qorxmaq kimi təbii instinkt var. 

Sadəcə, Ukrayna xalqı son 10 ildə apardığı ardıcıl mübarizə ilə həmin təhdidləri kifayət qədər neytrallaşdıra bilib. Prezident  Kuçmanın etiraz edən dinc xalqa qarşı zor işlətməməsi ilə bu ölkədə o cür bir ənənə yaranıb və bu ənənəyə Kuçmanın sələfi Yuşşenko  da ciddi əməl edib, hazırda Yanukoviç də dişini qıcaya-qıcaya, əsəbini boğa-boğa dözür. Hərçənd o, zaman-zaman öz hiddətini büruzə  verir, daha əlverişli zaman, fürsət gözləyir. Hiss olunur ki, Yanukoviç xalq hərəkatının zorakılıqla boğulması variantına meyllidir  və güc strukturlarının rəhbərləri onun göstərişlərinə qeyd-şərtsiz əməl etsələr, sonda “Kiyev dastanı”nın aqibəti ən azı  tüstülü-qazlı bitəcək, heç nə olmasa da, əliyalın insanlara şaxtalı havada təzyiqli su püskürdüb dağıdacaqlar. 

Baxın, Misir xalqı bir-iki il öncə minlərlə insanı qurban verərək, Hüsnü Mübarəki devirdi, amma indiki xunta rejiminə bata bilmir.  Ona görə ki, o vaxt generallar Mübarəkin xalqı qırıb-çatmaqla ram etmək barədə əmrlərinə o qədər də ürəkdən riayət etməmişdilər,  onun göstərişlərini sabotaj etmişdilər. Amma indi hakimiyyət generalların öz əlindədir və 3-4 ay öncə Təhrir meydanına dinc  nümayişçilərin qanını su yerinə axıdaraq göstərdilər ki, ciddi təhlükə yaranacağı halda xalqı qıra bilərlər. Onların bu niyyətdə  olduğunu Misir xalqı da geniş miqyasda anladı. Ona görə də hazırda Misirdə vaxtaşırı olaraq etiraz aksiyaları təşkil olunsa da,  əvvəlki illərdəki kimi kütləvi deyil, insanların əsas instinkti işə düşüb. 

 

Bizdə də yeri gələndə idarə edənlərə etirazını bildirmək istəyənlərin qabağını kəsən həmin instinktdir. Bir neçə yüz qızğın  tərəfdardan başqa heç kəs azadlıq və demokratiya uğrunda məhrumiyyətlər çəkməyə hazır və razı deyil. Yüz minlərlə adam əmindir ki,  bizdə Ukraynadakı kimi kütləvi aksiya olsaydı, hakimiyyət onun davamlılığına yalnız bircə gün dözərdi və dərhal zorakılığa əl  atardı. 

Ortada təcrübə var. 2003 və 2005-ci illərdə mövcud hakimiyyət xalqın meydanda öz etirazını bildirmək üçün toplaşmasına yarım saat  belə təhəmmül etmədi. Amma budur, Ukraynada 20 gündən artıqdır ki, güc strukturlarının əməkdaşları ilə icazəsiz aksiya keçirən xalq  kütlələri üz-üzə durublar, amma kütləvi zorakılıqlar qeydə alınmır.

Hələlik Azərbaycan da daxil olmaqla, Şərq ölkələrində bu, mümkün deyil. Bu paralellərdə mövcud olan dövlətləri idarə edənlər  hövsələsizdirlər, hər hansı bir etiraz aksiyası təşkil olunanda, insanların meydana axışdıqlarını görəndə dərhal həyəcanlanır,  “hakimiyyət əldən gedir” fikrinə dolur, nəyin bahasına olursa-olsun, hakimiyyəti qorumağa çalışır, bu zaman verdikləri əmrlərin  kütləvi insan itkisinə, xəsarətlərinə səbəb olacağına önəm vermirlər. 

Hazırda vətəndaş müharibəsi gedən ölkələrdə yaranan durum bu səbəbdən qaynaqlanır. Əlinə silah götürüb hökumət qüvvələri ilə  atışanlar da əmindirlər ki, qəddar hakimiyyət onların dinc aksiyasını qanla boğardı, necə ki illərlə məhz bu cür ediblər, demək,  onlarla bu dildə danışmaq lazımdır. 

Azərbaycan xalqı haqq-ədalət mübarizəsini, hətta hakimiyyət davasını qan bahasına aparmaq istəyən xalqlardan deyil. Hakimiyyətin  qırımı isə indilikdə bunun əksini göstərir. Əliyalın insanları kütləvi şəkildə meydana çıxmağa qoymayan məhz budur - düşüncələrdəki  disbalans. 

Bu hakimiyyət xalqın mübarizə əzmini rezin güllələrlə, qara dəyənəklərlə, dəmir qalxanlarla, plastmas gözlüklü dəbilqələrlə,  təzyiqli su püskürdən maşınlarla, gözyaşardıcı qazlarla, qulaqbatıran səs silahıyla, qandallarla, sifarişli məhkəmə hökmləri ilə və  sair və ilaxırlarla, ən ümdəsi bütün bu vasitələrdən ifrat şəkildə istifadə etmək qətiyyəti və niyyəti ilə qırır və nəzarətdə  saxlayır. Bu xüsusda xalqla hakimiyyətin qüvvəsi qeyri-bərabərdir. 

Yoxsa bizdə də Ukraynada olduğu kimi hakimiyyət adamları dözümlü olsaydılar, etiraz aksiyalarına şərq, cənub prizmasından  baxmasaydılar, ölkə xalqı etiraz etməyinin bir faydası olacağını, qana, zibilə düşməyəcəyini bilsəydi, yəqin ki, öz konstitusion  haqqından gen-bol yararlanardı. 

Başqa sözlə, bir ölkədə yüz minlərlə insanın meydana yeriyib etiraza qalxması, etiraz hərəkatını 20 gün boyunca sürdürə bilməsi  təkcə xalqın yox, həm də ona dözümlü yanaşan hakimiyyətin başucalığıdır.

 

Bizə qoşulun