
Nabranda yoxlamalar başlayacağı haqda xəbərimiz təsdiqləndi; daha iki istirahət obyektində qanunsuzluqlar aşkarlandı
İyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində 2 yaşlı İmran Cəfərzadənin ağır bədən xəsarətləri alması ilə bağlı istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, icarəçi Firdovsi İsmayılov və hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimovun həbs edilməsi barədə xəbər vermişdik.
Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilənlər barəsində Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, tanınmış hüquqşünas Müzəffər Baxış baş verən faciə ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib ki, olayla bağlı cinayət məsuliyyətinə cəlb edilənlər sırasında obyektin sahibi Nizami İsgəndərov da olmalıdır. M.Baxış bunu qanunun tələb etdiyini söyləyib.
Baş vermiş faciədən sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Ərzaq məhsullarının və ictimai iaşə xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsi və xidmətin Xaçmaz Ərazi İdarəsi tərəfindən “Atlant” MMC-yə məxsus istirahət mərkəzində standartlara, metroloji qayda və normalara riayət olunmasının səviyyəsini araşdırmaq məqsədilə 18-25 iyul 2013-cü il tarixləri arasında dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Komitədən “Trend”ə daxil olan məlumatda deyilir ki, araşdırma zamanı müəyyən olunub ki, müəssisənin mətbəxləri ümumi vəziyyətinə görə normativ sənədlərin tələblərinə uyğun deyildir. Belə ki, mətbəxlər antisanitar vəziyyətindədir, havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların, yarımfabrikatların saxlanma rejiminə əməl olunmur. Bundan başqa, QOST 30390-95 standartına əsasən hazır yeməklər 3 saat ərzində istiliyini saxlaya biləcək temperaturda saxlanılmaq şərti ilə istehlakçıya verilməli olduğu halda, müəssisədə standartın tələbləri pozularaq yemək soyudulduqdan sonra təkrarən qızdırılıb istehlakçıya verilir.
Aparılmış monitorinqlər zamanı yeməklərin hazırlanmasında istifadə olunan düyü, qarabaşaq, lobya, ədviyyatlar və s. məhsullar zərərverici həşəratlara yoluxmuş vəziyyətdə aşkar olunmuşdur. Xammallarla yanaşı bir neçə ədəd siçan tələsinin qoyulması burada mövcud vəziyyətin qənaətbəxş olmadığını deməyə əsas verir. Həmçinin mətbəxdə mənşəyi məlum olmayan müxtəlif çeşidli mürəbbə (gilas, çiyələk, albalı), bal, xama, 40 kq pendir və üzəri kif qatı bağlamış 33 ədəd 3 litrlik müxtəlif kompotlar, yararlılıq müddəti bitmiş sosiska məhsulları aşkar edilmişdir. Yeməklərin hazırlanmasında istifadə olunan xammalın və çörəyin gigiyenik və uyğunluq sertifikatları mövcud olmayıb.
Eyni zamanda “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində də 18-25 iyul 2013-cü il tarixləri arasında dövlət nəzarəti həyata keçirilib.
Araşdırma zamanı istirahət mərkəzinin mətbəxlərinin də eyni durumda olması müəyyən olunub. Belə ki, “Atlant” istirahət mərkəzində istehlakçılara təqdim olunan paytaxt salatında bağırsaq çöpü qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri, mimoza salatında isə bağırsaq çöpü qrupundan olan bakteriyalar və E.coli mikrobları aşkar edilib. “Malibu” istirahət mərkəzindən götürülmüş nümunələrdən kələm və paytaxt salatında bağırsaq çöpləri qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri aşkar edilib.
Aşkar olunmuş qanun pozuntularla əlaqədar olaraq “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində “kələm” və “paytaxt” salatlarının hazırlanması və satışı, “Atlant” MMC-də çörəyin, “mimoza” və “paytaxt” salatlarının hazırlanması və satışı qadağan edilib. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq istehlakçı hüquqlarının pozulması faktına görə hər iki müəssisə ilə bağlı inzibati protokol tərtib edilmiş, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.
Xatırladaq ki, Nabrandakı obyektlərdə yoxlamalar başlayacağı haqda ilk dəfə “Yeni Müsavat” yazmışdı.