Medianews.az
Dəriyə qətnamə təpənlər
166 baxış

Dəriyə qətnamə təpənlər

Zamin Hacı

Dəriyə qətnamə təpənlər

 

“Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin...”(İmadəddin Nəsimi, 1417-ci il, Hələb, Suriya)

Nəsimi Rayon Məhkəməsi hər zaman adını daşıdığı dahi şairin həyatına, taleyinə uyğun fəaliyyət göstərməyə çalışmışdır. Deyə bilərsiniz ki, guya Azərbaycanda hansı məhkəmə və hakim o birilərdən fərqlidir, hamısı eyni məzmunlu siyasi-məişət tullantısıdır. Razıyam, heç bir fərqləri yoxdur və məhkəmə istər Nəsiminin adını daşısın, istər Şərurun - hamısında adamların dərisini soyurlar, içinə saman təpib müqəvva düzəldirlər, göndərirlər muzeyə. Ancaq ümid edirəm hörmətli oxucular bunu deməyəcək, imkan yaradacaqlar yazını bitirək. Ta mövzunu Nəsimi üzərində başlamışıq, neyləmək olar, geriyə yol yoxdur.

Əvvəlcə xəbər gəldi ki, Nəsimi məhkəməsinin hakimi Fırıldaq Kəmsavadov (Sovet dövründə ədəbi əsərlərdə mənfi qəhrəmanları bu cür aşağılayıcı şəkildə adlandırmaq dəb idi, dedim bir az nostalgiyaya qapılaq, əslində hakimin adı ayrı cür olmalıydı) müğənni Nazpəri Dostəliyevanı 50 min manat cərimə eləmək haqda qərar çıxardıbdır. Başqa bir müğənni İlhamə Quliyevanın şikayəti əsasında. Şikayətin qısa məzmunu belədir: Nazpəri xanım harasa intervüsündə deyib ki, İlhamə xanım özünə yalandan titullar verir, onun primadonna, el anası, kosmos cəngavəri, nə bilim, Ceday ilahəsi adları saxtadır, bu da İlhamə xanımın qəzəbinə səbəb olub, nüfuzuna xələl gəlib, şərəf və ləyaqəti alçaldılıb, intihardan dönüb, qara dəlikdən güclə qayıdıb, atom partlayışından xilas olub və sairə və ilaxır. 

Hakim Kəmsavadov isə qərarında bunların hamısının baş verdiyini Azərbaycan Respublikası adından isbata yetiribdir. Söhbət əslində bundadır - bu hakimlər idiot qərarları Azərbaycan Respublikası adından elan edə-edə həmin respublikanın özünün şərəf və ləyaqətini döşəmə əsgisinə döndəriblər, bir damcı hörmət qoymayıblar qalsın. 

Deyən gərək, ay hakim balası hakim, ay sənin yeddi arxa dönənin hakim olsun, axı bir müğənniyə deyilən sözün - hətta yalan olsa belə - dəyəri 50 min manat ola bilməz! Ümumiyyətlə, şərəf və ləyaqəti hansısa cümlədən 50 min manatlıq zərər görə biləcək azərbaycanlının varlığı mümkün deyil! Ən azından ona görə ki, bu xarabada “camaat 85 manat pensiya alır, söyüş budur”, Camal Əli demişkən. 

Görünür, bu Nəsimi məhkəməsinin hakimləri şou-biznes qaydaları ilə çalışırlar. Müğənnilər toylardan aldıqları pulun miqdarıyla öyündüyü kimi, hakimlər də kəsdikləri cərimənin məbləğiylə fəxr edir. “Mən bir mülki işə 30 minə çıxıram”, “Keçən həftə qətnaməni fonoqramla oxudum” tipində dialoqlar. Bu baxımdan, Nəsiminin hakimi Kəmsavadovu milli məhkəmə sistemimizin “Bilal Əliyevi” saya bilərik, çünki Əliyev həmişə toy qiymətlərini yüksək səviyyədə şişirtməsi ilə məşhurdur, hətta bir ara deyirdi guya toya 100 min manata gedir. Halbuki mən Bilal Əliyevin əks cinsin səsinə bənzər səsini eşitməmək üçün 100 min verməyə hazır adam tanıyıram. 

Ancaq təzəlikcə Nəsimi məhkəməsinin digər hakimi Bişərəf Nalayiqzadə yoldaşın çıxartdığı qətnamə Kəmsavadovun qətnaməsini “Azərsu”ya susuz aparıb susuz gətirmişdir. Nalayiqzadə bir ananın uşağını əlindən alıb atasına vermək haqda qərar çıxardıb. 

Uşağın 9 yaşı var, bu illərdə atanın üzünü 9 dəqiqə görməyibmiş. Ancaq ana hökumətin əleyhinə çıxandan sonra ata hardansa “pırt” eləyib çıxıb, məhkəməyə verib. Hakim qərar çıxarıb: uşaq hər gün saat 4-dən axşam 9-a kimi, bazar günləri isə tam olaraq atasının yanında qalmalıdır. Ana da qalıb qışqıra-qışqıra. Səsinə qulaq asan yoxdur. Uşağı sevmədiyi atasının yanına zorla aparacaqlarmış. Yalnız o səbəbdən ki, ana hakimiyyətin düşməninə çevrilib. 

Mən bunu eşidəndə müdrik qazı haqda Şərq əhvalatını xatırladım. Orda iki qadın bir uşaq üstdə mübahisə edirdilər, hər ikisi uşağın anası olduğunu deyirdi. Qazı yalandan qərar verirdi ki, uşaq şaqqalansın, hər qadına bir parçası verilsin. Bu zaman qadınlardan biri “uşaq mənim deyil, şaqqalamayın” deyəndə qazı “əsl ana budur, tapdıq” deyib həqiqi qərarı verirdi. 

Bizim Nəsimi məhkəməsində də belə müdrik hakimlər çalışır. Ana sevinsin ki, uşağı fiziki bölmək qərarı çıxmayıb. Bölsələr neyləyəsiyik?

musavat.com

 

Bizə qoşulun