
Pərdə arxasından gecə basqını və gecə basqınının pərdəarxası
Keçmiş əməkdaşımız Məhəbbət Orucov redaksiyaya şikayətə gələn və bir qayda olaraq, öz sözünün göyçəyini danışan şikayətçiləri dinləyər, axırda belə bir söz deyərdi: “Bu danışdıqların heç, indi sən mənə düzünü, səmimisini danış”. Srağagün mən də eynilə onun kimi, kirayədə yaşadığı evin içində gecə basqınına məruz qalmış əməkdaşımız Hikmətə dedim: “Səmimisini danış, görək, haqq-hesab necə, nəyə görə baş verib”.
Onsuz da səmimi gənc olan və özündən böyüklə danışanda, müasir gənclərin yüz mində biri kimi qızaran Kərimoğlu səmimisini dedi: “Pəncərənin qabağında durub telefonla danışırdım, birdən səs gəldi ki, nəyə baxırsan...”. Qəzet və sayt oxuyanlar məsələnin mabədini bilirlər.
İnsident gecə saat 1 radələrində baş verib. Bəlkə də əməkdaşımız birinci mərtəbədə yox, üçüncü, beşinci və ya daha yuxarı mərtəbələrdə yaşamış olsaydı, bu hadisə olmazdı. Amma birinci mərtəbə doğrudan da xətalı yerdir. Basqınçı da bura cumur, oğru da, polis də, qatıqsatan da. Hətta dini və milli bayramlarda qapı-qapı gəzib dilənənlər də ilk növbədə birinci mərtəbədəki qapıları döyürlər.
Ancaq bu, o demək deyil ki, birinci mərtəbədə yaşayanların pəncərə önündə dayanıb telefonla danışmaq və bu zaman ümumi həyətə baxmaq kimi hüquqları yoxdur. Var. Həm də bu, sırf eksklüziv hüquqdur. Ağzımızda ümumi həyət deyirik. Doqquzuncu mərtəbənin eyvanında şortik-maykada durub siqaret çəkə-çəkə həyətə baxan adam qədər birinci mərtəbədə yaşayan şəxsin də eyni hüquqları var. Hərçənd birinci mərtəbədəki adam gərək qiyafətinə fikir versin. Məhəllə yerlərində milli mentalitet bu hüququ bir azca boğur. Camaatın anası-bacısı var. Hərçənd gecə saat 1-də o qadağa nisbətən yumşala bilər. Çünki camaatın anası-bacısı, qızı-gəlini o vaxtlarda evdə, pərdə arxasında olurlar və pəncərə qabağında dayanıb telefonla danışmırlar.
Kərimoğlu isə həmin vaxt evin içində olub və onun şortikdə olsa belə, bunun kimə nə dəxli var? Görünür, qeyrətli məhəllə cayılının qanı “rayondan gəlmə oğlan”ın gecə saat 1-də olsa da, o cür sərbəst şəkildə həyətə baxmasını götürməyib.
Əməkdaşımız nə qədər sakit, ifallı oğlan olsa da, atletik vücuda malikdir, üstəlik, məşqə gedir. Yəni məhəllə cayılları təkbətək və ya üç-üç gəlsələr, onunla bacarmazlar. Ancaq qüvvələr qeyri-bərabər olub, gecə saat 1-də birdən-birə 30 əlizopalı cayıl toplaşıb və təxminən 100 il əvvəlin qoçuları kimi “aç qapını, gələk səni öldürək” məzmunlu ariyalar oxumağa başlayıblar.
Kərimoğlu əvvəlcə işverənlik etmək, polis çağırmaq istəməyib, pəncərənin arxasından basqınçılarla dialoqa girmək istəyib, basqını şərtləndirən səbəblərin nədən ibarət olduğunu soruşub. Fəqət klassik siyasi durumlarda olduğu kimi, özlərini güclü hiss edənlər zəif düşmənlə dialoqa girmək istəməyiblər, eləcə, pəncərənin şüşəsini daşla sındırıblar, qapını təpikləyib, içəri soxulmağa cəhd göstəriblər.
Hind filmlərində olduğu kimi, axırda polis gəlib, araşdırma başlayıb. Qeyrətli basqınçılar bir-birinin adını çəkiblər. Onlardan biri Hikmətə qarşı şortik ittihamı sürüb. Guya ki, o, məhəlləyə şortiklə düşüb, dava da ona görə başlayıb. Polislərdən biri də deyib ki, nə olsun, mən işdə də şortik geyinirəm.
Əlbəttə, məhəlləyə şortiklə çıxmaq ağır, bəraəti olmayan günahlardandır, amma buna görə adamın evinə gecə basqını təşkil etmək nəyə lazım, səhərin açılmasını gözləmək, adamı şəriət məhkəməsinə verib daş-qalaq etdirmək daha məqsədəuyğun olmazdımı?
Kərimoğlu qızara-qızara and içir ki, şortik söhbəti olmayıb. Uşaqlar əl çəkmirlər: “Bəlkə əlində lazerli alışqan olub, cayıllar elə biliblər, kiməsə işarə verirsən?”
Bu cür haqq-hesablarda hələ təcrübəsiz əməkdaşımız sözü ciddi qəbul edir, yenə qızarır, müxtəlif ağırlıqda andlar içir və biz ona inanırıq. Polis də inanıb. Məhəllə cayılları isə polisə verdikləri izahatlarda göstəriblər ki, anlaşılmazlıq olub.
Əcəb anlaşılmazlıqdır. Onlar içəri girə bilsəydilər, mütləq ən azı iki meyit (hər tərəfdən biri olmaqla) çıxacaqdı və sonra məlum olacaqdı ki, onlar adi bir anlaşılmazlıq üzündən ölüblər.