Medianews.az
“Naxçıvan klanı Mehriban Əliyevanın ətrafını sıxışdıracaq”
331 baxış

“Naxçıvan klanı Mehriban Əliyevanın ətrafını sıxışdıracaq”

Putinin səlahiyyətli nümayəndəsi Azərbaycan hakimiyyətindəki klanlar savaşından danışdı

Söyün Sadıqov: «Siyasi olimpdə Milli Şuranın namizədi olan Rüstəm İbrahimbəyov kimi görkəmli şəxsiyyət var; xalq  ölkəyə uzun müddət bir şəxsin rəhbərlik etməsindən yorulub»

Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti, iqtisad elmləri namizədi, biznesmen, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov “Turan”a müsahibəsində Azərbaycanda qarşıdan gələn prezident seçkilərilə bağlı vəziyyəti klanlararası mübarizə prizmasından təhlil edir:

Klanlararası qarşıdurmanın gizli elementləri artıq müşahidə olunur

- Hazırda Azərbaycanda daxili klanlar arasında gedən mübarizənin kəskinləşməsindən çox danışılır. Həqiqətən də seçki öncəsi bu problemlər varmı və nə dərəcədə ciddidir?

- Bir qayda olaraq, hakimiyyətə gəlmək uğrunda mübarizə seçki öncəsi həmişə kəskinləşib və kadr siyasətində klanlıq müstəsnalıq təşkil etmir. Ali hakimiyyətdə olan klanlar keçmiş sovet dövlətlərinin hamısında olub və bu mirası aradan qaldırmaq hakimiyyətdə olanları qane etmədiyindən istedadlı gənclər hakimiyyət strukturlarında iştirakdan kənarda qalırlar. Onların yerinə isə hakimiyyətə yaxın, korrupsiyalaşmış, heç bir istedad və savadı olmayanlar gətirilir. Onlar hakimiyyətə sərf edir və onun sifarişini yerinə yetirirlər. Azərbaycan hakimiyyətinin spesifikası məhz bundan ibarətdir. Hakimiyyətdə olan bütün vasitələr onların əlində olduğuna görə həm Ilham Əliyevin, həm də Mehriban Əliyevanın dövlətə rəhbərlik etməyə ciddi şansları var. Lakin buna baxmayaraq, onların hər birinin öz təsir sahələri var.

- Hazırda qruplar arasındakı mübarizənin kəskinləşməsinin mərkəzində kimlər dayanır?

- Azərbaycanda seçki kampaniyasında istifadə oluna biləcək qrupların qarşıdurmasını, yəni, prezident xanımının ətrafında olan klanın təsir dairəsini genişləndirməyə imkan vermək istəməyən köhnə klan arasında qarşıdurmanın gizli elementlərini müşahidə edirik. Bu, zahirən görünmür. Ona görə də hakim partiya Ilham Əliyevin namizədliyini irəli sürüb. Lakin Ilham Əliyevin seçilməsində hər hansı şübhə yaranarsa, ikinci fiqur olan Mehriban Əliyevanın namizədliyi irəli sürüləcək. Mən əminəm ki, bu, tezliklə baş verəcək və biz bunun şahidi olacağıq.

“Heydər Əliyev klanı regional siyasi klan idi”

- Bu klanların öz aralarında razılığa gəlmələri mümkündürmü?

- Onlar o halda razılığa gələ bilərlər ki, vətəndaşların firavan yaşamalarını, ölkənin inkişafını, köklü islahatlar aparılmasını qarşılarına məqsəd qoyaraq, şəxsi firavan həyat tərzlərini dəyişdirsinlər. Ölkədə baş alıb gedən korrupsiyaya və məmur özbaşınalığına son qoysunlar. Onların bu kompromisə getmələri isə inandırıcı görünmür. Buna görə də söhbət ondan gedir ki, hansı vasitə ilə olursa-olsun, seçkidə uduzmasınlar və lazım gələrsə, ikinci namizəd mexanizmindən yararlansınlar.

- Bəs necə olur ki, Ilham Əliyevin arxasında duran qruplar öz şərtlərini diqtə edə bilirlər?

- Bu problemin dərin kökləri var. Əliyev klanı öz mövqeyini 40 ildən çoxdur ki, qoruyub saxlayır. Bu klan Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsilə formalaşmağa başlayıb. O, öz klanını dərhal deyil, tədricən formalaşdırmağa başlayıb. Ilk vaxtlar o çalışırdı ki, naxçıvanlılara mənsubiyyətini nümayiş etdirməsin. Ona görə də şəxsləri vəzifəyə regionçuluğa görə deyil, peşəkarlığa görə təyin edirdi. Bu şəxslər əsasən keçmiş DTK-də işləyənlər olurdu. Lakin 80-cı illərin axırlarından başlayaraq, o, aktiv şəkildə naxçıvanlıları siyasiÿ hakimiyyətə gətirməyə başladı. Bununla paralel bəzi məsələlərdə ermənistanlılara da güvənməyə başladı. Buna görə də Heydər Əliyevin klanını ailə və hətta ərazi klanı hesab etmək düzgün olmazdı. Bu klan regional siyasi klandır.

 

“Bəzi sahələrdə İlham Əliyevin təsir dairəsi Mehriban Əliyevanın ətrafı tərəfindən sıxışdırılır”

 

- Necə olur ki, Əliyev klanı ölkəni maneəsiz idarə edərək fəaliyyət göstərir?

- Bu, həqiqətən də belədir. Lakin 90-cı illərdə Sumqayıt hadisələri zamanı Moskva tərəfindən Azərbaycana ciddi müdaxilə baş verdi. 1988-ci ildə Mixail Qorbaçov Heydər Əliyev tərəfindən Azərbaycan Kommunist Partiyasının 1-ci katibi vəzifəsinə gətirilmiş Kamran Bağırovu vəzifədən azad edərək, Heydər Əliyevin opponenti olan Əbdürrəhman Vəzirovu Azərbaycana rəhbər təyin etdi. Bununla da Heydər Əliyev klanı müvəqqəti olaraq fəaliyyətini dayanırmağa və gizli fəaliyyətə məcbur oldu. Lakin Əbdürrəhman Vəzirov respublikada ciddi dəstək qazanmadı. Vəzirov fəaliyyətində müstəsna olaraq Qarabağ elitasına güvənsə də, bu, onun respublikada uzun müddət hakimiyyətdə qalmasına kifayət etmədi. Bununla birlikdə, o, Əliyev klanından olan Ermənistan və naxçıvanlılara qarşı aktiv mübarizəyə başladı.

Məhz bu səbəbdən də klanlararası mübarizənin kəskinləşməsi Azərbaycanda yenidən hakimiyyət dəyişikliyinə gətirib çıxardı. Şirvan klanını təmsil edən keçmiş baş nazir Ayaz Mütəllibov hakimiyyətə gəldi. Onun ciddi klan dəstəyi yox idi və Azərbaycanın uzunmüddətli siyasi gələcəyini hesablaya bilməmişdi. 1990-cı ildən başlayaraq, Azərbaycanda siyasi vəziyyət dəyişməyə başladı. 1992-ci ildə Azərbaycanda Əbülfəz Elçibəyin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldi. Əslində, həmin dövrdə hakimiyyətdə olan və Naxçıvan Ali Sovetinə rəhbərlik edən Heydər Əliyev Əbülfəz Elçibəyin hakimiyyətə müvəqqəti gəlməsinə dəstək vermişdi. 1990-cı ildə hakimiyyətə qayıdan Əliyev Naxçıvandan Ali Şuranın deputatı seçildi, daha sonra Naxçıvan Muxtar Respublikasının Ali Şurasına rəhbərlik etdi və Azərbaycan Ali Şurasının sədr müavini vəzifəsini tutdu. 1993-cü ildən etibarən Heydər Əliyev və onun yaxın ətrafı hakim Yeni Azərbaycan Partiyasında möhkəm mövqelər tutur. Yəni, iyirmi il sonra öz sədrini - Heydər Əliyevin oğlu Ilham Əliyevi üçüncü dəfə prezidentliyə namizəd irəli sürən partiyada.

- Bu klanın təsir dairəsi güclüdürmü?

- İlham Əliyev klanı bu gün respublikada Azərbaycan iqtisadiyyatına ciddi nəzarət edir və ən əsası, xüsusi mühafizə biznesi naxçıvanlıların nəzarətindədir. Bu isə real gücdür. Lakin Ilham Əlyevin ətrafının bu gün respublikada qeyri-məhdud təsir dairəsinə malik olduğunu desək, düzgün olmaz. Bəzi sahələrdə onun təsir dairəsi xanımı Mehriban Əliyevanın ətrafı tərəfindən sıxışdırılır.

“Naxçıvan klanı axıra qədər çalışacaq ki, İlham Əliyev seçki iştirak eləsin”

- Mehriban Əliyevanın ətrafının Azərbaycanın əsas ziyalılarını təmsil etməsi hamı tərəfindən qəbulediləndir...

- Həqiqətən Mehriban Əliyevanın bacısı Nərgiz Paşayeva Azərbaycanda Moskva Dövlət Universitetinin filialına rəhbərlik edir. Birinci xanımın atası Arif Paşayev Milli Aviasiya Akademiyasına rəhbərlik edir, əmisi Hafiz Paşayev Azərbaycan Xarici Işlər nazirinin müavini olmaqla bərabər, Azərbaycan Diplomatik Akademiyasının rektorudur. 13 il ərzində Hafiz Paşayev Azərbaycanın Amerika Birləşmiş Ştatlarında səfiri olub. Diplomatik dairədə onun təsiri çox güclüdür. Eləcə də Paşayevlər ailəsi Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mədəniyyət, turizm və idman, eləcə də təhsil sahəsində böyük nüfuz qazanıb. Digər tərəfdən, Mehriban Əliyevanın qohumlarının nüfuz dairəsi son vaxtlar çox güclənir. Paşayevlər tikinti biznesinə nəzarət etməklə bərabər, maliyyə və telekommunikasiya sahələrinə də əhəmiyyətli dərəcədə nüfuz ediblər. Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi və digər dövlət strukturları onların tam nəzarətindədir.

- Naxçıvan klanı Paşayevlərin təsir dairəsinin güclənməsindən ehtiyatlanırmı?

- Bu, həqiqətən də belədir. Buna görə də Naxçıvan klanına daxil olan qüvvələr Mehriban Əliyevanın ətrafına qarşı müqavimət göstərəcəklər. Mütəxəssislərin fikrincə, onların nəzarətində mühafizə hissələri kimi fəaliyyət göstərən hərbi birləşmələr - real güclər var. Bu klan dövlət büdcəsindən maliyyələşir və çətin ki, sıxışdırılmasına asanlıqla razılıq verələr. Ona görə də onlar axıra qədər çalışacaqlar ki, Ilham Əliyev seçkilərdə iştirak etsin. Ilham Əliyevin seçkilərdə qalib gəlmək şansı Mehriban Əliyevaya nisbətən çox zəifdir. Aydındır ki, Ilham Əliyev klanı geniş inzibati resurslarından istifadə edərək, seçkilərdə həmişə olduğu kimi saxtakarlıq edərək onu yenidən hakimiyyətə gətirə bilərlər. Lakin bu zaman Ilham Əliyevin xalqdan dəstəyi olmayacaq. Bu da Azərbaycan hakimiyyəti üçün xarakterik haldır.

“Mehriban Əliyevanın şəxsiyyəti ərindən çox populyardır”

- Nəyə görə Azərbaycan xalqından heç nə asılı olmasın?

- Mən belə hesab edirəm ki, xalqdan çox şey asılıdır. Aydındır ki, biz klanlardan danışanda vətəndaşların səsvermədə hansı qrupların xeyrinə səs vermələrini də nəzərdən qaçırmamalıyıq. Bunu xüsusilə qeyd etmək lazımdır ki, xalqın gözündə Mehriban Əliyevanın şəxsiyyəti ərindən çox populyardır. Digər tərəfdən, siyasi olimpdə Milli Şura tərəfindən namizədliyi irəli sürülmüş Rüstəm Ibrahimbəyov kimi görkəmli şəxsiyyət də var. Rüstəm Ibrahimbəyov konkret qabiliyyətli fiqurdur, öz ətrafında çox müxtəlif insanları birləşdirmək qabiliyyətinə malikdir. Həm də ölkəyə uzun müddət bir şəxsin rəhbərlik etməsindən xalq yorulub. Bu da Ibrahimbəyovun seçki marafonunda üstünlüyünü artıra bilər. Bundan başqa, prezident kürsüsü uğrunda siyasi mübarizədə Azərbaycan müxalifətinin görkəmli fiqurlarının da iştirakı mümkündür. Indi ancaq onu demək olar ki, bu seçki Azərbaycanda asan olmayacaq. Seçkinin legitimliyi və şəffaflığı Azərbaycan xalqından asılı olacaqmı? Çünki inzibati resular seçkilərdə çox ciddi faktor olsa da, belə hesab edirəm ki, əsas sözü xalq deməlidir. Çünki əsas qüvvə xalqın seçimi olmalıdır.

Bizə qoşulun