
Həm 40 yaşlı kişi, həm də qız ölüb
Cənubi Koreyada özünü 10-cu mərtəbənin pəncərəsindən atan kişi binanın altından keçən 7 yaşlı qızın üstünə düşüb. ANS PRESS-in “Frans Press”ə istinadən verdiyi məlumata görə, nəticədə onların hər ikisi ölüblər.
Hadisə ötən axşam Pusan liman şəhərində qeydə alınıb. 40 yaşlı kişi intihar etmək istəyib və özünü evinin pəncərəsindən atıb. Bu vaxt balacı qız atası ilə binanın altından keçirmiş və kişi uşağın üstünə düşüb.
İntihar edən hadisə yerində ölüb, qız isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Uşağın atasına heç nə olmayıb.
Qeyd edək ki, Cənubi Koreya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında intiharların sayına görə birinci yerdədir. Hər gün bu ölkənin 50 vətəndaşı həyatına son qoyur.