Medianews.az
Hökumətimiz “Kojeni işi”nə görə 150 milyon ödəyib
234 baxış

Hökumətimiz “Kojeni işi”nə görə 150 milyon ödəyib

ABŞ mətbuatı məşhur fırıldaqçı barədə şok məlumat yaydı

“Businessweek” həftəliyi Dövlət Departamentindən rəsmi cavab alıb; ARDNŞ-i ələ keçirməyə çalışan məşhur çex fırıldaqçısının aldığı batmış vauçerlərə görə 2008-ci ildə onun keçmiş ortağına 150 milyon ödənib, vasitəçiliyi isə senator Sem Braunbek edib

Amerika mətbuatı çoxdandır unudulmuş məşhur “Kojeni qalmaqalı”nı yenidən dirildib. Özü də bu dəfə sensasion yeniliklə. Nüfuzlu “Businessweek” həftəliyində dərc edilmiş məqalədə deyilir ki, Azərbaycan hökuməti ötən əsrin 90-cı illərinin sonlarında ARDNŞ-ə nəzarəti ələ keçirməyə çalışan məşhur çex biznesmeni və fırıldaqçısı Viktor Kojeninin aldığı vauçerlərə görə 150 milyon dolları geri ödəyib. Bu informasiyanı jurnala hansısa qeyri-rəsmi qaynaq yox, birbaşa Dövlət Departamenti “Bloomberg News” agentliyinin göndərdiyi rəsmi sorğuya cavab olaraq yazılı şəkildə təqdim edib. Başqa sözlə, faktın üstünü ABŞ Dövlət Departamenti açıb.

Jurnal Kojeni işinə qayıdaraq yazır ki, çex biznesmeninin ARDNŞ-i özəlləşdirmək üçün qurduğu investisiya fondunun ortaqlarından biri, məşhur “Dooney & Bourke” qadın əl çantaları firmasının sahibi Fredrik Boerk bu həftə məhkəmənin onun barəsində çıxardığı qərarın icrasına başlayacaq. Nyu-York məhkəməsi 2009-cu ildə F.Boerki “Kojeni işi”nə görə müqəssir elan edib və ona bir il həbs cəzası, habelə cərimə cəzası kəsib. F.Boerk ABŞ-ın Xarici Korrupsiya Aktına görə təqsirli bilinib. Məhkəmə hökmünə görə, F.Boerk V.Kojeninin qurduğu sxemdə yer alıb və ARDNŞ-i ələ keçirmək üçün onun qurduğu fonda 8 milyon dollar verib. Hansı ki, bu pulların bir hissəsi Azərbaycanda özəlləşdirməyə cavabdeh məmurlara rüşvət kimi verilib. ABŞ-ın Ədliyyə Nazirliyi F.Boerkə çıxarılmış hökmü Xarici Korrupsiya Aktının ən böyük qələbəsi hesab edir.

F.Boerk barəsində çıxarılmış həbs cəzasının ləğv edilməsi üçün bütün səyləri göstərib. Lakin ötən həftə Amerika Ali Məhkəməsi hökmü təsdiqləyib. F.Boerk bildirirdi ki, o özü də V.Kojeninin fırıldağının güdazına gedib və pulları batıb. F.Boerk istintaqla əməkdaşlığa razılıq verib və Kojeninin sxemi barədə faktları açıb. Lakin məhkəmə onu məsuliyyətdən tam azad etməyib. Ədliyyə Nazirliyini təmsil edən vəkil Riçard Kessin deyir ki, F.Boerkin işi qəribə olub. Belə ki, əvvəlcə o özü və digər investorlar V.Kojeni barəsində məhkəməyə şikayət edərək batmış pullarını geri tələb ediblər. Bu iş üzrə onlar şahid qismində ifadə veriblər və istintaqla əməkdaşlıq ediblər. Ancaq məhkəmə bu ifadələrdən Boerkə və digərlərinə qarşı cinayət işi qaldırmaq üçün istifadə edib.

Jurnal xatırladır ki, V.Kojeni özü bu iş üzrə məhkəmədən yayına bilib. O, ABŞ-ın sorğusu əsasında hazırda yaşadığı Baham adalarında həbs olunub və 19 ay həbsxanada qalıb. Lakin ABŞ-a ekstradisiyaya dair prosesi uda bilib. İş materiallarında V.Kojeninin amerikalı investorlardan topladığı yüz milyonlarla dolların bir hissəsini Bakıdakı rəsmilərə rüşvət kimi verdiyi əks olunur. İşi aparan hakim Şira Şeyndlin deyib ki, “ən böyük məyusluq” V.Kojeninin özünün məhkəməyə gətirilməsinin baş tutmaması olub. Bununla belə, o, V.Kojeninin vəkili Hans Bodmeri 500 min dollar cərimə ödəməyə məhkum edib. Bodmer də özünü bu işdə təqsirli sayıb. Kojeni özü isə Şeyndlinin sözləri ilə bağlı ötən həftə “Bloomberg News”a (“Businessweek” həftəliyi ilə eyni qrupa daxildir-red.) elektron məktub göndərib və deyib ki, məhkəmədə “azərbaycanlılar barədə həqiqət açıqlanmadı”.

V.Kojeninin sözlərinə görə, amerikalı məmurlar bu işdə maraqlı olublar və rüşvətin kimlərə verildiyini açıqlanmasının qarşısını alıblar. “Təəssüf ki, mən məhkəmədə iştirak etmədim, ona görə həqiqətlər üzə çıxmadı” - deyə o yazıb.

Jurnal yazır ki, ARDNŞ-i özəlləşdirmək üçün V.Kojeni Azərbaycan hökuməti tərəfindən buraxılmış milyonlarla özəlləşdirmə çekini - vauçerləri alıb. Lakin sövdələşmənin pozulmasından sonra V.Kojeninin qurduğu fondun digər investoru və V.Kojeninin keçmiş ortağı Cerald O" Şonnesi vauçerlər üzərində nəzarəti əla alıb. O" Şonnesi Azərbaycan hökumətini bu vauçerləri geri almağa inandırmaq üçün illərlə çalışıb.

Jurnal yazır: “2008-ci ilin martında Azərbaycan hökuməti vauçerləri Cerald O” Şonnesidən 150 milyon dollara geri almağa razılaşıb. Bu barədə “Bloomberg News” tərəfindən ötən ay informasiya azadlığı haqda qanun əsasında Dövlət Departamentinə göndərilən sorğuya aldığı rəsmi cavabda deyilir. Bakıdakı Amerika səfirliyinin diplomatik teleqramına görə Kanzas ştatında neft şirkətinin rəhbəri olan Şonnesi Azərbaycan hökumətindən batmış vauçerlərə görə 300 milyon dollar tələb edib. Azərbaycan hökuməti ilə danışıqlarda ona Kanzas ştatından senator Sem Braunbek vasitəçilik edib. Sem Braunbek bildirib ki, vauçerlərin 150 milyon dollara geri alınmasına dair yazılı razılaşma əldə olunub".

İnformasiyada bildirilir ki, həmin il İsveçin “TeliaSonera AB” telekommunikasiya şirkəti vauçerləri investordan alıb və sonradan onlardan Azərbaycanda simsiz rabitə şirkətində pay almaq üçün istifadə edib. Cerald O" Şonnesi, Vaşinqtondakı ABŞ səfirliyinin nümayəndəsi və F.Boerkin vəkili jurnalın məsələ ilə bağlı sorğularını cavablandırmaqdan imtina edib. Keçmiş senator Sem Braunbek də məsələ ilə bağlı şərh verməyib.

musavat.com

Bizə qoşulun