
Famil CƏFƏRLİ
KƏNDDƏ SİYASİ SÖHBƏTLƏR
Bayram tətilində 3-4 gün kənddə oldum. Əyalətdə görüb-eşitdiklərim mənə çox maraqlı idi. O mənada ki, biz şəhərə qapılmışıq, kənd yaddan çıxıb. Sən demə, ölkədəki siyasi vəziyyətlə, seçkilərlə, güzəranla, ölkənin gələcəyi ilə bağlı ən maraqlı, duru, aydın, səlis şərh və izahlar elə kənddə imiş. Elə xalqı vecinə almayan bu pullu hakimiyyətin gələcəyi ilə bağlı mülahizələr də...
Əlində dırmıq, dəryaz, bel-yaba olan sadə kəndlilərlə söhbətdən bu qənaətə gəlirsən: onlar hökumətin hiyləgər siyasətini də, çıxılmaz vəziyyətini də eynəkli-eynəksiz politoloqlardan qat-qat yaxşı, dəqiq təhlil, təsəvvür və təsvir edirlər. Onlar rəsmi təbliğatın “regionlara fantastik qayğı” nağılını sadə, bərbəzəksiz, anlaşıqlı dildə elə puça çıxarırlar ki, əmin olun, bunu heç bir politoloq, heç bir jurnalist bacarmaz.
Bəri başdan deyim ki, Azərbaycan kəndlisi, əyalət insanı əlini mərkəzi hakimiyyətdən, neft milyardlarında, korrupsiya və gözqamaşdıran işıq selində çimən paytaxtdan, rəsmi siyasətdən lap çoxdan üzüb. O, dövlətinə, hökumətinə, büdcəsinə, neft gəlirlərinə yox, öz yaba-kətməninə söykənib ayaq üstdə qalır. Regionların inkişafı üzrə 4 yox, lap 44 dövlət proqramının da orta statistik Məmmədəliyə ala inəyinin südlə dolu yelini, bərəkət saçan əmcəyi qədər faydası dəymir. Orta statistik Azərbaycan kəndlisi 5-6 yumurtlar toyuğundan daha çox fayda götürür, nəinki Eldar İbrahimovun sədrlik etdiyi Milli Məclisin Aqrar siyasət komitəsinin mənasız iclaslarından və qayırdığı sarsaq qanunlardan. Yəni toyuqları kəndliyə hay-küylə yürüdülən içiboş rəsmi aqrar siyasətdən də, zırıltılı dövlət proqramlarından da 5-6 qat yaxın və faydalıdır...
“Azərbaycanın artıq yaxın gələcəkdə taxıla olan tələbatını tam həcmdə daxili istehsal hesabına ödəyəcəyi gözlənilir” - kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyev nəyə görəsə qəfildən durub belə deyib.
Bu adamın kənddən xəbəri yoxdur məncə. Taxıl zəmilərini də televizorda görüb. Ona görə də nağıl danışır. Dedikləri əti-yağı talonla alan xalqa “növbəti beşillikdəki möhtəşəm iqtisadi nailiyyətlər”dən danışmaq kimi bir şeydir. Bu gedişlə Azərbaycan yaxın gələcəkdə taxıla olan tələbatını artıq tam həcmdə xaricdən aldığı buğda ilə ödəyəcək. Çünki kəndlər doğrudan da pis gündədir. Bakıda bir-iki iri məmur ərzaq bazarı, aqrar sektor uğrunda illərdir savaşır, bunun da zopası sonda kəndliyə dəyir. Daha əvvəlki kimi əkib-biçən də yoxdur. Onların sayı sürətlə azalır. AzTV-nin əyalətdə görüb çəkdiyi yaraşıqlı evlər isə Rusiya çöllərində can qoyan oğlanlar hesabınadır. Gopa basmasınlar. Azərbaycanda əyalət insanının dolanışığı, məişəti bu gün də böyük ölçüdə Rusiyadan asılıdır. Təkcə məişətimi?
...Biləsuvardakı çayxanada bir-iki tanışla oturmuşdum. Tanışlarımın həmkəndlisi olan kəndlilərdən ən çox eşitdiyim suallar bunlar idi: “Müəllim, bunlar durduqca yaxşı dolanışıqdan əlimizi üzmüşük, sən bilərsən, bu ilki seçkidə bir şey olacaqmı”; “bunlar haçan rədd olub gedir”; “Rusiya bunları bərk sıxır deyəsən, sən nə fikirləşirsən”; “qəzetlər yazır ki, Putin hökumət başına Abbas Abbasovu gətirmək istəyir, belə şey ola bilərmi”; “Moskvadakı azərbaycanlı milyarderlər nə fikirləşir bəs”; “bu seçki də saxtalaşdırılsa, camaat ayağa duracaqmı” və s. və i.a.
Bir neçə saat ərzində bu sualları bəlkə 30-40 dəfə eşitdim. Canımı onlardan çox vaxt “baxaq görək nə olur”larla qurtarmağa çalışırdım. İstədikləri cavabı almayınca öz suallarına elə özləri də cavab verirdilər. Özü də çox ağıllı cavablar. “Bunlar getməyincə xalqa xoş gün yoxdur” - hamının gəldiyi qənaət bu idi. Bəs necə gedəcəklər? Yolunu da özləri göstərirdi: “Bu seçkini əldən buraxmaq olmaz. Həm də görək dünya, Amerikası, Avropası, Rusiyası nə deyəcək...”
Yeni texnologiyalar, internet öz işini görüb. Yappilər başlarını Bakıda quma, daha doğrusu, pula soxub, elə bilirlər camaat hələ də heç zadı bilmir. Belə deyil, xalq ayıqdır. Şişirdilmiş kimi görünə bilər, amma müşahidəmi deyirəm: xalq əyalətdə daha ayıqdır. Ola bilsin ona görə ki, Bakıda maaşını, işini itirməkdən qorxan şəhər əhlindən fərqli olaraq əyalət camaatının itirməyə daha heç nəyi qalmayıb. Kənd dükanlarının nisyə dəftərlərindəki adlarından başqa. O dəftərlərin birini şəxsən vərəqlədim. Bu haqda sonra yazaram...