Medianews.az
“KÖLGƏ KABİNETLƏRİ” MARAZMI
219 baxış

“KÖLGƏ KABİNETLƏRİ” MARAZMI

Yaxud Ömər Xəyyamın İsa peyğəmbərin xidmətçisinin Həccə getməsi ilə bağlı rübaisi

Seçki ilində müxalifətin müəyyən qanadının yaydığı “Kölgə kabineti” siyahıları fəsadlara yol açdı. Bəzi hallarda isə “sistemi dəyişmək uğrunda mübarizə aparanların” iqtidarla bir medalın iki üzü olması barədə deyilən iddialara haqq qazandırdı. Siyahıları şərh etmədən öncə vurğulayaq ki, Müsavat, AXCP və REAL adından mətbuata təqdim olunan siyahılar sonradan bu təşkilatların rəhbərləri tərəfindən təkzib olundu. Lakin fakt faktlığında qalır.

“Kölgə kabinetləri” birbaşa adıçəkilən siyasi qurumların rəhbər orqanlarında təmsil olunan şəxslər tərəfindən hazırlanıb və mətbuata verilib. Ola bilər ki, təqdim olunan siyahılar adıçəkilən təşkilatların rəsmi mövqelərini əks etdirmir, lakin onları hazırlayanlar adıçəkilən qurumlarda yüksək post tutan funksionerlərdi. Hətta bəzi hallarda bu məsələ sosial şəbəkələrdəki gizli qruplarda müzakirə olunub, mətbuata ötürüldükdən sonra həmin yazışmalar silinib. Lakin müzakirələr mətbuata yol tapa bilib. Bunu isə həmin təşkilatların üzvü olan şəxslər ediblər. Bu sətirlərin müəllifi siyahıların müxalifət təmsilçiləri tərəfindən hazırlandığı fikrində təkid edir. Həmin şəxslərin məqsədlərinin nə olduğunu ancaq ehtimal etmək mümkündür. Lakin əgər siyahılar mətbuatın müzakirəsinə verilibsə, deməli, onu görməməzliyə vurmaq çıxış yolu deyil. Biz iddia etmirik ki, təqdim olunan siyahılar müxalifətin gələcək kadr siyasətinin göstəricisidir. Lakin istənilən halda bu siyahılar ictimai rəydə hakimiyyətə alternativ kimi təqdim olunur və onu tərtib edən müxalifətçilərin (siyahını müxalifət təşkilatlarının üzvlərinin tərtib etdiyi fikrində bir daha təkid edirik) ölkənin gələcəyi ilə bağlı baxışlarını əks etdirir.

Təklif olunan siyahılar reallığı əks etdirməməklə yanaşı, müxalifət düşərgəsində yaşananlardan, düşüncə tərzinin özündən xəbər verir. İroniyasız yanaşılması mümkün olmayan siyahıda hətta “köşə yazarlarına” da vəzifələr paylanılıb. Bu da təbiidir, siyasi təhlilçilərdən fərqli olaraq, köşə yazarları qalmaqal yarada bilirlər və seçki ilində onların “silləsindən” yaxa qurtarmağın yolu daima kağız üzərində qalacaq siyahıda könüllərini almaqdan ibarətdir. Siyahılarda təşkilatlardan kənarda qalanlara da vəzifələr paylanılıb, bu da tərəfdar toplamağa yönələn primitiv texnologiya təsiri yaradır.

“Kölgə kabinetləri”nin tərkiblərini təhlil etdikdə kənar müşahidəçilərdə belə bir fikir formalaşır ki, bir qrup incidilmiş insan revanş götürmək və ölkənin “yağlı tikələrini” ələ keçirmək istəyir. Məqsəd idarəetmənin, sistemin dəyişdirilməsinin olmadığı siyahılara baxdıqda dərhal bilinir.

Əgər “kölgə kabinetləri”ndə parlamentin tərkibi və rəhbərliyi də “müəyyən” edilirsə, bu artıq Ömər Xəyyamın İsa peyğəmbərin xidmətçisinin həccə getməsi ilə bağlı rübaisinə bənzəyir.

Bir sözlə, 1992-ci ildə letargiya yuxusuna gedən bəzi siyasətçilər yuxudan oyanmaq üzrədirlər, lakin artıq 2013-cü ilin gəldiyini hələ də heç cür dərk edə bilmirlər.

Əks təqdirdə, belə kadr siyasətinin nələrə gətirib çıxara biləcəyini də anlayardılar. Qalmaqallı, ziddiyyətli, bir-birinə nifrət edən insanları özündə birləşdirən siyahı reallaşarsa, iqtidara gəlmiş insanlar qısa bir zamanda Puşkinin “Qızıl balıq” qəhrəmanına çevrilə bilərlər. Bu barədə bir qədər sonra, indi siyahıya bir daha nəzər yetirək. Qeyri-peşəkarlardan ibarət olan “kölgə kabinetləri”nin demək olar ki, hamısı müxalifətin kadr bazasının zəifliyi barədə fikir formalaşdırır. Vurğulayaq ki, söhbət müxalifətin ümumi intellekt göstəricisindən deyil, təqdim olunan siyahılardan gedir. Prosesləri kənardan izləyən müşahidəçilər üçün “kölgə kabineti”ndən meydana çıxan görüntü bundan ibarətdir ki, müxalifətin məqsədi sistemi dəyişmək üçün hakimiyyətə gəlmək deyil. İdarəetmə sistemini dəyişmək məqsəd olduqda konkret islahatlar paketi mövcud olur və ucdantutma hamıya vəzifə paylanmır. Peşəkar orta ranqlı məmurları taksi sürücüləri ilə əvəz etmirlər. Söhbət inqilaba hazırlıqdan da getmir. İnqilab arzusunda olanlar vəzifələri dəyişmirlər, sistemin özünü süpürüb atırlar. Rusiyada Leninin, İranda Xomeyninin etdiyini edirlər.

“Kölgə kabinetləri” siyahısı sırf texnoloji gedişlər kimi də qüsurludur. Aydın məsələdir ki, bu addımlar seçki ilində özlərinə tərəfdar toplamaq üçün atılıb. Lakin bu dərəcədə qeyri-peşəkarcasına hazırlanan siyahılar yalnız ironiya və ikrah doğurur. Cəmiyyətə təqdim olunan kadrların hər birinin şəxsiyyətinə hörmətimizi bildirməklə yanaşı vurğulamalıyıq ki, kadrların yerləşdirilməsində sadomozaxismin əlamətləri mövcuddur. Əks təqdirdə, neftlə doşabın, pambıqla qəndin fərqini bilməyənlərə bu sahələrə rəhbərlik etmək “tapşırılmazdı”.

Ümumiyyətlə, avtoritarizmdən demokratiya keçidlər zamanı siyasi kabinetlərə üstünlük verilmir, daha çox peşəkarlarla işləmək variantı məqbul hesab olunur. Hakimiyyətə gələn siyasi qüvvə yalnız strateji postlardakı rəhbər nöqtələrdə oturur. Məsələn, MTN, DİN, MN, Baş Prokurorluq və s. kimi postlar siyasi qələbə qazanmış şəxslərə həvalə olunur. Lakin prezidentdən tutmuş, adi idarələrdəki süpürgəçiyə qədər, hamıdan siyasi mənsubiyyət tələb olunmur. Belə yanaşma, hətta 1933-cü ilin Almaniyasında da baş verməmişdi.

Bu sətirlərin müəllifi aylar öncə “Yeni Müsavat” qəzetində dərc olunan “Qərbdən müxalifətə ”kölgə kabineti" mesajı" adlı məqaləsində belə bir qurumun yaradılmasının zərurətindən söz açmış, strateji nazirliklərin başında duracaq kadrların isimlərinin açıqlanmasını və proqramın ortaya qoyulmasının vacibliyini vurğulamışdı. Real “kölgə kabinetləri” ictimai rəydə iqtidara alternativin olması fikrini formalaşdırır. Son zamanlar açıqlanan siyahılar isə “kölgə kabineti” ideyasına öldürücü zərbələr endirdi. Artıq çoxları “kölgə kabinetinə” lağla yanaşmağa başlayıblar. Bəlkə bu siyahıları tərtib edənlərin məqsədi də elə bu olub. Azərbaycan üçün son dərəcə mühüm olan daha bir ideya dəfn olundu...

Azər RƏŞİDOĞLU

Bizə qoşulun