Medianews.az
Mən Əkrəm Əylislinin nöqteyi-nəzəri ilə heç bir halda razılaşa bilmərəm, amma...
213 baxış

Mən Əkrəm Əylislinin nöqteyi-nəzəri ilə heç bir halda razılaşa bilmərəm, amma...

“ABŞ-da, Fransada kimlə söhbət edirsən, Azərbaycandakı vəziyyəti biləndə dəhşətə gəlir”

“Mən Əkrəm Əylislinin nöqteyi-nəzəri ilə heç bir halda razılaşa bilmərəm, amma...”

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov “Media forum” saytının suallarını cavablandırıb. O, müsahibəsinin fevralın 26-da yayılan birinci hissəsində hazırda Moskvada olduğunu deyib və ABŞ səfərindən, gördüyü işlərdən danışıb.

 

“Azərbaycana nə vaxt qayıdacaqsınız” sualına cavabda hələlik işlərinin çox olduğunu deyən İbrahimbəyov deyib: “Fransada festivalı başa çatdırandan sonra vətənə qayıtmağa imkan yaranacaq. Bu da martın 20-dən sonraya düşür. Azərbaycandan kənarda olsam da Ziyalılar Forumu ilə fəal işləyirəm. Forum üzvləri ilə hər gün əlaqə saxlayıram”.

İbrahimbəyov “Ölkəyə qayıtmağınızla bağlı hansısa problem varmı? Belə məlumatlar var ki, sizə qarşı cinayət işi açmaq istəyirlər. Bu barədə özünüz rəsmi məlumat almısınızmı” sualına belə cavab verib: “Özümlə bağlı problem yoxdur. Yəni vətənə qayıtmaqda problem görmürəm. Amma başqa informasiyalar alıram. Məlumata görə, vətənə qayıdacağım halda məni istintaqa çağırmaq, sorğu-sual etmək istəyirlər. Düzdür, bununla bağlı rəsmi məlumat yoxdur. Hökumət bu informasiyaları qəsdən yayır... Azərbaycana ona görə gəlirdim ki, ora vətənimdir. Vətən üçün darıxıram. Əgər vətən mənə belə münasibət göstərirsə, deməli, fasilə verməliyəm və bunu edirəm”.

İbrahimbəyov “əgər sizə cinayət işi açılsa və həbs edilmək təhlükəniz real olsa, buna baxmayaraq, Azərbaycana qayıdacaqsınızmı” sualına belə cavab verib: “Bunu nəyə görə etməliyəm? Bəyəm dəliyəm? Bunu yalnız siyasi lider, prezident olmaq istəyən şəxs edər. Çünki belə siyasi xarakterli həbs siyasətçinin nüfuzunu artırır. Mən sıravi vətəndaş və ziyalı kimi mövqeyimi həmişə bildirirəm, bundan sonra da bildirəcəm. Deyirəm ki, Azərbaycanda yaranmış vəziyyət dözülməz hal alıb, insanlar buna dözməməli və vəziyyəti dəyişdirməlidirlər. Ölkədə baş verənlərlə bağlı mövqeyimi və sözümü açıq formada deyirəm. Əgər məni türməyə salsalar, bu imkanlar əlimdən alınacaq. Buna zərurət varmı? Azərbaycanda hakimiyyət zəbt olunub, ölkə tamamilə qanunsuz yollarla idarə edilir. İndi könüllü gedib özümü onlara təslim etməliyəm ki, məni türməyə basın? Bunu etməyəcəm. Onlara təslim olmaq niyyətim yoxdur. Bu, hökumət deyil axı. Azərbaycan vətəndaşları həbsxanaya salınmağıma razı olarmı? Ölkəyə gəlməyim heç nəyi dəyişmir, vəziyyətə bir faiz də olsun təsir göstərmir. Mənim gəlməyim kimə, hansı formada kömək edir? Kənarda olsam da proseslərin içindəyəm. Siyasətçi olmasam da fikirlərimi söyləmişəm və söyləyəcəm. Azərbaycan indi həbsxanadır. Hökumət qanunsuz yolla idarə olunur. Lazım olsa, vətənim uğrunda canımı da qurban verərəm, amma bunun bizim məqsədimizə çatmağımıza bir faydası olsa. Əgər hökumət məni həbsxanaya salsa, insanların və beynəlxalq ictimaiyyətin başı bu məsələyə qarışacaq və hökumət də prezident seçkisini istədiyi kimi keçirəcək. Sonra da məni həbsxanadan azad edəcəklər ki, bağışlayın, səhv etmişik. Akademik Eldar Salayevin başına olmazın oyunlar gətirdilər. Onun kimi görkəmli alimimizi həbsxanaya saldılar, bir neçə ay qanunsuz həbsdə saxladılar, gözləri tutulandan sonra buraxdılar. Sonra da utanmadan dedilər ki, bizi bağışlayın, bir səhvdir etmişik...”

***

“Media forum” fevralın 27-də İbrahimbəyovla müsahibənin son bölümünü təqdim edib.

- Xaricdə keçirdiyiniz görüşlərdə Azərbaycandakı ictimai-siyasi məsələləri də müzakirə etmisinizmi?

- Səfər etdiyim ölkələrdə ictimai-siyasi məsələləri müzakirə etmək üçün rəsmi şəxslərlə görüşlər keçirməmişəm. Lakin insanlarla görüşəndə istər-istəməz Azərbaycandakı vəziyyətdən də danışırıq. Xaricilər Azərbaycan hakimiyyəti haqda çox mənfi fikirdədirlər. ABŞ-da, Fransada kimlə söhbət edirsən, Azərbaycandakı vəziyyəti biləndə dəhşətə gəlir. Əslində onlar real durumu bilirlər və hakimiyyətin siyasətini pisləyirlər. Hakimiyyət elə bilir ki, beynəlxalq ictimaiyyət onun əməllərindən xəbərdar deyil. Azərbaycandan xaricə gedən hər kəs bilir ki, ölkəmizdəki korrupsiya, rüşvətxorluq məsələlərini hər yerdə geniş müzakirə edirlər, bilirlər ki, bu, dünyada ən böyük və köhnə diktaturadır. Korrupsiya ölkəni dağıdır. Faktlar hər yerdə yayılır. Ona görə də Azərbaycan hökumətinə münasibət çox mənfidir.

- Əkrəm Əylislinin “Daş yuxular” romanı və bununla bağlı gedən proseslərə xaricdə münasibət necədir?

- Əkrəm Əylislinin “Daş yuxular” romanı və yazıçıya olan hücumlar haqda mövqeyimi bildirmişəm. Bu barədə həm yazmışam, həm də Əkrəmin özünə demişəm. Hazırda onun üstünə düşüblər və hücumlara məruz qalır. Yaranmış vəziyyətdə həmin fikirlərimi təkrar etmək istəmirəm. Amma ümumiyyətlə deyə bilərəm ki, “Daş yuxular”ı bədii cəhətdən keyfiyyətli roman saymaq mümkün olsa da, mən Əkrəmin nöqteyi-nəzəri ilə razı deyiləm, bununla heç bir halda razılaşa bilmərəm. Çünki əsər tarixi və faktoliji cəhətdən obyektiv deyil, həddən artıq subyektivdir.

Amma Əkrəm Əylisliyə edilən hücumlar, başına gətirilən oyunlar Azərbaycana çox böyük zərbə vurdu. İndi bütün dünyada deyirlər ki, ora çox geridə qalmış ölkədir, hökumət yaradıcı insanların işinə qarışır, yazıçını qulağını kəsməklə hədələyirlər, prezident yazıçıya verilən fəxri adı geri alır, hökumət qanun tanımır... Əslində hakimiyyət və onun rəsmiləri bu məsələyə qarışmalı deyildilər. Ona görə də bizi hərtərəfli tənqid edirlər, pis vəziyyətə düşmüşük. Bütün dünyada biabır olduq. Heç kitabı oxuyan olmayacaqdı. Ən yaxşı halda Bakıda bir neçə nəfər oxuyacaqdı. Amma hökumətin apardığı şişirdilmiş kampaniya kitab üçün böyük reklam oldu. İndi kitabı böyük maraqla oxuyurlar. Bundan sonra “Daş yuxular”ı hər yerdə çap edəcəklər, oxuyacaqlar. Bu, çox ağılsız bir kampaniyadır və Azərbaycana böyük ziyan vurdu.

- Ziyalılar Forumunun “Daş yuxular” haqda əvvəldən xəbəri vardımı? Siz əsəri çapdan əvvəl oxumuşdunuzmu?

- Konkret cavab verirəm, bu kitab Bakıda nəşr olunub. Bir il bundan əvvəl Əkrəm Əylislinin kitabı 50 nüsxə olmaqla Bakıda çap edilmişdi, çox adam bunu oxuyub.

Azərbaycanda total nəzarət var. İnsanları izləyirlər. Necə olur ki, hökumətin bu əsərdən xəbəri olmasın? Əslində oxuyublar. İndi özlərini elə aparırlar, sanki bu əsəri ilk dəfədir görürlər. Bunu Əkrəm Əylislinin özündən də soruşmaq olar. Ziyalılar Forumunun iştirakçıları Moskvada çapdan əvvəl bunu oxumayıblar. Ziyalılar Forumunda təmsil olunan hər kəsin öz yaradıcılığı var. Mən, Cəmil Həsənli, Ramiz Rövşən, Rafiq Əliyev, Gültəkin Hacıbəyli və başqaları da yazır, yaradır. Lakin Ziyalılar Forumu heç kəsin yaradıcılığına müdaxilə etmir, qarışmır, məsləhət vermir. Ziyalılar Forumundan bu kitabı oxuyan olmayıb, bununla bağlı deyilənlər yalandır.

- Bakıda Əkrəm Əylislinin “Möhtəşəm tıxac” adlı kitabının çap olunduğu məlumdur. Siz “Möhtəşəm tıxac”ı, yoxsa “Daş yuxular”ı nəzərdə tutursunuz?

- Mən bütövlükdə çap olunan kitabdan danışıram. Kitabda üç əsər var: “Yəmən”, “Daş yuxular” və “Möhtəşəm tıxac”. Bakıda bu əsərin birgə çap olunduğu kitabdan var, maraqlananlar tapa bilər. Bir il idi ki, Bakıda əldən-ələ gəzirdi. Heç kəsin bu əsər haqqında bilməməsi barədə deyilənlər yalandır.

- Əkrəm Əylisli Ziyalılar Forumunun üzvüdür. “Daş yuxular” romanı haqda aparılan müzakirələr Ziyalılar Forumuna zərbə vurubmu?

- Xeyr. Hesab edirəm ki, bu, yanlış düşüncədir. Əkrəm Əylisli böyük yazıçıdır, xalqımızın ən istedadlı yazıçılarından biridir, klassikdir. Yaxşı, biz qəbul edirik ki, ədəbiyyatşünaslar, filoloqlar, tənqidçilər, başqa yazıçılar bunu təhlil, tənqid etməlidir, etirazlarını bildirməlidir. Amma belə məsələlərə hökumət qarışmalı deyil. Küçələrdə kitab yandırmaq, qulaq kəsmək olmaz. Bu, vəhşilikdir və hökumət belə hadisələri qəsdən törədir ki, camaatın fikrini real problemlərdən yayındırsın.

- Rüstəm müəllim, Ziyalılar Forumunun bundan sonrakı taleyini necə görürsünüz?

- Ziyalılar Forumu necə yaranmışdı və necə fəaliyyət göstərirdi, elə də davam edəcək. Bizə kiçik zərbə belə vurulmayıb. Bunlar hamısı hökumətin qara piarı, əsassız təbliğatıdır. Çox səviyyəsiz və ağılsız təbliğatdır. Bunun davamı da olacaq, böhtanlar, qarayaxmalar davam edəcək. Bunu bilirik. Biz buna çoxdan hazırıq, möhkəm dayanmışıq. Bizim məqsədimiz birdir və bu, dünyagörüşümüzdən irəli gəlir. Biz Azərbaycan xalqının həyatından, problemlərindən danışırıq, danışacağıq və seçki yolu ilə vəziyyəti dəyişməyə çalışacağıq. Ümid edirəm ki, payızda keçiriləcək prezident seçkisində xalqımız güc göstərəcək və seçki xalqın, demokratiyanın xeyrinə olacaq. Biz ziyalılar bunun üçün əlimizdən gələni edəcəyik və sona qədər gedəcəyik. Xüsusən Qarabağ döyüşçülərinin, məcburi köçkünlərin, qaçqınların mövqeyindən çox şey asılıdır. Çünki onlara hökumət tərəfdən lazımi qayğı göstərilmir. Döyüşçülərə də, köçkünlərə, qaçqınlara da zülm edilir. Hansı ki, bunlar xalqımızın qaymaqlarıdır.

İndi siyasi baxışlarına görə həbs olunan xeyli insan var, qanunsuz olaraq dustaq ediliblər. Onları azad etmək lazımdır. 15 il deyirdilər ki, Ayaz Mütəllibov Azərbaycan dövlətinin, xalqımızın düşmənidir, onu türməyə basmaq lazımdır. Sonra vətənə qayıtmasına imkan verdilər və həqiqəti etiraf etdilər ki, o bizim ilk prezidentimiz olub, hörmət etməliyik. Hazırda Azərbaycandan kənarda yaşamağa məcbur olan xeyli insan var – Vaqif Hüseynov, Rəsul Quliyev və başqaları. Vaxt gələcək deyəcəklər ki, onlar xalqımızın dəyərli övladlarıdır, qaymaqlarıdır. Bundan başqa, akademik Əli İnsanov, Fərhad Əliyev və xeyli gənci tutub türməyə basıblar. Bir müddət keçəcək, deyəcəklər Azərbaycan xalqının qaymaqları elə bunlardır.

Ziyalılar Forumu yaxın günlərdə Azərbaycanda yaranmış vəziyyətlə bağlı xüsusi bəyanat yayacaq. Sonra mən ayrıca bəyanatla çıxış edəcəm. Hazırda mətn üzərində işləyirəm. Bəyanatım Azərbaycanda yaranmış ictimai-siyasi durum, payızda keçiriləcək prezident seçkisi, demokratiya, insan haqları, söz və mətbuat azadlığı, korrupsiya və rüşvətxorluğun tüğyan etməsi, fəallara qarşı repressiyalar haqda olacaq.

- Prezident seçkisinə az qalıb. Sizcə, demokratik düşərgəni, müxalifəti bu seçkidə ən yaxşı formada təmsil edəcək namizəd kim ola bilər? Sizin belə bir namizədiniz varmı?

- Mən bunu deyə bilmərəm. Bu yaxınlarda Milli Şura yaranmalıdır. Bütün demokratik qüvvələrin nümayəndələri burada iştirak etməlidir. Hələlik bizim əsas məqsədimiz Azərbaycanda seçkiqabağı vəziyyəti yaxşılaşdırmaq, seçkinin azad keçirilməsinə şərait yaratmaqdır. Seçkinin ədalətli, demokratik keçirilməsinə şərait yaranandan sonra bütün partiya və hərəkatların iştirakı ilə vahid namizəd ictimaiyyətə təqdim olunacaq. Hesab edirəm ki, buna nail olacağıq.

- “EL” hərəkatının formalaşdırılması prosesi necə gedir, təşkilatçılarla əlaqə saxlaya bilirsinizmi?

- Bəzən “EL” hərəkatı ilə Milli Şuranı qarışdırırlar. “EL” hərəkatı başqa partiya və hərəkatları birləşdirmir. Azərbaycanda çox hərəkat və partiya var. Bu da onlardan biridir. Əhalinin bir qismi özünü ictimai-siyasi baxımdan neytral aparır. “EL” hərəkatının məqsədi belə insanları prosesə cəlb etmək, onları ictimai-siyasi baxımdan maraqlandırmaq, yerli təşkilatlarla işləməkdir. Mən onları “üçüncü qüvvə” adlandırıram. Hərəkat bunlarla məşğul olacaq. Yaxın zamanlarda təşkilatçılar mətbuat konfransı keçirməlidirlər. Orada İdarə Heyəti, Siyasi Şura üzvlərinin siyahısı, strukturu, məqsədi elan olunmalıdır. Bir neçə gündən sonra bunlar hamısı elan olunacaq. Bu, Milli Şura ilə bağlı deyil. Təkrar edirəm, Milli Şura Azərbaycanda bütün demokratik qüvvələri birləşdirəcək. Başqaları kimi “EL” də burada iştirak edəcək.

- Mətbuatda belə bir fikir yayılıb ki, siz Lalə Şövkətin vahid namizəd olmasını istəyirsiniz. Bu doğrudurmu?

- Mən belə şey deməmişəm. Amma nəyə görə ola bilməz? Bunu Milli Şura həll edəcək. Camaatın fikri, rəyi ilə Lalə Şövkət də ola bilər. Mənim ona böyük hörmətim var. Məmnuniyyətlə belə namizədi dəstəkləyərəm.

- Amerikada olarkən eks-spiker Rəsul Quliyevlə görüşmüsünüzmü?

- Xeyr. Telefonla bir neçə dəfə danışmışıq, görüşümüz olmayıb. Mən Los-Ancelesdə olmuşam, o isə başqa yerdədir.

- Rüstəm müəllim, hazırda Azərbaycanda yaradıcılığınıza qadağalar varmı? Televiziyalarda filmlərinizi göstərirlərmi?

- Çoxdan göstərmirlər. Mənim adım çəkilən kimi verilişlərdən kəsirlər, çıxarıb atırlar. Bir ildən artıqdır belədir. Azərbaycan televiziyalarında Rüstəm İbrahimbəyov adlı yaradıcı adam yoxdur. Bunu nəyə görə edirlər? Bilirlər ki, düz danışan adamıq.

- Başqa əmlakınızı da əlinizdən alıblarmı?

- Azərbaycan Kinematoqrafçılar İttifaqını küçəyə atıblar. Yerlərini çoxdan alıblar. “Azərbaycan” kinoteatrını bağlayıblar. Şərq-Qərb festivalını keçirməyə imkan vermirlər. Daha nə edəcəklər ki? Mənim Azərbaycanda yaradıcılıq fəaliyyətim bağlıdır, qadağandır. Buna baxmayaraq vətənimə sıx bağlıyam. Var gücümlə çalışıram ki, imkan yaranan kimi qayıdım.

- Rusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyəti nə yerdədir? Siz bu ittifaqın sədri Abbas Abbasovla görüşmüsünüzmü?

- Xeyr, mən Moskvada deyildim, təzə gəlmişəm. Xocalı faciəsi ilə bağlı təsirli tədbir keçiriblər. Hazırlıq prosesində iştirak edirdim. Rusiya Azərbaycan Təşkilatları İttifaqı Azərbaycanla bağlı deyil. Bu təşkilat Rusiyada yaşayan azərbaycanlıların taleyi ilə bağlı fəaliyyət göstərir. Azərbaycanda nəyə görə bu təşkilat barəsində narahatdırlar, başa düşə bilmirəm. Rusiyada 1 milyona yaxın azərbaycanlı yaşayır, onların böyük problemləri var. Onlarla kimsə məşğul olmalıdır. Ümumrusiya Azərbaycanlıları Konqresini yaratdıq, amma təəssüf ki, axır vaxtlar fəaliyyəti sıfıra enib, heç bir iş görmür. Ona görə indi əsas işləri “Azər-Ross” görür və ümidvaram ki, ittifaqın köməyilə bütün təşkilatlar, o cümlədən Ümumrusiya Azərbaycan Konqresi də fəal işləyəcək. Bunun üçün ilk növbədə bütün təşkilatların ittifaqda birləşməsi lazımdır.

- İttifaqda təmsil olunan digər azərbaycanlıların Azərbaycandakı vəziyyətə, seçki, demokratiya, insan hüquqları və sair məsələlərə münasibəti necədir? Siz mövqeyinizi bildirirsiniz. Bəs o birilər nə düşünür?

- Bilirsiniz, onlar əsasən iş adamlarıdır. Siyasətlə məşğul deyillər. Mənimlə bu barədə müzakirələr aparmırlar. Bizim görüşməyimizin məqsədi Rusiyada yaşayan azərbaycanlılara kömək etməkdir.

mediaforum.az

 

Bizə qoşulun