Medianews.az
Məni oğurlamaq istəyiblər
138 baxış

Məni oğurlamaq istəyiblər

AYAZ MÜTƏLLİBOVDAN HEYRƏTAMİZ AÇIQLAMALAR

 

Eks-prezident: “Məni oğurlamaq istəyiblər”

”Milli Xilas Cəbhəsini yaratmaq lazımdır; deyirdilər Mütəllibov zəifdir, yaralıdır, gəlin onun axırına çataq”

 

 

 

Azərbaycanın eks-prezidenti cənab Ayaz Mütəllibovun “Yeni Müsavat” qəzetinə ilk eksklüziv müsahibəsinin son bölümünü təqdim edirik.

 

(əvvəli ötən saylarımızda)

 

- Heç elə adamlar varmı ki, siz onlardan özünüzə diqqət istəyirdiniz, ancaq indiyədək qapınızı döyməyiblər?

 

- Bizim xalqımızın ziyalılarının, məmurlarının bir mənfi xüsusiyyəti var, vəzifədə olarkən səninlə söhbət edəcəklər, ətrafında fırlanacaqlar, vəzifədən çıxdınsa, yaddan çıxdın. Ona görə də nəticəni özünüz çıxarın, mən nə deyə bilərəm.

 

- Bu illərdə Hacı Əbdülün sizə sadiq olması hətta bir nümunəyə çevrildi...

 

- Kiməsə sadiq olmaq, olmamaq məsələsi müasir zamana uyğun ifadələr, fikirlər deyil. O da azərbaycanlıdır, mən də azərbaycanlıyam. O, Azərbaycanın rəhbəri olmuş adam kimi mənə hörmət edir. Bir dəfə dedim ki, Hacı, sənə təşəkkür edirəm, müsahibələrində məni müdafiə edirsən, amma onu da fikirləş ki, niyə təkcə səndən müsahibə alırlar? Məgər Azərbaycanda məni səndən başqa tanıyan yoxdur? Belə fikir yaranıb ki, Ayaz Mütəllibovun elə yalnız Hacı Əbdülü var.

 

- Gəlib sizinlə görüşdümü?

 

 

- Bir mərasimdə gəlib görüşdü.

 

- Deyirsiniz ki, 1992-ci ildə Azərbaycan MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulsaydı, vəziyyət başqa cür olardı. İndiki situasiyada vahid gömrük ittifaqına, yaxud elə KTMT-yə qoşulmaq bizə nəsə verərdimi?

 

- Gəlin belə danışaq. Əvvəla, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq o zaman üçün önəmli idi. Çünki SSRİ-nin varisliyi Rusiya Federasiyasına keçdi. Qərb bu qərarı çıxartdı. Mən bunu təhlil etmişdim və bilirdim ki, Qərb bu məkanı Rusiyaya həvalə edəcək, Pribaltikadan başqa. Çünki Qərb Pribaltikanı heç zaman sovetlərin tərkib hissəsi kimi tanımırdı. Yerdə qalanlara, Rusiyanın yeni müstəqil dövlətlərdə olan böyük bir məsafədəki sərhədlərinə nəzarət etmək üçün imkan, istək, vəsait lazım idi. Təhlükəsizlik nöqteyi-nəzərindən Rusiya məsələni belə qoymuşdu ki, gərək elə sistem yaradaq ki, bir-birimizi müdafiə edək, bir-birimizin maraqlarını tapdamayaq. Bu nöqteyi-nəzərdən əlbəttə ki, Rusiya öz maraqlarını müdafiə etməyə qadirdir və heç kim də onu qadağan edə bilməz. Bəzən məndən soruşurlar ki, Ayaz müəllim, sizcə, Rusiya Azərbaycandan nə istəyir. Deyirəm, Rusiya Azərbaycandan heç nə istəmir. Rusiya istəyir ki, Azərbaycanın ərazisindən ona qarşı xəta olmasın. Məqsəd yalnız budur. O zaman mən hava hücumundan birgə müdafiə üzrə müqaviləyə qol çəkdim. Çünki o zaman heç kimdə raket qalmamışdı, nə Belarusiyada, nə Ukraynada. Ona görə də biz dedik ki, bunu Rusiya Federasiyasına həvalə edirik. Quru qoşunlarına gəldikdə isə biz bunun zibilinə düşdük, bundan imtina etdik. Çox nahaq yerə. O zaman biz hələ orduya malik deyildik, ordumuz yox idi, gücümüz çatmırdı. Təkcə “OMON”la Qarabağ regionunda nəzarəti təmin etmək mümkün deyildi. Cəbhəçilər 1991-ci ilin oktyabr ayında məsələni belə qoydular ki, rus qoşunları Azərbaycandan çıxmalıdır. Qarabağda fövqəladə vəziyyətə nəzarət edən qoşunlar var idi. Çıxart dedilər, çıxartdıq. Orda kim qaldı? Heç kim. Xocalı da getdi, hər şey də. Mən deyirdim ki, hara tələsirsiniz, iki-üç ay möhlət verin, ordumuzu yaradaq, gücə sahib olaq, ondan sonra rus qoşununu çıxaraq da. Yox ki, yox! (əsəbiləşir)

 

- Ali Sovetin 14 may iclasında sizin yenidən hakimiyyətə qayıtmaq cəhdiniz belə izah olunurdu ki, guya hakimiyyəti götürəcəyiniz təqdirdə Şuşanın geri qaytarılması barədə Rusiya ilə razılaşma əldə olunubmu. Bu, nə qədər real idi?

 

 

- Var idi. (Bir neçə dəfə təkrarlayır)

 

- Sizə Moskva söz vermişdi?

 

- Bəli. Mənim belə bir imkanım var idi. Xocalı qayıtmalı idi, Qarabağda vəziyyəti nizamlamalı idik. Təkcə Şuşanı yox... Şuşa Dağlıq Qarabağın tərkib hissəsi idi. Əlbəttə ki, qaytarılacaqdı. Bunların hamısını birdəfəlik həll edirdik.

 

- Sizə bu barədə vəd verən məmur kim idi?

 

- Biz danışmışdıq. Ancaq detalları açmağa lüzum görmürəm.

 

- Bəlkə bu, Azərbaycanı növbəti dəfə aldatmaq üçün düşünülmüşdü...

 

- Yox. Danışıqları Mütəllibov aparırdı bu ölkənin adından. Məni niyə aldatsınlar? Çaykənd əməliyyatını necə keçirtdik?

 

- Amma bu da var ki, prezident olduğunuz zaman sizin komanda üzvlərinin əksəriyyətini vertolyotda məhv etdilər.

 

- Kim məhv edib?

 

- Burada Rusiyanın əli yox idi?

 

 

- Nə bilim vallah. Ümumiyyətlə, belə söhbətlərə yol vermək olmaz ki, kiminsə əli var idi. Niyə olmalıydı? İstintaq aparılmayıb, həqiqətlər üzə çıxmayıb.

 

- Ayaz müəllim, martın 2-si Azərbaycanın BMT-yə üzv olmasının 21-ci ildönümüdür. Bu gün həmin tarixi hadisəni necə xatırlayırsınız?

 

- (Düşünür) Hə, həmişə xatırlayıram...Çox böyük itkilərə yol verildi. Ancaq mənim günahım yox idi. Mən çalışmışam. Mənim tutduğum yol düz olub, mənə mane olublar. Mane olan qüvvələr çox olub. Hakimiyyət hərisi olan adamlar...

 

- Deməli, AXC ilə koalisiya yaratsaydınız vəziyyət başqa cür olardı?

 

- Mən təklif edirdim də. Mən bunlara iş verirdim. Ancaq 5-6 martda məni eşitmədilər. Biz Milli Şuranı yaratdıq. Bunu məndən başqa heç kim etməyib. Bu, nə deməkdir? Bunu hamı zəiflik kimi qəbul edir. Deyirdilər Mütəllibov zəifdir, yaralıdır, gəlin onun axırına çataq. Ancaq bu, belə deyildi. Deyirdim, uşaqlar, biz hansı Xalq Cəbhəsindən danışırıq? Cəbhə vuruşmaq, müharibə deməkdir, siz kimlə müharibəni aparırsınız, bizim cəbhəmiz var - Qarabağ cəbhəsi, mən başqa cəbhə tanımıram. Əgər sən Milli Xilas Cəbhəsini yaratmaq istəyirsənsə, onda mən də şərikəm. O, indi də lazımdır. Eləyən yoxdur.

 

- Ancaq bu da var ki, 1991-ci ildə SSRİ-nin saxlanması haqqında mart referendumu olmasaydı, sizə də münasibət başqa olardı, proseslər də başqa məcrada cərəyan edərdi. Belə deyilmi?

 

“Vallah elələri var ki, silləni sağdan-soldan çəkəsən, sonra deyəsən indi qandın?”

- O, siyasi oyun idi də. Mən nə pislik elədim? O oyunun müqabilində 24 kəndi quldurlardan azad etdik. Bizim boşaltdığımız Çaykənddə indi azərbaycanlılar yaşayır. Buna da qiymət verən yoxdur. Niyə onu deyən yoxdur? Canınız çıxır? (çox əsəbi halda) Vallah elələri var ki, döyüləsi adamlardır. Silləni sağdan-soldan çəkəsən, sonra deyəsən indi qandın?

 

- Rusiyanın Dağıstana ordu yığmasının səbəbini siz necə izah edərdiniz?

 

- Dəqiq bir şey deyə bilmərəm. Ancaq duyduğum odur ki, yəqin qorxu var, özlərini qoruyurlar.

 

- Kimdən?

 

- Nə bilmək olar. İrandır, yoxsa başqa qüvvələrdir. İran məsələsi hələ gündəmdədir. Amerikanlar İrana müdaxilə etsə, bura qaçqınlar gəlsə, təsəvvür edirsiniz nələr olacaq? Ancaq Azərbaycana qarşı heç kim təcavüz etməyəcək. Nə Rusiya, nə də...

 

 

- Ancaq bu, faktdır ki, Bakı ilə Moskva arasında ən azı Qəbələ RLS-lə bağlı ziddiyyətlər yaranıb.

 

- Nə olsun ki. Azərbaycan çoxdan deyirdi ki, Qəbələ RLS məsələsi müvəqqətidir, icarəyə verilib. Ruslar da bunu bilirdilər.

 

- Elə isə Rusiya son aylarda külli miqdarda silah-sursatı Ermənistana niyə daşıdı, rus generalları İrəvandan Azərbaycanı niyə təhdid etdilər?

 

- (Konkret cavab vermir) İndi biz də öz ordumuzu silahlandırırıq da.

 

- Bundan sonra nə gözlənilir, böyük müharibə?

 

- Allah eləməsin.

 

- Rusiya-Ermənistan koalisiyası qarşısında Azərbaycan-Türkiyə müttəfiqliyinin olduğunu demək olarmı?

 

- (Gülümsəyir) Mən sovet dövründə baş nazir vəzifəsində ilk rəsmi səfərimdə Türkiyə Cümhuriyyətinin prezidenti Turqut Özalla söhbətdə də dedim ki, sizə çox önəmli bir fikrimi çatdırmaq istəyirəm. Dedim, biz bir böyük qardaşı başqa böyük qardaşa dəyişmirik. Bildirdim ki, biz Rusiya ilə Türkiyə arasında bir körpü olmaq istəyirik. Siz bizi Avropada təmsil edin, biz isə Rusiyanı yaxşı tanıyırıq, orda sizə kömək ola bilərik. Çünki bizim Qarabağ dərdimiz var. Qarabağ olmasaydı, bu, başqa məsələ. Məsələn, Türkmənistan, Özbəkistan, Qazaxıstanın erməni faktoru yoxdur ki. Ona görə xoşbəxtdirlər. Ancaq biz bədbəxt olmuşuq. Nə edək ki, belə bir qonşumuz var. Mustafa Kamal Atatürk də bütün türklərə vəsiyyət edib ki, Türkiyənin milli maraqları ən önəmli faktordur...

 

- Ayaz müəllim, sərbəst vaxtlarınızda nə edirsiniz?

 

 

- Heç nə. Yazıram, pozuram, arabir parka çıxıb gəzirəm.

 

- Memuar yazırsınız?

 

- Çox yazmışam. Üç kitabım hazırdır.

 

- Niyə nəşr etdirmisiniz?

 

- Hələ vaxtı deyil.

 

- Bir çox ölkələrdə keçmiş prezidentləri milli matəm və ya bayramlarda bir arada görürük. Azərbaycana, nəhayət, bu ənənə gətirilməlidirmi? Hər halda, ilkin addım atılıb eks-prezidentlər haqqında qanunla. Günün birində prezident İlham Əliyevlə eks-prezident Ayaz Mütəllibovu yanaşı görmək mümkündürmü?

 

- Məndən asılı deyil. Ölkə prezidentinin qərarı olmalıdır və bu, çox önəmli, çox maraqlı bir məsələdir. Avropa istiqamətində öz inkişafımızı tapırıqsa, Amerika, Avropa nümunələrindən də yararlanmalıyıq. Bugünlərdə Amerikada böyük bir bayram keçirirdilər, ölkənin prezidenti olmuş şəxslərlə indiki prezident bir yerdə idi. Mən buna razıyam. Buna millət demək olar.

 

- Fəxri Xiyabanda iki keçmiş prezident uyuyur, onların məzarını ziyarət edibsinizmi?

 

- Heydər Əliyevin məzarı başında olmuşam. Yolum düşəcək yəqin. O da bədbəxt adam idi.

 

- Elçibəyin zəhərlənməsi barədə deyilənləri ciddi sayırsınızmı?

 

- Yox. Bu zəhərlənmə söhbəti dəbə düşüb. Turqut Özalı da deyirlər. İnandırıcı deyil.

 

- Sizin Strateji Araşdırmalar Mərkəzində, yaxud hansısa başqa qurumda təmsil olunmağınız mümkündürmü?

 

- Mən hazıram, ancaq təklif gəlməyib. Buna ehtiyac olmalıdır ki, məsələ həll olunsun. Xarici siyasətlə bağlı da hər hansı məsləhətlər vermək mümkündür.

 

- Azərbaycandakı seçkilərdə Rusiyanın namizədi ola bilərmi?

 

- Yox, mən inanmıram. Nə namizəd? Göydən zənbillə düşəcək?

 

- İlham Əliyevlə Putin arasında gərginlik olduğu deyilir.

 

- Bunu ancaq güman etmək olar. Əgər belə olsa, nəticəsi müsbət olmayacaq. Nə təzyiq ola bilər? Əsas odur ki, Azərbaycan özünə əngəl yaratmasın. Biz həmişə bir-birimizə problem yaradırıq, sıralarımızda düşmən axtarırıq.

 

- Ölkə ziyalıları ilə-Rüstəm İbrahimbəyov, Eldar Namazov və digərləri ilə təmaslarınız varmı?

 

- Yox. Rusiyada mənim başıma oyunlar gəlib, oyunlar açılıb. Azərbaycanın eks-prezidentinə qarşı olan haqsızlıqlara etiraz edən azərbaycanlıları eşitmədim. Heç kimi. Məni yolda saxlayıblar, milis əməliyyatı olub, məni oğurlamaq istəyiblər. Ancaq adını çəkdiyiniz və çəkmədiklərinizdən müdafiə görmədim.

 

- Çox küskünsünüz.

 

- (Səsini qaldırır) Bəli, çox, həddən artıq.

 

- Heç olmasa elə adamlar varmı ki, sizə bu günəcən sadiq olublar?

 

- Mənə ən sadiq olan həyat yoldaşımdır. Heyfsilənirəm ki, mən nə ona, nə uşaqlarıma normal həyat verə bilmədim, mənimlə bir yerdə şikəst oldular. Böyük oğlum ürəyini yeyə-yeyə bu dünyanı tərk etdi. İndi kiçik oğlum qalıb, o da heç yerdə işləmir.

 

- Axı sizə “yaşıl işıq” yandırılıb...

 

- Bəli, qanun “yaşıl işıq”dır. Bəlkə Allahın köməkliyi ilə məsələ həllini tapdı. Ancaq 20 il az müddət deyil. Allah heç kimə göstərməsin.

 

- Yəni Rusiyada heç rahatçılığınız olmayıb?

 

- Yox, nə danışırsınız... Ev dustağı idim də. Bəzən burdan xəbərlər gəlirdi ki, filan yerdə böyük iqamətgahı var, keşiyində dayananlar var. Boş-boş sözlər idi. (gülür)

 

- Ayaz müəllim, bizim vaxtımız tamamdır, sonda sizin demək istədikləriniz varmı?

 

“Bir azərbaycanlı kimi xəcalət çəkirəm”

- Bu vaxta qədər ən önəmli problemimizi həll edə bilməmişik, indi də vəziyyət hələ naməlumdur. Mən bir azərbaycanlı kimi xəcalət çəkirəm.

 

- Bu xəcalətdən qurtulmaq üçün nə təklif edirsiniz?

 

- Heç nə...

 

Elşad PAŞASOY

Bizə qoşulun