Medianews.az
 ÖZÜNÜ YAXŞI APARAN GÜLƏR
185 baxış

ÖZÜNÜ YAXŞI APARAN GÜLƏR

Famil CƏFƏRLİ

[email protected]

 

ÖZÜNÜ YAXŞI APARAN GÜLƏR

 

“Gülər Əhmədovanın həbsi siyasi məsələ deyil”. Bu dürr-dürdanə, ağıllı-kamallı cümlənin müəllifi kim ola, kim olmaya, əlbəttə ki, bizim bu YAP-ın görən gözü, gülən üzü, vuran əli, danışan dili, düşünən beyni - icra katibinin müavini, deputat Siyavuş Novruzov yoldaş...

 

Mən onun bu ali savadlı sözlərinə şəkk eləyə bilmərəm, ayaqqabımın burnu əyilər. Nöşün ki, Siyavuş hüquq elmləri doktorudur. Qanunları “Çiko” kimi çırtlayır, məcəllələrin hamısının hər dır-deşiyindən xəbəri var. Ona görə sidqi-ürəklə, şəstlə, milli qürur hissi ilə deyir ki, bu həbs siyasi yox, hüquqi məsələdir.

Düzdür, mən də dövlətçiliyi sevməyən, evinə suyu gəlməyə-gəlməyə etməni dəyirmanına su tökən antimilli ünsür olsam, onda gərək qayıdıb deyəm ki, toyuq oğrusunun həbsi də hüquqi məsələdir. Amma mən Kürdəmirin daha bir kəndinə 20 ildən sonra təbii qaz verilməsi, Samuxda üç ağacın dibinin əhənglənməsi kimi fantastik uğurlara sevinən, bunları regionun lideri olmağın bariz əlaməti sayan azərbaycançı və dövlətçi adamam. Ona görə də toyuq oğrusunu dövlətçilik məsələsinə qatmıram. Təcili qayıdıram Gülərin həbsi məsələsinə.

Doğrudur, bayaq dedim ki, Siyavuş ali savadlı adamdır, amma onun sözü ilə razı deyiləm. Keçmiş YAP-çı deputatın həbsi siyasi məsələ olmadığı kimi heç hüquqi məsələ də deyil. Yaxşı, bəs onda nədir? Baxaq görək nədir...

Bu həbsə bir az sol tərəfdən çəpəki baxanda hərbi-strateji məsələyə oxşayır. Sağdan qıyqacı baxanda geosiyasi məsələ təsiri bağışlayır. Geri çəkilib bir az uzaqdan baxanda görürsən ki, bu məsələ nəsə kulinariya söhbətinə bənzəyir. Söhbət dövləti, qanunları, ölkənin siyasi sistemini vətəndaşla, onun səsi ilə birgə diri-diri basıb yeməkdən gedir.

Lap yavuqlaşıb yaxından baxanda isə görürsən ki, baho, bu həbs tərtəmiz kanalizasiya məsələsi təsiri bağışlayır ki... Murdar iyi də parlamenti, MSK-nı, bütün ölkəni basıb. Üfunətin qoxusu hətta ətirlər ölkəsi Fransaya da gedib çıxıb, onun da havasını korlayıb.

Hadisənin düz gözünün içinə baxanda görürsən ki, deputat mandatı satışından törəyən bu həbs adicə ticarət, alver, bazar məsələsidir. Dama çıxıb üstdən aşağı baxanda isə dəqiq görürsən ki, xeyr a, nə hərbi-stratejidir, nə geosiyasi, nə də ticari. Bu, sırf mənəviyyat, ləyaqət, şərəf, abır-həya məsələsidir ki, durub...

Buna hələ başqa izahlar da vermək olar. Məsələn, belə də iddia etmək olar ki, bu həbs nə siyasi məsələdir, nə də hüquqi, o, sırf arxeoloji, paleontoloji, frazeoloji, filoloji, morfoloji, texnoloji, etnoqrafik, kosmik, mikroskopik, astronomik, fantastik, aeronavtik... hadisədir. Amma nə ehtiyac?! Hamı bilir ki, bu həbs nə deməkdir. Ona kim necə istəsə ad qoya bilər. Əsas odur ki, Siyavuş düz və savadlı danışır - bu xarabada siyasət yoxdur. Var sadəcə cinayət...

Bir vaxtlar YAP-ın simvol və sifətlərindən olan Gülər Əhmədovanın həbsi ilə bağlı daha bir multfilm mövzusu var. Deputat mandatı alverçisi olan “Qaynana” ləqəbli keçmiş deputatın vəkili Eldar Qədimi məzəli bir söhbət eləyib. Deyib ki, Gülər Əhmədova məhkəmədə özünü çox yaxşı aparıb: “Özünü məhkəmədə yaxşı saxladı, yaxşı apardı, dözə bildi”.

Dözməyi heç, bu - aydındır. Əhmədova psixoloqdur. Mənə ayrı zad maraqlı gəlir: bəs vəkil necə düşünürmüş, Əhmədovadan nə gözləyirmiş? Yoxsa düşünürmüş ki, Əhmədova prosesin gedişində hakimin üstünə atılıb onu cırmaqlayacaq, yumruqlayacaq? Ya ağlayıb-sıtqayıb aman diləyəcək? Yoxsa hədə-qorxu gələcək, hakimə də “ağzımı açdırmayın ha...” deyəcək? Yaxud bəlkə əlini cibinə salıb hakimə “al bu Elşaddan qazandığım 500 minin 100 minini, tutma məni” deyə alverə başlayacaq?

Özünü məhkəmədə, hakim qabağında, müttəhimlər kürsüsündə yaxşı aparmaq... Hm, burada çox maraqlı fəlsəfi sual yaranır: özünü çöldə yaxşı aparmaq yaxşıdır, ya məhkəmədə qandallanmağa az qalanda? Sual YAP Siyasi Şurası üzvlərinin müzakirəsinə verilir. Düzgün cavabı tapana 2015 seçkilərində müftə deputat mandatı veriləcək, heç bir gizli çəkiliş də aparılmayacaq. Qəpiksiz və videosuz - necə deyərlər. Baş işlədin, baş, baş...

Bizə qoşulun