Medianews.az
POLİTOLOQUN MÜDHİŞ ŞƏRHİ
269 baxış

POLİTOLOQUN MÜDHİŞ ŞƏRHİ

Əvvəlcə elə bildim, jurnalist Natiq Cavadlı zarafat edir, götürüb, Mübariz Əhmədoğlunun adından belə bir sitat yazıb.

“Feysbuk”da belə şeylər olur. Bir də görürsən, 200 il əvvəl dilə gətirilmiş məşhur bir ifadənin altından günümüzdə yaşayan, yaxud bir neçə il əvvəl ölmüş adamın adını yazırlar. Guya ki, həmin sözü, məsələn, Makiavelli yox, Siyavuş Novruzov deyib, yaxud birinci Əli Əhmədov deyib ki, “Dövlət xalq üçündür...”.
Ona görə də sosial şəbəkədə paylaşılmış aşağıdakı abzası oxuyanda bunun əvvəla, ciddi söhbət olmadığını, zarafat olduğunu düşündüm, zarafat olmasa belə, bunun bir tanınmış politoloqun dilindən çıxdığını güman etmədim. Belə şeylər də olur, bir də görürsən, dünənəcən ağıllı-başlı ziyalı saydığın adamın biri başladı, ruhlardan, şeytanlardan danışmağa. O saat anlayırsan ki, deyəsən, lələmin ruhi tarazlığı əyilən fason olub.
Amma informasiya agentliyinin bülleteninə baxanda, gördüm, qarabağlılar demişkən, vay dədə, 40 ilin politoloqu eynilə bu cür deyib:
“İranın yalanlarından biri də üzə çıxdı. Amerikadakı 370 dərəcə en dairəsində və Rusiyadakı 0-10 üfüqi qurşaqda yerləşən mərkəzlərdən sızdırılan məlumatlara görə, Allah-Təala bilatəşbih, ölməyib, salamatdır, Allahın ölməsi ilə bağlı İranda olan məlumat yalandır. Həmin iki mötəbər mənbənin sızdırdığı məlumata görə, Tanrı kişinin gücü təxminən sonsuz enn bərabərindədir. Ağlının müdrikliyi isə bütün kainatı sabit, sakit tərzdə ölçüsüz kvadritrilyon il müddətinə idarə etməyə çatır. Bəsirətini isə ölçə bilmədilər - hələ belə aparat yarada bilməyiblər. Bu xəbərdən sonra İranın qanının uzun müddət qaralacağına inanmırıq, çünki onları öz yalanlarından başqa heç nə maraqlandırmır. Doğrudan, birdən Allah-Təala Mehriyə zəlzələ göndərdi və ya Araz coşdu. İran görəsən nə edəcək?”
Doğrudan da maraqlıdır. Mən bu yaşa çatmışam, hələ Gözəgörünməz barədə bu qədər dəqiq, gözüylə görübmüş kimi informasiya verən ikinci bir bəndə barədə nə oxumuşam, nə eşitmişəm. Hətta peyğəmbərlər də bu xüsusda konkret bir şey deməyiblər. Politoloq isə ilahinin gücünün ölçüsünü belə dəqiqləşdirib. Mübariz müəllimə vəhy gəlib, nədir?
Düzü, Amerikadakı 370 dərəcə en dairəsində və Rusiyadakı 0-10 üfüqi qurşağında yerləşən gizli mərkəzlərdən mən çoxdan şübhələnmişdim. Deyirdilər, amma inanmırdım, şəkk gətirirdim, ancaq o boyda politoloq deyəndən sonra məcburam fövqəladə güclərin bilgilərinə inanım.
Adamın bəsirət gözü bağlanmasın gərək. Onu ölçən aparat olmasa da, hiss edirsən ki, insanlarda belə bir fəhm var. Məsələn, yuxarıda sözü gedən İranda dünən o boyda parlament sədrinə ayaqqabı, yumurta, möhür-filan ata-ata deyirmişlər: “Bizə bəsirətsiz sədr lazım deyil”; “Bəsirət, bəsirət, Laricani” və s.
Görünür, iranlılar spikerdəki bəsirət çatışmazlığını vaxtında aşkarlayıblar.
Sevindirici haldır ki, bizdə də tanınmış politoloqlardan biri bu missiyanı öz üzərinə götürüb.
Düzdür, bu politoloq ölkəmizdə əsasən Ermənistanın çökməsi, boşalması, dağılması, süqut etməsinə dair vaxtaşırı brifinqlər keçirərək qonşu və düşmən ölkədə gedən dağıdıcı prosesləri sürətləndirməsi ilə tanınır, amma bu dəfə məsələyə İranı da qatıb. Ona görə ki, İran və Ermənistan Mehri rayonu ərazisindən keçən Araz çayının üzərində su elektrik stansiyası tikmək istəyir. Mübariz müəllim məhz buna görə deyir ki, “birdən Allah-Təala Mehriyə zəlzələ göndərdi və ya Araz coşdu”, onda nə olacaq.
Adımın ateist çıxmağına baxmayın, politoloq demişkən, Allah-Təalanın sağ-salamat olmağına görə çox sevinirəm, hətta o kvadritrilyon söhbəti də xoşuma gəlir. Əgər dünyanın iki nəhəng dövlətinin gizli mərkəzləri belə bir qəti mülahizə ilə çıxış ediblərsə, şəkk eləmək olmaz. İndi bizə düşən odur ki, bundan belə əllərimizi göyə qaldırıb eyzən dua edək, qoy Ulu Yaradan o boyda gücündən bir az sərf edərək, zalım düşmənin işini avand eləməsin, yeri gələndə Arazı coşdursun, Mehri rayonunu da bir balaca silkələsin. Axı kimin haqlı, kimin haqsız olması, heç kəsə olmasa da, Ona yaxşı əyandır.
P.S. Yeri gəlmişkən, yazıçı Frensis Forsaytın “Allahın yumruğu” adlı əsəri var, yaxşı romandır.

Bizə qoşulun