Rauf Həbibov qubalılardan yandırılan imarətinin pulunu istəyir; vəkillər sabiq başçıya cinayət işi başlanmasını tələb etdi.
Quba Rayon Məhkəməsində 1 mart olayına görə təqsirləndirilən şəxslərdən 8 nəfərinin işi üzrə proses yekunlaşmaq üzrədir. Onlardan Fərhad Abdurrəhmanov, Samir Xanmədov, Alxas Danyalov həbsdə, Samir Talıbov, Mətləb Dadaşov, Sərvin Çobanov, Murad Zakirov, Səxavət Ələsgərov isə zamindədir.
Dünənki proses saat 10:00-a təyin olunsa da insanlar məhkəmə binası önünə xeyli əvvəldən toplaşmışdı. Binaya gələn küçələrdə polislər vardı. Proses saat yarım gecikdi. Məlum oldu ki, buna səbəb hadisələrdən sonra vəzifəsindən qovulan icra başçısı Rauf Həbibovun nümayəndəsi Vasif Həsənovun ləngiməsidir. Hakim Zamin Tahirovun sədrliyi ilə keçən darısqal zalda 10 polis əməkdaşı vardı. Hakim jurnalistlərə video və audio vasitələrdən istifadə etməyə icazə vermədi.
F.Abdurrəhmanovun vəkili Mirzə Əzizov vəsatət verərək müvəkkilindən imtina etdi. Hakim dedi ki, qanunda belə bir hal nəzərdə tutulmadığından vəsatəti təmin etmir. Digər vəkillər isə hakimin F.Abdurrəhmanovun fikrini öyrənmədən qərar qəbul etməsinə etirazlarını bildirdi. Hakim etirazı qəbul edərək sözü təqsirləndirilənə verdi.
F.Abdurrəhmanov:
– Ötən prosesdə demişəm ki, elə bil Mirzə müəllimə cadu eləyib ağzını bağlayıblar. Mən heç kimi təhqir etməmişəm. Özüm məhz təhqirə görə buradayam. Əgər Mirzə müəllim dediyim sözləri təhqir kimi başa düşübsə, ondan 5 dəfə üzr istəyirəm.
Vəkil müvəkkilinin üzürünü qəbul etdi. Bundan sonra hakim ittihamı və əlaqəli sənədləri elan etdi. Sənədlərə görə, 1 mart hadisələrində R.Həbibova əmlakının dağıdılaraq yandırılmasından 205 min 204 manat, Quba Rayon İcra Hakimiyyətinə isə 10 min manat ziyan dəyib. Sərvin Çobanovun vəkili Absalam Məmmədov müvəkkilinin ekspertizadan keçirilməsini istədi. Vəsatətini belə əsaslandırdı:
– Zərərçəkən istintaqa ifadəsində yazır ki, ona qara saçlı, 165 boyu olan şəxs xəsarət yetirib. Ekspertiza təyin olunsun və Sərvinin saçının rəngi, boyu müəyyən olunsun.
Hakim təqsirləndirilən şəxsin gözünün qabağında olmasını əsas gətirib vəsatəti təmin etmədi:
– Bunu öyrənmək üçün xüsusi bilikli mütəxəssisə ehtiyac yoxdur.
Vəkil:
– Hökm çıxararkən bunu nəzərə alın.
Qeyd edək ki, S.Çobanov sarışın saçlıdır, boyu təxminən 1 metr 80 sm-dir. Hakim məhkəmə istintaqının yekunlaşdığını və çıxışlar mərhələsinin başlandığını elan etdi. Bu isə vəkillərin etirazına səbəb oldu.
Vəkil M.Əzizov:
– İttihamda yazırlar ki, video saxtalaşdırılıb. Belədirsə, bizə o videonu təqdim edin, baxaq. Çünki 1 dəqiqə 18 saniyəlik video işin içində yoxdur. Biz videonun ona görə işə əlavə olunmasını istəyirik ki, müdafiə nitqində həmin videoya istinad edəcəyik. Əgər həmin video yoxdursa, həmin video ilə əlaqəli epizodu ittihamdan xaric edin. Hakim vəsatətin əsaslandırılmasını istədi. Vəkil isə vəsatətin kifayət qədər əsaslı olduğunu söylədi:
– Vəsatətimi təmin edin, əgər çıxış saxtalaşdırılıbsa biz ittihamla razıyıq, belə deyilsə, Rauf Həbibov barədə cinayət işi başlanmasını tələb edəcəyik.
Hakim vəsatətin əsaslandırılmasında israr etdi. Vəkilin cavabı belə oldu:
– 2 X 2 =4 edir də…
– Fikrinizi “formulirovka” eləyin.
Vəkil qanuna istinad etməklə vəsatəti təkrarlasa da bu, hakimi qane etmədi. Buna görə vəkil ona vəsatəti yazması üçün vaxt verilməsini istədi. Hakim vəkilə vəsatəti yazmaq üçün vaxt vermədi. R.Həbibovun vəkili isə dedi ki, həmkarının tələb etdiyi video digər işdə var, buna görə də hazırkı işə əlavə olunmasına ehtiyac yoxdur:
– O videonun hazırkı cinayət işinə bağlılığı yoxdur. Burada əyləşənlər Rauf Həbibova ziyan vurub. Bu vəsatət 4 ay davam edən prosesin uzanmasına xidmət edir.
Dövlət ittihamçısı da vəsatətin rədd olunmasını istədi. M.Əzizov:
– Motivsiz cinayət olmur axı. Bu işdə motiv qubalıların təhqir olunmasıdır. Rauf Həbibov qubalıları təhqir etməsəydi kimsə gedib onun qapısına daş atardımı, möhtərəm hakim? Burada cavan insanların müqəddəratları həll olunur. Necə yəni həmin video əsas işdədir. Məgər bu iş qeyri-əsas işdir?
Hakim:
– Bu, sizə nə verəcək?
Vəkil:
– Bu hadisələr niyə baş verib? Bu camaat Rauf Həbibovun evinə niyə gedib? Bir misal var e… xoruzu yandırırlar. Biz razı, yandırın. Bəs yumurta hanı möhtərəm hakim?
Hakim:
– Vəsatət təmin olunmur.
Vəkil:
– Rauf Həbibov deyir ki, mən elə söz deməmişəm. Lap yaxşı. Videonu ortaya qoyun, baxaq görək kim yalan danışır?
Hakim bu vəsatəti də təmin etmədi. Vəkil isə ona vəsatətlərini yazılı təqdim etmək üçün vaxt verilməsini istədi. Dövlət ittihamçısı isə bildirdi ki, vəsatətlərin verilməsi üçün vəkillərin 4 ay vaxtı olub. Hakim vəkilin bu vəsatətini də təmin etmədi.
Vəkil:
– Bu 4 ayda məhkəmə dövlət ittihamçısının nazı ilə oynayıb.
Hakim:
– Vəsatətlər əsassız olduğundan təmin olunmur. Xahiş edirəm, bir-birimizə hörmətlə yanaşaq.
Bundan sonra hakim məhkəmə istintaqının sona çatdığını elan etdi və çıxış üçün sözü dövlət ittihamçısına verdi. Dövlət ittihamçısı F.Əbdurrəhmanovla S.Xanmədovun 6 il, A.Dənyalovun isə 5 il müddətinə; zamində olan S.Talıbovun, M.Dadaşovun, S.Çobanovun, S.Ələsgərovun və M.Zakirovun məhkəmə zalında həbs olunaraq barələrində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılmasını xahiş etdi. Bundan sonra olaylar zamanı xəsarət alan polis əməkdaşları çıxış etdilər. Onlar məhkəmədən qanuni və ədalətli hökmün çıxarılmasını xahiş etdilər. FHN nümayəndəsi Əzizağa Qasımov heç bir şikayətlərinin olmadığını hakimin diqqətinə çatdırdı. Quba RİH-in nümayəndəsi isə heç bir tələblərinin olmadığını, humanist hökmün çıxarılmasını xahiş etdi.
R.Həbibovun nümayəndəsi isə təmsil etdiyi şəxsə vurulmuş 205 min 204 manat ziyanın təqsirləndirilənlərdən müştərək qaydada tutularaq ödənilməsini məhkəmədən xahiş etdi. Bu zaman məhkəmə zalından “o qədər pul haradandı o harın üçün” nidası eşidildi. Bundan sonra hakim vəkillərə çıxışa hazırlaşmaq üçün 11 dekabr 12:00-a kimi vaxt verdi.
Prosesdən sonra məhkəmə binası qarşısında təqsirləndirilən şəxslərin yaxınları məhkəməyə etirazlarını bildirdi. Polis onları binanın qarşısından uzaqlaşdırdı.
Xatırladaq ki, bu il martın 1-də Qubada rayon camaatının ünvanına nalayiq ifadələr işlədən icra başçısı R.Həbibovun istefasına nail olmaq üçün minlərlə yerli sakin etiraz aksiyası keçirib. Ancaq aksiya sonradan nəzarətdən çıxaraq iğtişaşa çevrilib, icra başçısının imarətinə od vurularaq yandırılıb.
musavat.com