Medianews.az
“Sərhədsiz reportyorlar” WeFightCensorship.org veb-saytını işə salır
210 baxış

“Sərhədsiz reportyorlar” WeFightCensorship.org veb-saytını işə salır

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı WeFightCensorship.org (WeFC) adlı saytını işə salır.

Saytda senzuraya məruz qalmış və ya müəllifinə qarşı təqiblərə səbəb olmuş materiallar yerləşdiriləcək.

Saytın məqsədi senzuranın köhnəldiyini və gücsüz olduğunu sübut etməkdir. Bu, informasiya azadlığının müdafiəsini gücləndirmək təşəbbüsüdür, deyə SR-in Turan agentliyinə göndərilmiş məlumatında bildirilir.

WeFightCensorship saytında məqalələr, videolar, səs faylları, fotoşəkillər və s. fransız və ingilis dillərində təsviri ilə birlikdə yayımlanacaq. Sənədlər özləri isə orijinal dildə yerləşdiriləcək. Saytın filtrasiyası və ya bloklanması cəhdlərinin qarşısını almaq üçün versiyaları da yaradılacaq. 

“Biz göstərmək istəyirik ki, məqalə müəllifini həbsə atmaqla, qəzetin nüsxələrini ələ keçirməklə və ya saytı və ya videonu bloklamaqla, bu və ya digər ölkənin hakimiyyəti heç nəyə nail olmayacaq. Qadağan edilmiş materiallar daha çox və bütün dünyada nümayiş olunacaq”, deyə SR rəhbəri Kristof Delor bildirib.

 

Həm də sayta çıxışı olanlar materialları özləri, anonim olaraq yerləşdirə bilərlər ki, hakimiyyət onları cəzalandıra bilməsin, deyə o qeyd edib.

Sayt həmçinin “materialın saxlanmasına zəmanət verən proqram təminatı” (VPN), şifrələmə üçün proqram təminatı (TrueCrypt), on-line anonimləşdirmə metodları (Tor) və material müəlliflərinin avtoritar ölkələrdə özlərini müdafiə etməsini təmin edəcək digər alətlər təklif edəcək.

“Sərhədsiz reportyorlar” BMT və YUNESKO nəzdində məsləhətçi statusuna malik qeyri-hökumət təşkilatıdır.

Mərkəzi ofisi Parisdə yerləşir, Berlində, Brüsseldə, Cenevrədə, Madriddə, Nyu-Yorkda, Romada, Stokholmda, Tunisdə, Vyanada və Vaşinqtonda 10 beynəlxalq bürosu var. 150-dən çox SR müxbiri 5 qitədə işləyir. WeFC layihəsi Avropa İttifaqının və Paris meriyasının dəstəyi ilə həyata keçirilir. 

contact.az

Bizə qoşulun