Загрузка...

Belə bir klassik deyim var (müəllifi məlum deyil, amma görünür ki, bunu deyən ağıllı adam olub): “Evlənən də axırda peşman olur, evlənməyib subay qalan da, amma ən yaxşısı, evlənib peşman olmaqdır”.

Bu sözü ilk dəfə 23 il əvvəl eşitmişəm, amma yəqin ki, ondan da bir o qədər əvvəl, yəni “dünyanın düz vaxtı” kimi identifikasiya olunan dövrlərdə dilə gətirilmiş sözdür.

Hazırda bu məsələ çox aktuallaşıb. Hiss olunur ki, evlənib peşman olanların sayı daha çoxdur və bu heç də axırda yox, əvvəldə baş verib.

Məsələn, hər gün informasiya məkanındakı xəbərlər bülletenində belə başlıqlar görürük: “Ər arvadını baltaladı”; “Arvad ərini bıçaqladı”; “Kişi gənc xanımını vəhşicəsinə döydü”; “Hamilə qadın küçədə əri tərəfindən döyüldü”, “Təzə gəlin qoşulub qaçdı” və sair və ilaxır.

Adam bu xəbərləri oxuyur və o qənaətə gəlir ki, indiki durumda ailə qurmaq ağır və məsuliyyətli işdir, hətta qorxulu məsələdir.

Görünür, bu üzdəndir ki, ölkəmizdə son 27 il ərzində ilk dəfə olaraq, kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb. Yəni kişilərin nikaha girmək yaşı artıb, gec evlənməyə başlayıblar, ortalama 28,6 (28 yaş 6 ay) yaşda evlənirlər.

Təbii ki, hələ bu statistikanın ayıbını örtən məqam bəzi rayonlarda gənclərin əsgərlikdən gələn kimi özlərindən 2-3 yaş balaca bir qızı tələm-tələsik alıb evə atmalarıdır. Məhz onlar öz töhfələrini müvafiq statistikanın ortasına qoyur, onu aşağı salırlar. Yoxsa iri şəhərlərdə yaşayan əqidəli subaylara qalsa, kişilərin evlilik yaşı 35-ə dirənər.

Bu tendensiyanın səbəblərindən biri klassikdir: imkansızlıq. Özünü birtəhər saxlayan, əyninə zorla şalvar alan birisi məsuliyyətli olduğundandır ki, arvad saxlaya bilməyəcəyini anlayır və evlənmir.

Hərçənd məsuliyyətsiz adamlar da var, borc-xərc edib evlənirlər, bir aydan sonra bal, doşab, riçal bitir və təzə gəlin gündəlik tələbat malları tələb edəndə təzəbəy şilləni qoyur sevgili yarının püstə dodaqlarının üstünə, ala gözlərinin altına, deyir, köpəkqızı, burada supermarket işlədirəmmi?

Belə olanda da o cür gönüqalın təzəbəyin bəziləri təzə gəlinin qardaşları tərəfindən eşşək qədər çırpılır, bəziləri qayınanaları tərəfindən söyülür, qarğanır. Qızını götürüb ata evinə aparanlar və boşanma üçün məhkəməyə müraciət edənlər də olur. Bu cür evlilik münasibətlərinə razılaşanların bir qisminin sorağı isə üçüncü abzasda dediyimiz xəbər başlıqlarından gəlir.

Əvvəllər subay və yaşı keçən qohum-əqrəbalarına, dost-tanışlarına müdrik görkəmdə “yaşın keçir, subaylığın daşını at” deyənlər çox idi, baxardın ki, nəsildaxili ziyafətlərdə eyzən subay adamı qabaqlarına qoyub danlayırlar. Hətta ömürünün 3-cü onilliyini bitirən, 4-cünü xırdalamağa başlayan subay dirəşsəydi, arsız-arsız “subaylıq sutanlıqdır” desəydi, dərhal onun ağzının üstündən vurardılar ki, “ağıllı ol, subaylıq bir kişilik deyil”.

Ancaq indi anlayışlı ağsaqqalların sayı artıb, dirəşən subaylara belə deyirlər: “Özün bilən məsləhətdir, bala. Bir şey ki, evlənəndən sonra sıxıntıya girəcəyini bilirsən, camaatın qızını gətirib bədbəxt eləməyin mənası yoxdur”.

Əslində kişilərin gec evlənməsi faciə-zad deyil. Əksinə, bu səbəbdən ölkədə problemli ailələrin sayı azalırsa, belə yaxşıdır.

Elə inkişaf etmiş ölkələrdə də adamlar gec evlənirlər, çünki bir yerdə yaşamağın, ailə qurmağın məsuliyyətini anlayırlar.

Daha əvvəlki əyyam deyil. Nənələrimiz 16-17 yaşında ərə gedir, yaşları 30-a çatmamış çoxuşaqlı ana (ən azı 6 uşaq) olurdular, 40-da həm fiziki, həm də mental olaraq çökürdülər.

İndi əksəriyyət etibarilə nə o qədər tez ərə gedən var, nə də 6 qarın doğan. Camaat xeyli ağıllanıb. Başa düşürlər ki, 22-23 yaşda çiynini ailə yükünün altına vermək, sonra uşaq böyütmək, oxutmaq, ev-eşik etmək zırıltı işdir. Ona görə də bəribaşdan heç olmasa 5-6 il adam kimi yaşamaq, gün görmək istəyirlər.

Uzun sözün kəsəsi, ailə qurmaq da elmi yanaşma, texniki iqtisadi əsaslandırma tələb edən şeydir.