Mərkəzi Bankın əsas hədəfi: Birrəqəmli infliyasiya

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 14,7, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,8% yüksəlib.

Ötən ilin dekabr ayında noyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətlərində 3, o cümlədən ərzaq məhsullarının qiymətlərində 4,1, qeyri-ərzaq məhsullarının qiymətlərində 2,2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində isə 2,4% artım olub.

Beləliklə də, ötən il ərzində ölkəmizdə istehlak qiymətlərinin indeksi əvvəldən də gözlənildiyi kimi, yüksək olub. Məlumdur ki, istehlak qiymətləri indeksi ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçü vahidi sayılır. Və bu ölçü vahidi sayəsində inflyasiya dərəcəsi tapılır. İstehlak qiymətləri indeksi alıcı kütləsinin istehlak səbətinə daxil olan məhsul və xidmətlərin ümumi qiymət dinamikasını müəyyən edir.

2016-cı ildə demək olar, hər şeyin qiyməti yüksəldi. Ümumiyyətlə, keçən il iqtisadi cəhətdən çox ağır il oldu. Ancaq, Prezident İlham Əliyevin 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin bu ayın 10-da keçirilən iclasında da qeyd etdiyi kimi, ötən il həm də iqtisadi islahatlar ili oldu, iqtisadi sahədə çox önəmli addımlar atıldı. Yəni, demək istədiyim budur ki, əgər, müvafiq addımlar atılmasa idi, qiymətlər daha çox yüksələ bilərdi.

Qeyd edim ki, ölkəmizdə neft hasilatının ən pik dövrü sayılan 2010-cu il ərzində inflyasiya 5,7, 2011-ci ildə 7,9, 2012-ci ildə 1,1, 2013-cü ildə 2,4, 2014-cü ildə 1,4, keçən il isə 4% təşkil edib. Yəni, birrəqəmli səviyyədə olub. Halbuki, göstərilən illərdə Mərkəzi Bankın (AMB) mərkəzi kredit resursları üzrə qiymət səviyyəsini müəyyən edən uçot dərəcəsi 2010-cu ilin oktyabrın 31-dək 2%, 2011-ci ilin fevralın 28-dən 5, mayın 5-dən isə 5,25, 2012-ci ilin dekabrın 10-dan yenidən 5, 2013-cü ilin fevralın 11-dən 4,75, 2014-cü ilin mayın 1-dən isə 4,25, həmin ilin iyulun 30-dan 3,5, 2015-ci ilin iyulun 13-ü tarixdən 3% təşkil edirdisə, keçən ilin fevral ayının 15-dən 5, avqustun 8-dən 9,5, sentyabrın 14-dən isə 15% səviyyəsində müəyyən edilib. Yəni, pul-kredit siyasəti sərtləşdirildiyi halda, inflyasiya göstəricisi azalmaq əvəzinə yüksəlib.

Ona görə də, əvvəlki şərhlərimin birində də yazdığım kimi, qeyd olunan ümumi infliyasiya səviyyəsi bizdə əslində, iqtisadiyyatı idarəetmə vasitələrinin normal işləmədiyini göstərir. Yəni, ölkəyə xarici valyuta axdığı, tədiyyə balansında müsbət saldo hökm sürdüyü, AMB-nin uçot dərəcəsinin təkrəqəmli olduğu və bunun müqabilində iqtisadi aktivlik müşahidə edildiyi zamanda illik istehlak qiymətləri indeksi birrəqəmli səviyyədə təşkil etdiyi halda, dollar çatışmadığı, tədiyyə balansında disbalans, AMB-in uçot dərəcəsi 15% və heç bir iqtisadi aktivlik müşahidə olunmadığı halda ikirəqəmli inflyasiya qeydə alınır.

Deməli, bu, bilavasitə manatın ucuzlaşması nəticəsi olub. 2016-cı il ərzində də 12%-dən çox inflyasiya məhz manatın ABŞ dolları qarşısında il ərzində 15%-ə yaxın ucuzlaşması nəticəsində yaranıb. Başqa sözlə desəm, inflyasiya bilavasitə idxal ilə bağlı baş verib. Və bu, daxili valyuta bazarında mövcud vəziyyətin necə təhlükəli xarakter daşıdığını göstərirdi. Nəzərə almaq lazımdır ki, daxili bazarda proseslər hələ idarəolunan üzən məzənnə rejimi əsasında tənzimlənir. Yəni, sərbəst buraxılsa idi, infliyasiya ümumiyyətlə, yüksək ola bilərdi.

Yeri gəlmişkən, 2016-cı il ərzində inflyasiyanın 12% ətrafında təşkil edəcəyini hökumət əvvəldən bildirmişdi. Odur ki, 2017-ci ilə dair şərhlərimdə yazmışam ki, cari il üçün hökumətin nail olmaq istəyəcəyi əsas hədəf də məhz inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdən ibarət olacaq. Və bu, 2017-ci ildə ölkəmiz üçün əsas makroiqtisadi göstərici sayılacaq.

O ki qaldı proqnoza, 2017-ci il üçün rəsmi olaraq 7,3% inflyasiya səviyyəsi nəzərdə tutulub; qeyd etdiyimiz iclasda Prezident İlham Əliyev də bəyan etdi ki, inflyasiya birrəqəmli səviyyədə qalmalıdır.

Cari il üçün AMB-in nail olmaq istəyəcəyi əsas hədəf də inflyasiyanı məhz birrəqəmli səviyyəyə endirməkdən ibarət olacaq. Və bu, 2017-ci ildə ölkəmiz üçün təkrar edirik ki, əsas makroiqtisadi göstərici sayılacaq. Belə ki, əgər, onun yüksəlməsi qarşısını saxlamaq mümkün olarsa, demək, vəziyyət yaxşı olacaq. Yox, əgər, nəzarətdən çıxarsa, ilk növbədə AMB pis vəziyyətdə qalacaq.

Yeri gəlmişkən, bütövlükdə ölkədə bank sektorunda normallaşma prosesi də məhz buna bağlı məsələdir. Yəni, AMB-in 2017-ci il ərzində həyata keçirəcəyi pul siyasətinin bütün istiqamətlər üzrə əsas məğzi bundan ibarətdir.

AMB-in 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqda Bəyanatında da qeyd edilib ki, əlverişsiz qlobal iqtisadi konyunktur və iqtisadiyyatın struktur transformasiyası şəraitində makroiqtisadi sabitliyin təmin edilməsi 2017-ci ildə Mərkəzi Bankın qarşısında duran ən mühüm vəzifə təşkil edəcək. Bu da ondan irəli gəlir ki, makroiqtisadi sabitlik iqtisadi artımın bərpa olunması, iqtisadiyyatın yeni artım və inkişaf modelinə keçirilməsinin bazis şərtini təşkil edir.

Vəziyyət isə belədir: neftin dünya bazar qiymətləri sarıdan vəziyyət pis deyil və bu sahədə vəziyyət belə davam edərsə, ölkə daxilində iqtisadi proseslər sabitləşəcək. Başqa sözlə, inflyasiya cilovlanacaq!

Pərviz Heydərov
AzVision.az