“ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk Qrupunun həmsədri Keri Kavanonun Bakıda 2000-ci ildə mərhum dövlət başçısı Heydər Əliyevə Ağdam Cümə məscidinə aid olan daş parçası təqdim edərkən dediyi sözlər diqqətimi çəkib. “Bu, bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir”, – deyən amerikalı diplomat sözlərini bu cümlə ilə yekunlaşdırmışdı: “Ümid edirik ki, o böyük məscidin özü geri qaytarılacaq”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Bakıdakı görüşdən bir il sonra Kerri Kavano ABŞ-nin Florida ştatının Ki-Uest şəhərciyində Azərbaycan Prezidenti Heydər Əliyevlə Ermənistanın o zamankı prezidenti Robert Köçəryan arasında görüş təşkil edib.
Politoloqun sözlərinə görə, həmin görüşün ilk günündə ABŞ-nin o zamankı dövlət katibi Kolin Pauel də iştirak edib: “Müzakirələr 4 gün çəkdi və Kerri Kavano əlində gələni etdi ki, Ki-Uestdə razılaşma əldə edilsin. Ancaq Köçəryanın razılaşdığı həll planına Heydər Əliyev qətiyyətlə “yox” dedi. Bunun doğru qərar olduğu 19 il sonra İkinci Qarabağ müharibəsiylə təsdiq olundu. O zaman bizdən faktiki olaraq, Qarabağın Laçınla birlikdə Ermənistana birləşdirilməsinə, ya da müstəqilliyə yaxın statusa razılaşmağımızı istəyirdilər. Zamana ehtiyacımız var idi. Vaşinqton Ki-Uestdə müsbət nəticəyə ümid edirdi. Ona görə də müzakirələrin müddəti 4 gün nəzərdə tutulmuşdu. Vaşinqton Bosniya münaqişəsiylə bağlı 1995-ci il Deyton razılaşmasına bənzərinin 6 il sonra Ki-Uetsdə əldə olunacağına ümidli idi. Ancaq amerikalı diplomatlar Deytonda tərəflərə təzyiq etmiş və sülh planını zorla qəbul etdirmişdilər. Ki-Uestdə isə bunu zorla həyata keçirmək mümkün deyildi. Birincisi, bu halda Minsk Qrupuna ehtiyac qalmazdı, ikincisi bölgədə atəşkəs rejimi hökm sürürdü”.
E.Şahinoğlu vurğulayıb ki, Ki-Uestin nəticəsiz qalması Kerri Kavanonun sonrakı diplomatik karyerasına da təsir edib: “O, 2006-cı ildən təhsil sahəsinə keçdi. Kavanonun hazırladığı plan yararsız olduğu kimi onun İkinci Qarabağ müharibəsinin mümkün gedişi barədəki proqnozları da səhv çıxdı. O müharibə günlərində deyirdi ki, böyük dövlətlər Qarabağı Azərbaycanın nəzarətinə keçməsinə imkan verməyəcəklər. Kavano mərhum dövlət başçısı Heydər Əliyevə Ağdam Cümə məscidindən daş gətirərkən gələcəyi proqnozlaşdıra bilməmişdi. O hadisələri doğru proqnozlaşdıra bilsəydi, Şuşa məscidindən də daş gətirib “ümid edirik ki, o böyük məscidin özü geri qaytarılacaq”, – ifadəsini bu məscidimiz üçün də deməliydi. Kavanonun ümidi yalnız Ağdam məscidinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlıydı. Halbuki bu gün Qarabağın tamamı və bu bölgədəki bütün məscidlər nəzarətimizdədir”.
Vüqar MƏMMƏDOV