“Ermənistan Cənubi Qafqazda davamlı sülhə nail olmaq məqsədinə yönəlmiş vasitəçilik səylərini, danışıqlar platformalarını nəzərdən keçirir və bunun tərəfdarıdır”.
Medianews.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
“Qazaxıstan tərəfinin təklifi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mümkün görüşünün tarixi barədə razılıq əldə olunan kimi məlumat verəcəyik. Fundamental prinsiplər və qarşılıqlı razılaşdırılmış sənədlərin reallaşması, o cümlədən iki ölkənin 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması və delimitasiya prosesinin aparılması önəmlidir”, – o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev bundan əvvəl Azərbaycanın Qazaxıstandan belə bir təklif aldığını və bu platformada Ermənistanla görüşə razı olduğunu açıqlayıb.
Ayşən