Rusiya Federasiyasının Smolensk vilayətində neft emalı zavoduna aprelin 24-də pilotsuz uçuş aparatı (PUA) hücumu olub. Vilayətin qubernatoru Vasili Anoxinin məlumatına görə, ilk partlayış yerli vaxtla saat 3:15-də Razdoro kəndi yaxınlığındakı neft bazası ərazisində – Smolensk şəhərindən 20 kilometr aralıda olub. Təxminən 15 dəqiqə sonra daha bir partlayış səsi eşidilib. Bundan sonra sənaye obyekti alovlara bürünüb. Saat 4 radələrində daha bir neçə partlayış olub.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə qədər federasiya ərazisindəki neft email zavodlarına bir neçə dəfə hücum olub. Belə ki, müxtəlif vaxtlarda Rusiyanın Rostov vilayətinin Novoşaxtinski məntəqəsindəki Neft Emalı Zavoduna, Krasnodar vilayətində İlskı və Afipski Neft Emalı Zavodlarına, Ryazan vilayətindəki Neft Emalı Zavoduna, təxminən bir ay əvvəl Samara vilayətinin Novokuybışevsk şəhərindəki Neft Emalı Zavoduna PUA hücumları olub. Rusiyanın Nijni Novqorod vilayətindəki “Lukoil” neft emalı zavodu isə ötən ay PUA hücumlarından sonra fəaliyyətini dayandırıb.
Bütün bu hücumlar Rusiya neft emalı sənayesinə, ölkənin neft və neft məhsulları ixracına, daxili bazarda tələbatın ödənməsinə, ümumən dünya neft bazarına necə təsir edir?
Mövzu ilə bağlı Medianews.az-ın suallarını cavablandıran Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Rusiyanın yanacaq və emal kompleksinə qarşı edilən mütəmadi hücumlar ölkədə emalın stabilliyini pozmaq məqsədi güdür.
İqtisadçı-ekspertin sözlərinə görə, bu, cari ilin əvvəlindən başlayaraq, martın 12-dən etibarən daha intensiv xarakter daşıyır: “Aprelin əvvəlinə Rusiyanın neft emalında 9%-dən 11%-ə qədər azalma müşahidə edilir. Ən böyük hücum “Lukoil”in neftayırma zavoduna qarşı həyata keçirildi. Onun yenidən bərpa etmək üçün 3-4 ay vaxt gərəkdir. Bunun vaxtından əvvəl bitəcəyini desələr də qeyd etdiyim kimi, emal sənayesinin stabil fəaliyyətini pozur. Nəticədə bu, təchizata da təsir edir. Bu baxımdan Rusiya hökuməti neft məhsullarının ölkədən kənara çıxarılmasına müəyyən limit və qadağaların tətbiqi ilə bağlı qərar qəbul edib. 2022-ci il Rusiyanın Ukraynaya başlatdığı müharibədən sonra ölkəyə qarşı sanksiyalar artıq 18 000 maddəni keçib. Müqayisə üçün qeyd edim ki, maddələr İranda 40 il ərzində 4 000 olub. Ortaya çıxan fərq Rusiya iqtisadiyyatına nə qədər güclü zərbələr endirildiyini göstərir”.
İ.Şaban hesab edir ki, Rusiyaya göstərilən təzyiqlər nəticədə dünya enerji bazarında qiymətlərin artması ilə müşahidə ediləcək: “Qadağalar ölkənin rifahına təsir edir. Xüsusən də neft-qaz sənayesinin əvvəlkindən daha aşağı tempdə işləməsinə səbəb olur. Məqsəd Rusiyanı Ukrayna ilə danışıqlara getməyə və onun ərazi bütövlüyünə qarşı olan iddialardan geri çəkilməyə sövq etməkdir. Qərb buna nail olacaqmı? Bunu artıq müharibənin yekunu göstərəcək. Aydındır ki, cari ildə hər hansı bir yekunla bağlı proqnoz yoxdur. Bu, enerji bazarlarına təzyiq göstərəcək və nəticə qiymətlərdə ifadə olunacaq”.
Ayşən RƏHİM