“Ukraynaya qarşı başladılan işğalçı savaş Rusiyanın daxilinə keçir. Özü də təkcə Belqorod, Kursk küçələrinə yox, həm də Kreml kabinetlərinə. Müdafiə nazirinin müavini Timur İvanovun FTX (FSB) tərəfindən “korrupsiya” ittihamı ilə həbsi Yeltsin klanının təmsilçisi olan Serqey Şoyqunun baş nazir postuna iddiasını bitirə bilər”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Ərəstun Oruclu bildirib.
O qeyd edib ki, qarşı tərəfin (Təhlükəsizlik Şurası-TŞ və FSB) həmin posta öz nümayəndəsini gətirmək şansları artacaq.
Politoloqun qənaətincə, kollektiv mövqedən çıxış edən TŞ-FSB-SVR (Xarici Kəşfiyyat Xidməti) koalisiyası öz namizədini irəli sürəcək: “Bir çoxları həmin posta Nikolay Patruşevin nazir oğlunun namizəd olacağını bildirir. Amma kimin namizəd olacağı (Nikolay Patruşevin özü də daxil) elə də önəmli deyil. Çünki post-Putin Rusiyası hər bir halda ya xüsusi xidmət orqanları, ya da ordu tərəfindən idarə olunacaq. İvanovun həbsindən sonra ikincilərin şansları xeyli azalsa da ordu ordudur və onun əlində hərbi güc kimi çox ciddi bir “arqument” var. Görünür, elə həmin səbəbdən də bu ərəfədə Kadırovun qulduru, “Axmat” xüsusi təyinatlılarının komandiri Apti Aluiddinovu müdafiə nazirliyində yüksək siyasi vəzifəyə gətirdilər. Bəzi Rusiya ekspertləri onun gələcəkdə Kadırovun davamçısı kimi həmin vəzifəyə gətirildiyini iddia etsə də, əslində sxem başqa cür də ola bilər”.
Ə.Oruclu söyləyib ki, qiyamçı “Vaqnerin” qalıqlarının xeyli hissəsi “Axmatın” tərkibinə daxil edildikdən sonra növbəti addım kimi “Axmat” dəstəsinin özünün hər hansı şəkildə Rusiya müdafiə nazirliyinə inteqrasiyası baş verə bilər: “Bu baş verərsə, nəticədə Alauiddinov müdafiə nazirliyinin daxilində öz hərbi gücü ilə birlikdə təmsil olunacaq. Bununla da iki məsələ bir addımla həll edilmiş olur. Birincisi, potensial qiyam mənbəyi olan Çeçenistan (xüsusilə də Kadırovun səhhətində problemlər olduğu deyildiyi dönəmdə) faktiki müstəqil hərbiləşdirilmiş gücdən məhrum edilir. İkincisi, “Axmat” siyasi opponent olan Müdafiə Nazirliyi generallarına qarşı qoyulur. Amma Rusiya ordusunu da kiçiltmək yanlış olardı. Hər bir halda bir təyinat və bir həbslə Rusiya daxili çəkişmələrin açıq mərhələsinə qədəm qoydu. İndi hər şey hansı tərəfin daha qətiyyətli addım atacağından asılı olacaq. Mahiyyət etibarilə isə heç nə dəyişməyəcək. Çünki Rusiya yalnız formaca dəyişə bilər”.
Ayşən RƏHİM